NAXÇIVAN :

27 Yanvar 2025, Bazar ertəsi

Böyük uğurlara imza atan gənc rəssam

...

Hər bir rəssamın fırçası ilə düşüncələrini sənətsevərlərə təqdim etdiyi yaradıcı dünyası var. Bu sənət sahibləri hər nə qədər eyni rənglərdən istifadə etsələr də, onların hər biri fərqli baxışlara malikdir. Belə rəssamlardan biri də Azərbaycan Rəssamlar İttifaqının üzvü Araz Xudiyevdir. Araz Xudiyev rəssamlıqla məşğul olmaqla yanaşı, həm Naxçıvan Rəssamlar Birliyində rəssam-dizayner vəzifəsində, həm də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında dekorçu-rəssam kimi fəaliyyətini davam etdirir. Realizm üslubuna üstünlük verən Araz gözəl rəngkarlıq, qrafika əsərləri ilə yanaşı, həm də ibrətamiz karikaturalar müəllifidir. Rəssam bir neçə kitab üzlükləri işləyib. Onun bu günümüzün aktual mövzularına uyğunlaşdıraraq “Molla Nəsrəddin” baxış bucağından boylandığı karikaturlar zaman-zaman “Şərq qapısı” qəzetinin səhifələrində də yer almaqdadır.
Gənc rəssamın çəkdiyi əsərlər arasında “Culfanın ecazkar dağları”, “Xalq artisti Həsən Məmmədovun portreti”, “Zəfərə doğru”, “Nar şirəsi”, “Lalələr” və sair rəsmləri onun yaradıcılıq dünyasının çoxşaxəliliyindən xəbər verir. Bu əsərlərində rəssam sevdiyi özünəməxsus rəng çalarlarından istifadəyə səy göstərir, sənətdə öz fırçası ilə yeniliklərə can atır. Yaxşı haldır ki, o buna nail ola bilir. 
Araz “Naxçıvan Bəşəriyyətin Beşiyi” IV, V, VI beynəlxalq rəsm festivallarının iştirakçısı olub. 2019-cu ildə muxtar respublika rəssamları arasında Naxçıvan Muxtar Respublikasının 95 illiyi münasibətilə keçirilən festival-müsabiqədə qrafika üzrə 1-ci yerə sahib çıxıb. 
Qeyd edək ki, rəssam ölkəmizdə keçirilən COP29 tədbiri münasibətilə hazırlanan Eluca Atalının “Odunçunun nağılı” adlı tamaşasının quruluşçu rəssamı olub. Əsər Naxçıvan şəhərində, eləcə də paytaxt Bakıda keçirilən COP29 festivalında tamaşaçılara təqdim edilib. Alqışlarla qarşılanan əsərdə müəllif ideyasının açılması üçün onun quruluşçu rəssam fəaliyyəti də əhəmiyyətli rol oynayıb. 
Gənc rəssamın gələcək arzuları çoxdur. O, ölkəmizin qədəm qoyduğu yeni inkişaf mərhələsini fırçasının gücü, özünün təxəyyülü ilə əbədiləşdirmək istəyir. Digər mövzularda da xeyli layihələri var. İnanırıq ki, Araz arzusunda olduğu mövzuları ərsəyə gətirməklə öz tamaşaçı auditoriyasına yeni sevinc­lər bəxş edəcək. 

Aidə İBRAHİMOVA

Nəşr edilib : 26.01.2025 12:05