NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Bu qədim diyar ölkəmizə çox dəyərli alimlər bəxş etmişdir

...

Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev: “Mən 34 ildən çoxdur ki, Almaniyada yaşayıram. Burada Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri kimi iştirak edirəm. Azərbaycanın qədim, gözəl məkanı olan Naxçıvanda ilk dəfədir, oluram. Buraya gəlişim məni çox xoşbəxt etdi. Qeyd edim ki, burada çox gözəl, yaddaqalan görüşlərim oldu. Naxçıvana gəlişimin səbəbləri ondan ibarətdir ki, bu il Bakıda 8-12 sentyabr tarixlərdə Dünya Azərbaycanlı Alimlərin, yəni xaricdə yaşayan azərbaycanlı alimlərin birinci forumunu keçirdik. Ölkə başçısı Prezident cənab İlham Əliyev həmin foruma təbrik məktubu göndərdi. Bu isə həmin foruma olan diqqət idi. Azərbaycanın aparıcı universitetlərinin rektorları forumda iştirak edirdi. Orada iki panel rektorlara ayrılmışdı. Panellərdən birinin moderatoru mən idim. Xüsusi vurğulayım ki, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin çıxışı, vizyonları məni çox maraqlandırdı. Çıxışlar qurtardıqdan sonra mən özüm yaxınlaşdım hörmətli rektora və dedim ki, vizyonlarınız çox diqqətimi çəkdi. Bunları həyata keçirmək lazımdır. Şəxsi təşəbbüsüm olaraq dedim ki, Naxçıvana gəlib, sizin dediklərinizi öz gözlərimlə görmək istəyirəm. Məqsədim isə Dünya Azərbaycanlı Alimlər ilə Naxçıvan Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlığı həyata keçirməkdən ötrü hansı işlər görməli olduğumuzu müzakirə etməlidi.

Bu qədim diyar ölkəmizə çox dəyərli alimlər bəxş etmişdir. Naxçıvana gəlişimin əsas səbəblərindən biri də bu idi. Həmin alimlər, həqiqətən də, Azərbaycanın taleyüklü məsələlərində elm ilə bağlı çox böyük işlər görüblər. Elə dəyərli şəxsiyyətlərin doğulduğu yeri öz gözlərimlə görmək mənim üçün çox vacib idi. İki gündür ki, artıq Naxçıvandayam. Bizim Dünya Azərbaycanlı Alimlər Forumunun idarə heyətinin planlaşdırdığı işlər barədə fikir mübadiləsi apardıq. Ən çox xoşuma gələn hadisə isə Naxçıvan Dövlət Universitetinə gələn zaman ilk olaraq məni elm ocağının kitabxanasına aparmaqları oldu. Düşünürəm bu müəyyən bir simvoldur. Yanaşma tərzi aparıcı universitetlərə xas olan bir cəhət idi. Sonra isə müəllim və tələbə heyəti, şagirdlərlə görüşüm oldu. O cümlədən AMEA Naxçıvan Bölməsində də görüşlərim təşkil olundu.

 Almaniyada olarkən Elbrus müəllimə demişdim ki, orada olarkən tələbələrlə yanaşı şagirdlərlə də ünsiyyətim olsun, onlarla görüşmək istəyirəm. Onlar bizim gələcəyimizdir. Şagirdlərin gələcək təhsili üçün hansı məqamlara toxunmaq lazımdır? Bunların hər biri mənə maraqlı idi və öyrənmək istəyirdim. Qeyd edim ki, çox xoşuma gəldi burada 4-cü, 5-ci sinif şagirdləri ilə xarici dildə özüm ünsiyyətdə oldum.

Zənnimcə birbaşa ünsiyyət düzgün həm də mənalıdır. Bütün informasiyaları müəllimlərdən deyil, birbaşa şagirdlərdən almaq istəyirdim. Hətta mənə Naxçıvanda olan Qızlar Liseyi də xoş təsir bağışladı. Azərbaycanın qədim adət-ənənələrinin qorunması və oradakı sərgiləri müsbət qiymətləndirirəm. Ümumilikdə, burada olmağımdan çox məmnunluq duyuram.

Düşünürəm ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Dövlət Universiteti görüşümüzdən müsbət fikirdə oldular. Bizim dünyanın hər yerinə səpələnmiş 257-yə yaxın üzvümüz olan azərbaycanlı alimlər var. Ümumilikdə, belə planlaşdırdıq ki, hər il mən və Dünya Azərbaycanlı Alimlər Birliyinin üzvləri ilə təkcə Bakıda deyil, regionlarda görüşlər keçirib əlaqələrimizi intensivləşdirək. Bu baxımdan gələcəkdə yenidən görüşmək ümidi ilə gedirəm”.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 18.12.2024 17:30