NAXÇIVAN :

22 Iyun 2025, Bazar

Bu texnologiyadan bir alət kimi istifadə edə bilirəm, yoxsa mən onun alətinə çevrilirəm?

...

Dünyaşöhrətli fizik Albert Eynşteyn yazırdı: “Bəşəriyyətin gələcəyi elmin, texnikanın inkişafından daha çox bu inkişafın nailiyyətlərindən hansı məqsədlə istifadə olunmasından ibarətdir”. Bu fikirlər günümüzdə texnologiyanın insan həyatına təsirini qiymətləndirmək baxımından, xüsusilə aktuallıq kəsb edir. Doğrudan da, texnologiya insanlıq üçün saysız-hesabsız imkanlar yaradıb, istər ünsiyyət, istər təhsil, istərsə də səhiyyə sahəsində. Lakin bu imkanlardan necə və hansı məqsədlə istifadə edilməsi cəmiyyətin birliyini həm  möhkəmləndirə, həm də parçalaya bilər.

Müasir texnologiyaların həyatımızın tərkib hissəsinə çevrildiyini vurğulamağa ehtiyac yoxdur. Bu sahə o qədər inkişaf edib ki, artıq texnologiyanın insanları birləşdirdiyini, yoxsa ayırdığını anlamaqda çətinlik çəkirik.

Bəşəriyyət tarixboyu ünsiyyət vasitələrini təkmilləşdirməyə çalışıb. Məktubdan teleqrafa, telefondan internetə keçən bu yolun məqsədi insanları bir-birinə daha yaxın etmək olub. Bu gün bir kliklə minlərlə kilometr uzaqda olan yaxınlarımızla əlaqə qurmaq çox asandır. Ailələr videozənglərlə görüşür, dostlar sosial şəbəkələrdə illər sonra yenidən qarşılaşır. Ancaq bu “əlaqə” real münasibətlərin yerini tuta bilir, ya yox? Bu artıq bizim üçün ciddi sualdır.

Texnologiyanın insan həyatına təsiri həm müsbət, həm də mənfi istiqamətlərdə özünü göstərir. Bu təsirləri daha ətraflı nəzərdən keçirsək, texnologiyanın bizə qazandırdıqları və eyni zamanda qarşımıza çıxardığı problemlər aydın şəkildə üzə çıxır.

İnsanlar bir masa ətrafında əyləşərkən belə gözləri telefon ekranında olur. Hər kəs bir-birinin əvəzinə paylaşımları izləyir, gündəlik xəbərləri telefon vasitəsilə öyrənir. Bu isə yaxınlaşma deyil, əksinə, uzaqlaşmadır. Sosial şəbəkələr, mobil proqramlar bizi görünüşdə birləşdirsə də, əslində, insanı insandan daha da uzaqlaşdırır. Söhbətlər azalır, göz kontaktı unudulur, emosional yaxınlıq isə yavaş-yavaş solur. 

Rəqəmsal ünsiyyət real duyğuları əvəz edə bilmir. Bir mesajda yazılmış xoş bir söz real həyatda tutulan bir əl baxılan bir gözlə eyni deyil. Mimika, səs tonu, toxunuş – bunların heç biri ekranda hiss olunmur. Əvəzində isə insanlar daha çox səhv anlaşılır, münasibətlər səthiləşir və soyuqlaşır. Artıq münasibət qurmaq asan, davam etdirmək isə çətinləşib. Çünki səbir, diqqət və anlayış kimi dəyərlər virtual dünyada kölgədə qalır. 

Texnologiyanın sürətli inkişafı təkcə şəxsi münasibətlərə deyil, ailə institutuna da təsir göstərir. Valideyn və övlad arasında olan bağ zəifləyir. Uşaqlar ekran qarşısında böyüyür, oyunları həyatda deyil, virtual məkanda oynayır. Ailədə hər kəs telefonuna baxır, birlikdə keçirilən vaxtın sayı azalır. Sakitlik içindəki bu səssizlik isə elə təhlükənin özüdür. Çünki bu hal tədricən insanın sosial tənhalığa yuvarlanması deməkdir.

Bununla yanaşı, xüsusi qeyd etmək olar ki, texnologiyanın, sadəcə, mənfi yox, müsbət imkanları da çox genişdir. Distant təhsil, onlayn iş imkanları, beynəlxalq əlaqələrin qurulması texnologiyanın müsbət tərəfləridir. Əgər düzgün istifadə olunarsa, bu vasitələr insan həyatını asanlaşdırır, inkişaf etdirir, yeni imkanlar təqdim edir. Amma əsas məsələ məhz düzgün istifadədədir. Texnologiyadan nə üçün və necə istifadə etdiyimizi bilməliyik. Əgər bu vasitələr bizi insanlarla birləşdirirsə, əlbəttə ki, onlardan faydalanmaq olar. Yox, əgər bizi özümüzdən belə uzaqlaşdırırsa, demək ki, o zaman zərər verir.

Müasir dövrdə sosial media, bəzən “sosial təcrid” alətinə çevrilir. İnsanlar günlərlə evdən çıxmadan başqalarının həyatını izləyir, öz həyatını isə unudur. Paylaşılan süni mükəmməlliklər, filtrlənmiş fotolar, xoşbəxt görünmək üçün göstərilən cəhdlər. Lakin bunlar həqiqi münasibətləri əvəz etmir. Əslində, bir çox insanın depressiya, narahatlıq, özgüvənsizlik kimi problemlərinin səbəblərindən biri də elə bu təzyiqlərdir.

Hər kəs “daha yaxşı görünmək” uğrunda yarışır, amma daxildə isə yalnızlıq artır. 

Günümüzün uşaqları texnologiya ilə doğulub böyüyür. Onlar real həyatı virtual dünya kimi qəbul etməyə başlayır. Onlar üçün dost – ekrandakı profil, oyun – telefon proqramı, ünsiyyət – mesajdır. Bu isə gələcəkdə onların real həyatda münasibət qurmaq, empatiya göstərmək, birgə fəaliyyət bacarıqlarına ciddi təsir göstərə bilər. Valideynlər və müəllimlər bu məsələdə xüsusi həssaslıq göstərməyə çalışmalıdır. Çünki texnologiya həm tərbiyə vasitəsidir, həm də təhlükə. Onu idarə etməyi öyrənmədikcə, texnologiya bizi idarə edəcək.

Bu gün texnologiya bizim gündəlik həyatımızın bir parçasına çevrilib. Biz nəinki telefonla yatıb dururuq, hətta bəzən oradakı məlumatlara, xəbərlərə real həyatdan daha çox inanırıq. Bu isə informasiya xaosuna gətirib çıxarır. İnsan nəyin doğru, nəyin yanlış olduğunu ayırd edə bilmir. Texnologiya ilə birlikdə informasiya savadlılığı, tənqidi düşüncə və rəqəmsal etikaya da sahib olmaq vacibdir. Əks halda, insan informasiya qurbanına çevrilə bilər.

Texnologiya bizi həm birləşdirir, həm də ayırır. Bu paradoksal vəziyyətin həlli insanın öz əlindədir. Əgər texnologiyaya xidmətçi yox, sahib olaraq yanaşsaq, onun müsbət tərəflərini həyatımıza daxil edə bilərik. Amma texnologiyanı həyatımızın mərkəzinə qoysaq, münasibətlərimizi, hislərimizi və sonda özümüzü  itirə bilərik. Hər bir insan texnologiyanın imkanlarından istifadə edərkən sual verməlidir: “Bu texnologiyadan bir alət kimi istifadə edə bilirəm, yoxsa mən onun alətinə çevrilirəm ?” 

Texnologiya bir vasitədir. Ondan necə istifadə etmək isə bizim seçimimizdir. Seçimimiz münasibətləri qoruyub inkişaf etdirmək, insanlarla birgə olmaq və özümüzlə barışıq içində yaşamaqdırsa, texnologiya bizim köməkçimizə çevriləcək. Əks halda isə o, səssiz  ayrılığın, təkliyin və soyuqluğun adı olacaq. Texnologiya nə qədər inkişaf etsə də, bir baxışın istiliyini, bir sözün təsəllisini, bir qucağın güvənini əvəz edə bilməz. İnsanı insan edən texnologiya deyil, empatiyadır, anlayışdır, diqqətdir.  Əgər biz texnologiyaya nəzarət etməyi bacarsaq, o zaman bizi birləşdirən körpüyə çevrilər. Əks halda, bu körpü sükutun, yalnızlığın və yadlaşmanın keçidi olar.

         Elnurə CƏFƏROVA

Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə III kurs tələbəsi

Nəşr edilib : 18.06.2025 11:25