Muxtar respublika ərazisində qarlı və şaxtalı hav...
12:38 23.02.2025
0
0
0
NAXÇIVAN :
23 Fevral 2025, Bazar
Asiman Vaqif oğlu Əliyev
(01.02.1987-07.11.2020)
Asiman çox mehriban, cəld, hazırcavab oğlan idi. Hər bir çətin vəziyyətdən asanlıqla çıxa bilirdi. Zəhmətkeş böyütmüşdük. Həyətyanı təsərrüfatımızda hər işimizə kömək edirdi. Yəni zəhmətdən qorxmurdu. Çoxlu dostları vardı. Həm də humanist idi. Ətrafdakılara əl tutmağı xoşlayırdı. Kənd camaatı bu gün də onun xeyirxahlığından danışır.
Oğlum mənim üçün həm qardaş, həm dost, həm də yoldaş idi. Onun xatirələri mənim yaddaşımdan heç vaxt silinməz.
Bir dəfə onunla birlikdə kəndin yaxınlığındakı gölün kənarına getmişdik. Balıq tutmaq istəyirdik. Beş-altı balıq tuta bildik. Elə gölün qırağında balıqları bişirdik. Asiman balıqları yeməyə başladı. Balığın gözünə çatanda dedim ki, Asiman balığın gözünü yeməzlər. Dedi ki, ay ata, dadlıdır. Dedim ki, oğul, deyəsən, sən ilanyeyən olacaqsan. O söhbətimiz heç yadımdan çıxmır. Bilirsiniz ki, qorxmaz insanlara ilanyeyən deyirlər. Asiman da belə qorxmaz böyümüşdü.
Uşaqlıqdan ən böyük arzusu idi hərbçi olmaq. Hərb sənətinə böyük sevgisi var idi. İlk günlərdən döyüşlərə atıldı. Döyüş yoldaşları həmişə onun qoçaqlığından danışırlar. Asimanın şəhid olması məni yıxdı. O mənim hər şeyim idi. Bütün hərəkətlərindən məğrurluq yağırdı.
Asimanın yoxluğuna anası tab gətirmədi. 40 mərasimi günü dünyasını dəyişdi.
Asimanın üç övladı var. Onlar mənim təsəllimdir. Övladlarını çox sevirdi. Həyat yoldaşı ilə noyabrın 7-si səhər tezdən danışıb. Ona deyib ki, övladlarım sənə əmanətdir.
Asiman Xocavənd döyüşləri zamanı şəhid olub. Arzusu idi Şuşanı, Xocalını, Xankəndini azad görmək. Bu gün biz Asimanın arzuladığı Azərbaycanda yaşayırıq. Asiman kimi oğullar canlarını Vətənə sipər etdilər. Bugünkü Azərbaycan naminə canlarından keçdilər.
Mən oğlumla fəxr edirəm. Çox sevinirəm ki, oğlum igid qəhrəmandır. Vətən sağ olsun!
Digər xəbərlər