NAXÇIVAN :

08 Noyabr 2024, Cümə

Böyük Vətən müharibəsi illərində Naxçıvan ön cəbhədə (1941-1945)

...

Bəşər tarixinin ən qanlı-qadalı dövrlərindən biri də XX əsrdir. Yüzillik bu zaman kəsiyitarixə misligörünməmiş elmi kəşflər, ixtiralar və digər nailiyyətlərlə yanaşı, bəşəriyyəti fəlakətə sürükləyən, dəhşətə gətirən İkinci Dünya müharibəsi ilə yaddaşlara həkk olunmuşdur. Bu amansız müharibə 50 milyondan çox insanın həyatına son qoymuş, minlərlə şəhər və kənd viran edilmiş, xarabalığa çevrilmişdir. Bu müharibədə şanlı qələbənin qazanılmasına Azərbaycan xalqı da böyük töhfələr vermişdir.

1941-1945-ci illərdə 700 minə yaxın Azərbaycanlı, başqa sözlə desək, respublika əhalisinin hər 5 nəfərdən biri cəbhəyə yollanmış, onların 450 min nəfəri və ya 65 %-i orden və medallarla təltif olunmuş, 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibədə iştirak edən soydaşlarımızın yarısı həlak olmuş, azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 223-cü və 77-ci diviziyalar şərəfli döyüş yolu keçmişdir.

223-cü diviziya Macarıstan və Yuqoslaviyanın faşistlərdən təmizlənməsində qəhrəmanlıq göstərmiş, 416-cı diviziyanın əsgərləri isə Berlinə qədər qələbə bayrağını ilk qaldıranların sırasında olmuşdur. 402-ci atıcı diviziya Naxçıvanda formalaşmış, buradan cəbhəyə yollanmışdır. Təkcə müharibənin başlandığı gün 1941-ci il iyunun 22-də Naxçıvan Muxtar Respublikasından 6492 nəfər orduya yollanmışdır ki, onun da 38 %-i 18 yaşı tamam olmuş gənclər idi. Bütövlükdə 29 min 500 nəfər muxtar respublika sakini 1941-1945-ci illərin müharibəsində iştirak etmişdir. Könüllü müharibəyə gedənlərin 100 nəfərə yaxını qadın idi. Cəbhəyə gedənlərdən hər iki nəfərdən biri (16 min naxçıvanlı) həlak olmuşdur.

Bu müharibədə 3 həmyerlimiz Qəzənfər Əkbərov, Abbas Quliyev, Nəcəfqulu Rəfiyev Sovet İttifaqı Qəhrəmanı adına, Rəhim Rəhimov “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür. 600 nəfər isə müxtəlif orden və medallarla təltif edilmişdir.

Arxiv sənədlərinə müraciət etsək, müharibədə rəşadətli döyüş nümunəsi göstərmiş eloğullarımızın qəhrəmanlıqla döyüşməsinin bir daha canlı şahidi olarıq.

İndiki Kəngərli rayonunun Qıvraq kəndindəki “Qırmızı Oktyabr” kolxozundan ordu sıralarına getmiş Cəboş Həsən oğlu Şıxəliyev Qərb cəbhəsində faşist işğalçılarına qarşı mübarizədə mərdlik və qəhrəmanlıq nümunəsi göstərmişdir. Bu haqda “Bakinski raboçi” qəzetində geniş yazı da oxuyuruq:

“Öz Vətəninin namus və azadlığını Ukrayna çöllərində qoruyan Azərbaycan oğullarının döyüş həzzi çox böyük idi. Alman faşistlərinin avtomatları və onların ağır pulemyot nöqtələri Şıxəliyevin mina atəşi ilə məhv edildi. Azərbaycanın şanlı oğlu Cəboş Şıxəliyev Ukraynanın yandırılmış və talan edilmiş kəndləri uğrunda faşistlərdən belə intiqam almışdır”.

Cəbhədə göstərdiyi qəhrəmanlığa görə minaatıcı Cəboş Şıxəliyev “İgidliyə görə” medalı ilə təltif olunub.

Başqa bir eloğlumuz mayor Akim Abbasov Qərb cəbhəsində döyüşlərdə böyük hünər göstərdiyinə görə Belqrad altında 17 yaşayış məntəqəsini alman işğalçılarından təmizlədiyi üçün qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

23 oktyabr 1942-ci il “Şərq qapısı” qəzetində “Akim Abbasov” adlı yazıda deyilir:

“...A.Abbasov: “Qafqaz dağlarının dalında, Terek ətrafındakı düzənliklərdə faşistlərə qarşı əsl azərbaycanlı kimi döyüşəcəyik””.

Akim Abbasovun qəhrəmanlığını naxçıvanlılar böyük ruh yüksəkliyi ilə qarşılayır, onunla fəxr edirdilər.

Naxçıvanda böyüyüb boya-başa çatmış digər bir həmyerlimiz Əsgər Əhmədov da döyüş cəbhələrində tarix yazanlardan biri olmuşdur. O, müharibənin ilk günlərindən Qızıl Ordu sıralarına alınmış, baş leytenant rütbəsinə qədər yüksələrək Stalinqradın müdafiəsində döyüşən hissəyə komandanlıq etmişdir. Bütün döyüşlərdə igidlik və qəhrəmanlıq göstərdiyi üçün “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.

Stalinqrad uğrunda gedən döyüşlərdə fəal iştirak edən Qurban Qurbanov 1943-cü ildə “Döyüş xidmətinə görə” medalı ilə təltif edilmişdir.

Vətən müharibəsində ilk günlərdən cəbhəyə yollanmış həmyerlimiz Yunis Salayev Qızıl Ordunun 1942-1943-cü il qış hücumunda düşmənin ordusunun darmadağın edilməsində komandanlıq etdiyi hissədə xüsusilə fərqlənərək kapitan rütbəsinə layiq görülmüş, SSRİ Ali Soveti Rəyasət Heyəti adından “Qızıl Ulduz”, “Döyüş xidməti” ordenləri, “Stalinqradın müdafiəsi” medalı və qvardiya nişanı ilə təltif olunmuşdur.

İndiki Kəngərli rayonunun Şahtaxtı kəndindən olan, tibb institutunda təhsil alan İbrahim Babayev də müharibənin ilk günlərindən cəbhəyə yollananlardan biri idi. O, ön cəbhədə döyüşən əsgərlərin yanından bir an da olsun çəkilməmiş, yaralanmış əsgərlərin səhra xəstəxanasında həyata qaytarılmasında böyük xidmətləri olmuşdur.

Həmyerlimiz tarzən Tapdıq Hüseynov da bu müharibədə iştirak etmiş, o, tarını silahla əvəz edərək düşmənə qarşı, qəhrəmanlıq göstərmişdir. Tapdıq Hüseynov da digər eloğlularımız kimi Vətən uğrunda gedən döyüşlərdə babalarımızın ən yaxşı ənənələrinə axıracan sadiq qaldığını sübut etmişdir.

Şimali Qafqaz cəbhəsində Mozdokdan Tamanadək şanlı döyüş yolu keçmiş, düşmənə aman verməyən Kazım Hüseyn oğlu Kazımov Tempyuk ətrafında aparılan döyüşlərdən birində düşmənin atəşi bir topun çox hissəsini zədələmiş və top atəş aça bilməmişdir. Kazımov özünü atəşə ataraq topu təmir etmiş, həmin topla düşmənin 2 topunu və 6 lüləli minaatanını sıradan çıxarmış, hissənin döyüşçüləri Tempyuk şəhərinə hamıdan qabaq girmişlər. Məhz bu şücaətinə görə Kazımova “Qırmızı ulduz” ordeni verilmişdir.

İndiki Babər rayonunun Xalxal kənd sakini Əli İbad oğlu Abdullayev təkbaşına 19 nəfər alman öldürmüşdür. O, “İgidliyə görə” medalı ilə təltif edilmiş, “Qızıl ulduz” almağa təqdim edilmişdir.

Həmin rayonunun indiki Cəhri qəsəbə sakini Yusif Səfəralı oğlu Qasımov odlu-alovlu cəbhə xəttində şücaət göstərən eloğlularımızdan biri olmuşdur. Y.Qasımov döyüşün son günlərində öz topu ilə düşmənin 3 tankını, 5 müşahidə nöqtəsini, 8 pulemyot nöqtəsini məhv etmiş, 200-dən artıq hitlerçi qırmışdır. Y.Qasımov ali dövlət mükafatına layiq görülmüşdür.

Ordubad rayonunun Unus kəndindən olan, 1939-cu ildən Qızıl Orduya çağrılmış Əvəz Babayevin də qəhrəmanlıqları komandanlıq tərəfindən yüksək qiymətləndirilmiş, təşəkkürnamə almışdır.

Tarixin ən dəhşətli müharibəsi sayılan İkinci Dünya müharibəsi xalqımızın qanı bahasına qalibiyyətlə sona çatdı. Bu qələbədə ən böyük rolu Bakı nefti oynamışdır. Belə ki,  Sovet ordusunun tank və təyyarələrinin əksəriyyəti Azərbaycan neftinin hesabına hərəkətə gətirilmişdi. Bu da həmyerlimiz, kimya elmlər doktoru, akademik Yusif  Məmmədəliyevin ixtira etdiyi oktan benzini olmuşdur.

Bu dövrdə Naxçıvan Muxtar Respublikasından müdafiə fonduna 12 kq qızıl və gümüş, 180 milyon 89 min manat nağd pul, 170 min ton ət və digər ərzaq məhsulları, 160 min dəstdən çox isti paltar, 10 mindən artıq bağlama göndərilmişdir.

Böyük Vətən müharibəsində qəhrəmanlıqla vuruşan həmyerlilərimizdən 600 nəfər müxtəlif orden və medallarla təltif edilmişdir. 102 nəfər “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri ilə, 105 nəfər birinci və ikinci dərəcəli “İkinci Dünya müharibəsi”, 315 nəfər “Qırmızı ulduz”, 29 nəfər birinci “Qırmızı bayraq” ordenləri ilə təltif olunmuşdur.

Kamil İbrahimov, Cəfər Qasımov, Qara Fərzəliyev, Cəfər Cəfərov kimi həmyerlilərimiz 77-ci Simferopol diviziyasının tərkibində vuruşaraq igidlik göstərmişlər. Azərbaycanlılardan ibarət 416-cı Taqanroq diviziyasında döyüş ordenləri alanlar arasında da həmyerlilərimiz çoxdur. Qərib Abbasov, Cəlal Axundov, Xeyrənsə Abdullayeva, Ağakişi Abbasov, Hüseyn Ağayev, Xalıqverdi Behbudov, Qasım Qasımov da onların sırasındadır.

Böyük Vətən müharibəsində qələbə qazanılmasında naxçıvanlı müəllimlərin də rolu az olmamışdır. Qələbədən az sonra Kərəm Vəliyev “Qafqazın müdafiəsi”, “Qələbə” medalı, İsfəndiyar Qurbanov “Qələbə” medalı, Qasım Rəcəbli “Stalinqradın müdafiəsi”, “Qələbə”, “Varşavanın alınması”, Səməd Seyidli “Hərbi xidmətinə görə”, “Qafqazın müdafiəsi”, “Qələbə”, Abdulla Axundov “Şərəf” ordeni, Müzəffər Məmmədov “İgidliyə görə”, Səyyad İmanov “Stalinqradın müdafiəsinə görə”, Məmmədbağır Nəcəfov “Şərəf” ordeni, Qulam Məmmədov “Şərəf” ordeni I və II dərəcəsini, “Qələbə”, “Praqanın alınması”, Süleyman Kələntərli “İgidliyə görə”, “Qafqazın müdafiəsi”, “Qələbə”, Tərxan Sultanov “İgidliyə görə”, “Qafqazın müdafiəsi”, Camalov “Boqdan Xmelinski” ordeni, “Qafqazın müdafiəsi”, Abdulla Abdullayev “Şərəf” ordeni, Nəcəf Nəcəfov “Qafqazın müdafiəsi”, “Qələbə”, Həsən Ağayev “Aleksandr Nevski” ordeni, “Qafqazın müdafiəsi”, Nadim Abbasov “Qafqazın müdafiəsi”, Səfər Səfərov  “Qafqazın müdafiəsi”, Məmmədəli Mirzəyev “Qırmızı ulduz”, “Stalinqradın müdafiəsi”, “Qələbə”, Abbasqulu Əliyev “Qırmızı ulduz”, Əşrəf Həziyev “Qırmızı ulduz” ordeni və yüzlərlə müəllim, döyüşçü orden və medallarla təltif olunmuşlar.

1941-1945-ci illər Böyük Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş, ön cəbhələrdə fəallıq göstərmiş, sağlamlığını itirən, doğma yurda sinəsində orden və medallarla qayıdan həmyerlilərimiz bizim qürur və iftixar mənbəyimizdir.

Saralmış onlarla arxiv sənədlərində bu qələbənin qazanılmasında gecə-gündüz dincəlmədən çalışan, ön cəbhəyə hər cür yardım göstərən döyüşçülərin ailələrinin adlı siyahıları və onların arxa cəbhədə göstərdikləri rəşadətli əməyə görə müxtəlif siyahıları, 1941-1945-ci illərin “Şərq qapısı” qəzetinin o dövrdə çap olunmuş nömrələri Naxçıvan və naxçıvanlıların müharibə dövrünün canlı salnamələridir. Biz nömrələr vasitəsilə qəhrəmanlarımızın Naxçıvan camaatına müraciətləri ilə tanış oluruq. Şair İslam Səfərlinin 13 nəfər döyüşçü dostu ilə doğma qəzetə göndərdiyi məktub bu gün də öz aktuallığını itirməyib:

“Silah ki, nə qədər əlimizdədir,

Qalibiyyət bizdə, zəfər bizdədir”.

Bu gün Böyük Vətən müharibəsində “Qalibiyyət bizdə, zəfər bizdədir” deyən qəhrəmanların nəvələri 44 günlük müharibədə daha böyük zəfər qazandılar. Bu haqq savaşında Naxçıvan 200-dən çox şəhid verdi. Bəli, İkinci Dünya müharibəsi qəhrəmanlarının nəvə-nəticələri XXI əsrdə Qarabağda Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə tarix yazdı. Elə bir tarix ki, heç bir zaman unudulmayacaq. Çünki bu, haqq savaşı idi, Xocalı faciəsinin intiqamı idi.

Zülfiyə İSMAYILOVA

Naxçıvan Muxtar Respublikası Dövlər Arxivinin

Arxiv fond sənədlərindən istifadə edilməsi və publikasiya şöbəsinin müdiri

Nəşr edilib : 30.10.2024 16:25