NAXÇIVAN :

22 Yanvar 2025, Çərşənbə

Bu gün “Naxçıvan yadigarı” müəllifinin doğum günüdür

...

1892-ci il yanvar ayının 22-də Naxçıvan şəhərində dünyaya göz açan Bəhruz bəy Kəngərli XX əsr Azərbaycan rəsm sənətinin görkəmli nümayəndələrindən biridir. Kəngərlilər nəslinin nümayəndəsi olan rəssam rəngkarlıq sənətində akademik rəsm üslubunda işləyərək Azərbaycan təsviri sənətində realist portret və mənzərə yaradıcılığının əsasını qoymuşdur. Bununla yanaşı, Bəhruz bəy Kəngərli teatr rəssamlığı, qrafikanın müxtəlif janrlarında əsərlər yaradaraq milli rəssamlığın inkişafında özünəməxsus iz buraxmışdır.

30 illik qısa ömründə o özündən sonra mövzu rəngarəngliyi ilə seçilən 500-ə yaxın rəsm əsərindən ibarət zəngin irs qoymuşdur. Rəssamın yaradıcılığında xüsusi yer tutan, tariximiz üçün önəmli mahiyyət kəsb edən “Qaçqınlar” silsilə əsərləri 1918-1920-ci illər Azərbaycan reallığının canlı salnaməsidir. Çünki onun bu əsərləri mənfur ermənilərin əsl xislətini fırçanın gücü ilə ifşa edir.

Gənc rəssamın yüksək sənətkarlığını çəkdiyi mənzərələrdə də görmək mümkündür. Qeyd edək ki, işlədiyi mənzərələrdə qədim Naxçıvanın tarixi abidələri mühüm yer tutur. Bu cəhətdən onun “Naxçıvan yadigarı” albomunda topladığı əsərlər xüsusi vurğulanmalıdır.

Təsviri sənət tariximizdə obrazlı şəkildə adlandırılan “Səməndər quşu” ayaması Bəhruz Kəngərliyə əbəs yerə verilməmişdir. Bu ayamanı bəy əsilli rəssam qısa, təzadlı ömrünün məhsuldar yaradıcılığı ilə qazanıb. Onun Azərbaycan rəssamlıq tarixində bənzərsiz olduğunun təsdiqini təsviri sənət tariximizdə müxtəlif janrların təşəkkül tapmasına verdiyi töhfələrdən də görmək olur. Yaradıcılığında apardığı maarifçilik işi ilə rəssam həm o dövr, həm də bu gün üçün öz sözünü deyir.

Yaradıcılığına yüksək dəyər verən Ulu Öndər Heydər Əliyev 2002-ci ildə Naxçıvan şəhərindəki Bəhruz Kəngərli Muzeyinin açılışındakı çıxışı zamanı “Hesab edirəm ki, Azərbaycanda, o cümlədən Naxçıvanda bizim sənətşünaslar, tədqiqatçılar Bəhruz Kəngərlinin yaradıcılığını daha professional səviyyədə tədqiq etməli, əsərlər yazmalıdırlar” tövsiyəsini etmişdir. Çünki dahi lider bilirdi ki, görkəmli rəssamın yaradıcılığı haqqında sovet dönəmində və ondan sonra bir neçə kitab üzü görməsinə baxmayaraq, təəssüf ki, faktlar müxtəlif səbəblərdən təhrif olunmuşdur. 2017-ci ildə rəssamın həyat və yaradıcılığına həsr olunan, dərin tədqiqat materiallarını özündə ehtiva edən “Bəhruz bəy Kəngərli taleyi” adlı kitab isə öz zəngin həyati faktları ilə diqqəti cəlb edir və bugünkü rəssamların stolüstü kitabına çevrilib. Görkəmli rəssamın adının əbədiləşdirilməsi, zəngin yaradıcılığının tədqiqi və təbliği sahəsində də bir sıra işlər görülüb. Belə ki, Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi yaradılıb, muxtar respublika Rəssamlar Birliyinin Sərgi Salonuna onun adı verilib.

Naxçıvan şəhəri, İstiqlal küçəsi 52-də Bəhruz Kəngərlinin heykəlinin qoyulması və həmin ərazidə Bəhruz Kəngərli adına Rəssamlar Parkının istifadəyə verilməsi sənətkara böyük ehtiramın ifadəsidir..

Bəhruz bəy Kəngərli bu gün də ölməz əsərləri ilə yaşayır.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 22.01.2025 10:36