Azərbaycan Alban-Udi xristian dini icması Ermənist...
14:59 18.09.2026
0
0
0
NAXÇIVAN :
18 Sentyabr 2026, Cümə
Şəhərlərin yaddaşı yalnız qədim daşlarda, susmuş divarlarda yaşamır. Bəzən bir pəncərədən küçəyə süzülən köhnə akkord illərin sükutunu pozur, unudulmuş bir dövrün nəfəsini bu günə daşıyır. O səsdə nəinki musiqi, hətta bir şəhərin keçmişi, yaşanmış ömürlər və zamanın yaddaşında iz salmış hekayələr də yaşayır.
Xəyalən ötən əsrin 30-cu illərinin sonuna, Naxçıvanın sakit, günəşli küçələrinə addımlayaq. Küçələrdən fayton təkərlərinin səsi gəlir, torpaq yollardan ucalan xəfif toz dumanı Günəş şüalarında bərq vurur. Məhz həmin illərdə bu qədim diyarın mənəvi həyatında tamamilə yeni, zərif bir səhifə açılır. İnsanların addımlarını yavaşladıb maraqla boylandıqları bir binanın pəncərəsindən ilk dəfə piano dillərinin, skripka simlərinin sehri yayılmağa başlayır. Bura Naxçıvanın ilk musiqi məktəbidir. Musiqinin Naxçıvanda təhsil dili ilə danışmağa başladığı, sənətə ilk addımların atıldığı müqəddəs ocaq.
Həmin dövrdə bu məktəbin qapısından içəri keçmək başqa bir aləmə, incəsənətin sehrli dünyasına qədəm qoymaq demək idi. Bu divarlar arasında neçə-neçə nəslin ilk musiqi səsləri eşidilib… Dəhlizlərdə əks-səda verən ilk qamma səsləri, muğamın zərif guşələri ilə klassik bəstəkarların əsərlərinin qovuşduğu o unikal ab-hava şəhərin mədəniyyət ritmini kökündən dəyişirdi. Məktəbin otaqlarından ucalan səslər şagirdlərlə yanaşı, bu şəhərdə yaşayan hər bir insanın ruhuna incə bir nəqş salırdı.
İllər keçdikcə bu məktəb yalnız notların öyrədildiyi bir ünvan olmaqdan çıxaraq Hüseyn Cavid ocağının sənətə uzanan işığının yaşadığı məkanlardan birinə çevrildi. Ərtoğrol Cavidin yarımçıq qalmış, amma zamanın yaddaşında əbədiləşən musiqi arzuları sanki bu divarlar arasında özünə sığınacaq tapdı. Onun adı məktəbin yaddaşına həkk olunduqca, hər bir küncündə sənətin, xatirənin və yarımçıq qalmış bir ömrün nəfəsi duyulmağa başladı.
Vaxtın amansız axınında neçə-neçə nəsil dəyişdi, neçə-neçə kiçik əl ilk dəfə burada tarlara, kamançalara, piano dillərinə toxundu. O uşaqların bir çoxu sonralar böyük səhnələri fəth etdi, musiqi dünyasında öz izini qoydu. Lakin hamısının yaddaşında eyni xatirə yaşadı. Naxçıvanın o ilk musiqi məktəbinin pilləkənləri ilə qalxarkən duyduqları həyəcan və qəlb döyüntüsü.
Bu gün də həmin məktəbin yanından keçərkən bir anlıq dayanıb qulaq assanız, burada səslənən melodiyalarda təkcə bugünkü şagirdlərin ifasını deyil, illərin dərinliyindən gələn tanış bir musiqi ruhunu da hiss edə bilərsiniz. Zaman dəyişir, şəhər yenilənir, nəsillər bir-birini əvəz edir. Amma Ərtoğrol Cavid adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin divarları arasında illər əvvəl yaranan musiqi nəfəsi bu gün də yaşayır. Bura Naxçıvanın musiqi yaddaşını göz bəbəyi kimi qoruyan, keçmişlə gələcək arasında zərif musiqi körpüsü salan canlı tarixdir.
Elnurə CƏFƏROVA
Digər xəbərlər