NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

BMT rəsmisi: Bakı Qlobal Şəffaflıq Platforması iqlim məsələlərində dövlətlər arasında əməkdaşlığı gücləndirəcək

...

İqlim dəyişiklikləri dünya ölkələrində daşqınlar və digər təbii fəlakətlərlə müşayiət olunur, heç bir ölkə bu təsirlərdən kənarda qalmır. İqlim dəyişikliyi bütün ölkələr üçün ciddi təhdiddir və həmin təhlükəyə qarşı birlikdə tədbirlər həyata keçirilməlidir.

Bu sözləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil “İqlim şəffaflığı sahəsində yüksək səviyyəli dialoq” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı söyləyib.

S.Stil bildirib ki, Bakı Qlobal Şəffaflıq Platformasının yaradılması iqlim dəyişikliklərinə qarşı mübarizədə mühüm rol oynayacaq: “Bu platforma iqlim dəyişiklikləri ilə mübarizədə şəffaflığı təmin edəcək, dövlətlər və təşkilatlar arasında əməkdaşlığı gücləndirəcək və qlobal miqyasda iqlim siyasətlərinin daha effektiv həyata keçirilməsinə töhfə verəcək. İqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq və məlumat mübadiləsi olduqca əhəmiyyətlidir. Bakı Qlobal Şəffaflıq Platforması bu istiqamətdə əsas vasitələrdən biri olacaq və qlobal səylərin birləşdirilməsinə imkan yaradacaq”.

O, COP29 konfransında beynəlxalq əməkdaşlığın vacibliyini bir daha vurğulayaraq qeyd edib: “İqlim dəyişiklikləri ilə bağlı şəffaflıq hesabatlarının hazırlanması xüsusilə inkişaf etməkdə olan ölkələr üçün daha çətindir. Bu çətinliklər resurs çatışmazlığı, texniki imkanların məhdudluğu və institusional dəstəyin yetərsizliyi ilə əlaqəlidir. Məhz bu səbəbdən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası bu ölkələri dəstəkləyir. BMT-nin bu dəstəyi, inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə qarşı mübarizədə daha fəal iştirak etməsinə və beynəlxalq miqyaslı cəhdlərə töhfə verməsinə imkan yaradır. Bu əməkdaşlıq, həmçinin qlobal iqlim məqsədlərinə nail olunmasında vacib rol oynayır. COP29 çərçivəsində bu mövzuların müzakirəsi, iqlim dəyişikliyi ilə mübarizədə daha inklüziv və ədalətli yanaşmaların tətbiq olunmasının zəruriliyini bir daha göstərir”.

Nəşr edilib : 03.09.2024 12:10