NAXÇIVAN :

24 Noyabr 2024, Bazar

Bizim taborun şəhidləri

...

Millilik, Azərbaycançılıq, milli şüur Azərbaycanda həmişə yüksək olmuşdur... Naxçıvanlılarda milli qürur, milli şüur, milli hisslər, milli mənlik bir tərəfdən bunları bu sərt iqlimdə daim çalışmağa, daim özünü yaşatmağa, eyni zamanda döyüşkən olmağa sövq edibdir. Naxçıvanlılar cəsarətlidirlər, döyüşkəndilər. Naxçıvan təbiətinin gözəlliyi məğrurluq rəmzidir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

 1991-ci il may ayının 13-də o zaman tərkibində olduğumuz Sovetlər İttifaqının silahlı qüvvələrinə həqiqi xidmətə yollandım. Vətəndən uzaqda, Belarusda xidmətdə olsam da, mütəmadi olaraq blokadada yaşayan ailəmlə məktublaşırdım. O illərdə Ulu Öndər Heydər Əliyev artıq Naxçıvanda idi. Bu dahi şəxsiyyəti yaxından görmək isə kəndimizdə vətəndaşlarla görüşü zamanı mənə də qismət oldu. İlk dəfə Ulu Öndərin adını uşaq ikən baba və nənəmin dualarında duymuşdum: “Allah bizim Heydər Əliyevi qorusun!”

Həmin dönəmdə muxtar respublika sakinlərinin sabaha olan yeganə ümidi dahi şəxsiyyət Heydər Əliyevin Naxçıvanda olması idi. Görkəmli dövlət xadimi yaxşı bilirdi ki, Naxçıvanda milli ordunun yaradılması vacibdir. Ulu Öndər Ali Məclisin Sədri seçildikdən 4 gün sonra Naxçıvan Müdafiə Komitəsi yaradıldı, bir müddət sonra “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul edildi və Elman Abbasov komitənin sədri təyin edildi. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli motoatıcı briqada təşkil edildi və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı bura təhvil verildi. Və o briqadanın ilk əsgərlərindən biri olaraq Sədərək döyüşlərində iştirak etdim. Sovetlər birliyi dağıldıqdan sonra onun silahlı qüvvələri də dağılmağa başladı və mən Naxçıvana bu dəfə təyyarə ilə qayıdarkən blokadanın nə olduğunu anladım.

1992-ci ilin oktyabrında Naxçıvan şəhərində ilk yaradılan bu hərbi birləşmənin paradı keçirildi. Ümummilli Lider o zaman özü şəxsən bu paradı qəbul etdi. Çünki onun qətiyyəti ilə sovet qoşun hissələri Naxçıvanı tərk edərkən onlara məxsus silah və döyüş texnikaları Naxçıvanda saxlanıldı. Bu silah və texnika, əhalinin dahi liderə inamı Naxçıvanı erməni işğalından qurtardı. Azərbaycanın ərazicə kiçik, mənəviyyatca böyük olan torpağında ilk hərbi quruculuq prosesinə başlanılması son dərəcə vacib və xüsusi əhəmiyyət kəsb edən tarixi və taleyüklü bir hadisəyə çevrildi.

Güclü ordu dövlətçiliyin dayağı, xalqın təhlükəsizliyinin və ölkənin ərazi bütövlüyünün təminatıdır. Ümummilli Lider Heydər Əliyev bu məsələnin vacibliyini nəzərə alaraq deyirdi: “Ordu yaratmaq, onu torpaqlarımızı müdafiə edə bilən qüdrətli orduya çevirmək bizim müqəddəs borcumuzdur”. Ulu Öndər sovetlər birliyi dövründə hərbi kadr hazırlığını gücləndirmiş, 1990-1993-cü illərdə Naxçıvanda ilk milli ordu qurumunun və sərhəd dəstəsini yaratmış və  siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycan Silahlı Qüvvələrini formalaşdırmaqla müstəqilliyimizi qoruyub saxlamışdır. Ölkə Prezidenti cənab İlham Əliyev də Ulu Öndərin yolunu uğurla davam etdirərək ordumuzun qüdrətini daha da artırıb. Bunun nəticəsində torpaqlarımız işğaldan azad edilərək böyük tarixi Qələbə qazanılmışdır. Naxçıvandan başlayan milli ordu quruculuğu ilə gündən-günə güclənən Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü təmin etdi. Bir il sonra həyata keçirilən antiterror əməliyyatı ilə suverenliyimiz bərpa olundu. Beləliklə, qəhrəman ordumuz milli hərb tariximizə adını yenidən böyük hərflərlə yazdırdı.

O zamanın hərbi xidməti çətin olsa da, qürurverici idi. Çünki Naxçıvan Muxtar Respublikasına Ulu Öndər Heydər Əliyev rəhbərlik edirdi. Naxçıvanda xidmətdə olduğumuz zaman qardaş Türkiyə Cümhuriyyətindən gələn zabitlər bizim tabora xüsusi təlim keçərək hərbin sirlərini dərindən öyrədirdilər. Naxçıvan şəhərində yerləşən taborda daha çox keçmiş sovetlər birliyinin silahlı qüvvələrində xidmət etmiş əsgərlər xidmətini davam etdirirdilər. 4-5 illik xidmət zamanı yaranan səmimiyyət zabit və əsgər münasibətlərindən çox qardaşlıq münasibətlərində özünü göstərirdi. Bu da təbii idi. Çünki davam edən müharibədə bir əsgər və ya zabitin digərinin yanında hər an şəhid olacağı qaçılmaz idi. Bir əsgər şəhid olarkan son sözlərini yalnız yanındakı əsgər və ya zabitə deyə bilərdi. Bəli, müharibənin öz qanunları var. Həm də unudulmayan və amansız qanunları...

Birinci Qarabağ müharibəsi. Və biz, “Naxçıvan batalyonu” Qarabağa yollanır...

Ötən əsrin sonlarından başlayaraq torpaqlarımızın ərazi bütövlüyü uğrunda öz canlarından keçən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Biz hər zaman igid oğullarımızla fəxr etmişik və bu gün də fəxr edirik. Çünki onların Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhid olmaları həm də gələcək nəsillər üçün bir örnəkdir.

Buna görə də bütün şəhidlərimizin simasında ötən əsrin 90-cı illərində xidmət etdiyim taborda şəxsən yaxından tanıdığım şəhid əsgər yoldaşlarımı bir daha dərin hörmət və ehtiramla yad edirəm!

 Rzayev Etibar Qürbət oğlu

Şəhid Rzayev Etibar Qürbət oğlu 30 mart 1974-cü ildə Ordubad rayonunun Kələntər Dizə kəndində anadan olub. Ailənin dördüncü övladı olan Etibar mərdliyi, cəsarəti ilə fərqlənir, davamlı idmanla məşğul olurdu. 1992-ci ildə Sabir Dizə kənd orta məktəbini bitirən Etibar cəbhəyə yola düşdü.

Keçmiş SSRİ dövründə Naxçıvanın daxili işlər naziri işləmiş, sonralar Qazaxıstanın Taldı-Kurqan vilayətinə sürgün edilmiş Sadıq Sadıqov 1999-cu ildə nəşr etdirdiyi “Tarixin qanlı yaddaşı” kitabında belə yazır:  “Soyuq qarlı bir gündə Ordubaddan bir çox nüfuzlu, imkanlı ailələri “kulak”, xalq düşməni, millətçi damğası ilə şərləyərək Rusiyanın, Qazaxıstanın soyuq, insan yaşamayan çöllərinə sürgün etdilər. Kələntər Dizə kəndindən Rzayevlər ailəsini də qürbət ellərə yola saldılar. Məskənimiz Taldı-Kurqan oldu. Çox böyük əziyyətlər, çətinliklər hesabına yaşamağa başladıq. Çoxları burada həlak oldular, xəstələndilər. 1941-ci ildə Rzayevlər ailəsində bir uşaq dünyaya gəldi. Elə qürbətdə doğulduğu üçün adını Qürbət də qoydular”. Şəhidin atası Qürbət Rzayev ali təhsil aldıqdan sonra 1954-cü ildə doğma kəndinə rus dili müəllimi kimi qayıdaraq ailə qurdu. Və bu izdivacdan 10 övladı dünyaya gəldi.

Etibarın anası Tamella xanıma Qürbətin gəncliyini xatırladırdı. 1992-ci ildə Etibar hərbi xidmətə yola salınarkən ağlayan bacısına demişdi: “Burada nə var ki, inşallah, düşməni məhv edib, qayıdanda ağlayarsan, özü də sevincdən”. Atası isə oğlunun boynunu qucaqlayıb “Biz qürbətdə çox əziyyət çəkmişik, ancaq həmişə Vətəni düşünüb ondan ilham almışıq. Sən isə qürbətə yox, doğma Azərbaycanımızın müqəddəs torpaqlarını qorumağa gedirsən, özündən muğayat ol. Mənim başımı aşağı etmə!” – deyərək tənbeh etmişdi. Qarabağın müdafiəsinə yollanmamışdan az əvvəl ailə həyatı quran Etibarı bütün doğmaları yola saldı. Və bu, Etibarın doğmaları ilə son görüşü oldu.

30 aprel 1994-cü il tarixdə Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlər zamanı şəhadətə yüksələn Rzayev Etibar Qürbət oğlu  doğma kəndində torpağa tapşırılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, YAP Ordubad rayon təşkilatının sədri olan atası mərhum Qürbət Rzayev qəhrəmancasına həlak olmuş oğlu Etibarın adını digər övladı Ramizin ocağında əbədiləşdirdi.

           Quliyev Azər Məhərrəm oğlu

Şəhid Azər Məhərrəm oğlu Quliyev 22 iyun 1973-cü ildə Ordubad rayonunun Dırnıs kəndində anadan olub. İlk təhsilini Dırnıs kənd orta məktəbində alan və 1990-cı ildə həmin məktəbin onuncu sinfini bitirən Azər 5 saylı texniki peşə məktəbində təhsil aldıqdan sonra 1991-ci ildə hərbi xidmətə çağırılır. İlk döyüşü Sədərək istiqamətində olan Azər Quliyev çavuş məktəbini bitirir. Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin sədri Elman Abbasov, döyüş taktikasına bələd olan  dostları Qaraburun postunun müdafiəsinə təyin edir.

1993-cü ildə Azər Naxçıvan şəhərində yerləşən “Xankəndi” alayına hərbi xidmətə yollanır. Burada da nümunəvilik və igidlik nümayiş etdirən Azər düşmən tankını sıradan çıxarır. O, 1994-cü ilin aprel ayında Ağdamın Baş Qərvənd kəndinə xidmətə göndərilir. Oğlundan nigaran qalan Məhərrəm kişi böyük əziyyətdən sonra onu yaralı tapır. Azər təcili olaraq Bakıya Semaşko xəstəxanasına gətirilir. Xəstəxanada 6 gün yaşayan Azər 1994-cü il may ayının 10-da atasının qolları arasında can verərək şəhadətə yüksəlir. Şəhid Azər Quliyev Dırnıs kəndinə gətirilərək böyük ehtiramla dəfn edilir.  

 Quliyev Raqib Telman oğlu

Birinci Qarabağ müharibəsi dövründə Vətən torpaqlarının müdafiəsinə qalxan oğullarımızdan biri də Boyəhməd kəndinin yetirməsi şəhid Rəqib Quliyevdir. Rəqib 3 noyabr 1973-cü ildə Boyəhməd kəndində 9 uşaqlı ailənin beşinci övladı olaraq zəhmətkeş ailədə dünyaya göz açır. İlk təhsilinə 1981-ci ildə Boyəhməd kəndində başlayan qəhrəman 1989-cu ildə məktəbin 8-ci sinfini bitirərək Culfa rayonu Qazançı kəndində yerləşən texniki peşə məktəbində təhsilini davam etdirir. 1991-ci ildə həqiqi hərbi xidmətə yollanan Rəqib 1994-cü ilin mart ayına qədər Sədərək rayonunda erməni quldur dəstələrinə qarşı hərbi əməliyyatlarda yaxından iştirak edir. O, əməliyyatlarda fəal iştirak edərək yüksək qəhrəmanlıq nümayiş etdirir. 1994-cü ilin mart ayında Rəqib Ağdam rayonunda yerləşən  Azərbaycan Milli Ordusunun bölmələrinin tərkibinə qatılır. O, bir ay amansızca davam edən döyüşlərdə iştirak edir və 30 aprel 1994-cü ildə Ağdam rayonunun Qərvənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Subay olan Rəqib Quliyev 1 may 1994-cü ildə doğulub boya-başa çatdığı Boyəhməd kəndində dəfn olunur.

 Şirinov Ruslan Yusif oğlu

Şəhid Şirinov Ruslan Yusif oğlu 30 mart 1975-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub. 1982-1993-cü illərdə Təzəkənd kənd tam orta məktəbində orta təhsil alıb. Tədris müddətində nizam-intizamı ilə seçilən Ruslan dərslərinə qarşı həvəskar və savadlı şagird olaraq müəllimlərinin yaddaşında iz qoyub. O, həmişə valideynlərinə və böyüklərə hörmət, qayğı ilə yanaşaraq Vətəninə, elinə, obasına layiqli oğul olub. “Vətən” , “Ana”  kəlməsi ona hər şeydən əziz olduğu üçün Bədən Tərbiyə Akademiyasının nəzdində texnikuma qəbul olmasına baxmayaraq, 15 aprel 1993-cü ildə hərbi xidmətə yollanır. İlk olaraq Lənkəranda Daxili qoşunların “N”  hərbi hissəsində xidmətə başlayan qəhrəman sonra Naxçıvanda, daha sonra isə Naxçıvan batalyonunun tərkibində Ağdam rayonunda hərbi xidmətini davam etdirir.

Heç vaxt açıq döyüşdən çəkinməyən, ön sıralarda vuruşmağı gözə alan, düşmənin başını əzməyi özünə şərəf bilən, subay qəhrəman Şirinov Ağdam rayonunun Qərvənd kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olaraq 1 may 1994-cü ildə Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılır.

Ölümündən sonra adı əbədiləşdirilərək Təzəkənd tam orta məktəbinə verilir. Hazırda onun adını daşıyan həmin məktəb minlərlə Ruslan Şirinov kimi qəhrəman, igid, vətənpərvər oğullar yetişdirməkdədir. Belə vətənpərvər ruhda böyüyən el qəhrəmanlarının valideynlərinə hər zaman hamımız borclu və minnətdar olacağıq. Vətən belə oğullar sayəsində var olub, həmişə də var olacaqdır.

 

Hümbətov Həsən Mahir oğlu

 

Şəhid Hümbətov Həsən Mahir oğlu 13 fevral 1975-ci ildə Şərur rayonunun Maxta kəndində anadan olub. 1982-1992-ci illərdə Şərur rayon Maxta kənd tam orta məktəbini bitirən subay qəhrəman 1993-cü ilin oktyabr ayında öz razılığı ilə ordu sıralarına qatılır. Naxçıvan şəhərində yerləşən “Xankəndi alayı”nda xidmətə başlayan qəhrəman 1994-cü ilin aprelində Naxçıvan batalyonunun bir qrup şəxsi heyəti ilə Qarabağa göndərilir.

28 aprel 1994-cü il tarixdə Ağdam rayonunun Aşağı Qərvənd kəndinin adsız yüksəkliklərində erməni işğalçılarının minomyot atəşinə baxmayaraq, geri çəkilməyən qəhrəman burada bir çox döyüş yoldaşı ilə bərabər şəhidlik zirvəsinə ucalır. Şəhidin nəşi 30 aprel 1994-cü ildə Şərur rayonuna gətirilərək Şəhidlər xiyabanında dəfn edilir. İndi onun yolunu qardaşı oğlu Hümbətov Tülkan Zaur oğlu davam etdirir.

Şəhid Hümbətov Həsənin xatirəsini yaşatmaq üçün Maxta kənd tam orta məktəbin 2-ci sinif otağına onun adı verilib. Şagirdlərə müntəzəm olaraq Vətən torpağının hər qarışı üçün canından keçən şəhidimizin döyüş yolu nümunə göstərilir.

Naxçıvan batalyonunun şəhidlərinin ruhları daima doğulub boya-başa çatdığı torpaqlarda – Biləsuvarda, Ordubadda, Şərurda və Culfada yad edilir.              

Mən 15 iyun 1996-cı ildə Azərbaycan Silahlı Qüvvələrindən tərxis olundum. Bu gün qazanılan qalibiyyətin təməli dünən çəkilən acılardan qoyulub. Dünənlərə nəzər saldıqda Azərbaycanın bu günlərə qədər necə keşməkeşli yollardan keçdiyinin şahidi oluruq. Tarixin toz basmış səhifələrində neçə soyqırımıda bitən ömürlərin tamamlanmamış səhifələri var. Göz yaşlarımızın o tozlu səhifələrdə açdığı cığırlardan sanki o gerçəkliyə işıq düşür. Vətənin kürəyinə dəyən oxlar vətəndaşların ürəyini hər daim qanadıb. Hər qarışında bir qəhrəman oğul uyuyan bu müqəddəs Vətən oğullarına, oğulları isə Vətənə qucaq açıb.

Azərbaycan torpaqlarının müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn bizim taborun (Naxçıvan batalyonunun) şəhidlərini bir daha poetik bir dillə anaraq qəhrəman əsgər yoldaşlarıma Tanrıdan rəhmət diləyirəm! Ruhunuz şad olsun!

 Şəhidlik zirvəsi

Söykənibdir köksümə hamilə avtomatım,

Burada qızıldan baha, hər anım, hər saatım,

Qurban getsin bu yolda bütün varım, həyatım,

Varlığım qurban olsun, anam Azərbaycana!

A müqəddəs torpağım, boyanmısan al-qana!

 

Sənin məhəbbətindir döyüşlərə səsləyən,

Müqəddəs arzuları ürəyimdə bəsləyən,

Qollarıma qüvvəti, qəlbimə təpər verən,

Müqəddəs sədalarda yüksəldin asimana,

A müqəddəs torpağım, boyanmısan al-qana!

 

Dayanmışam səngərdə, havada vəhşət hissi,

Gözlərimdə düşmənə tükənməz nifrət hissi,

Ürəyimdə Vətənə sonsuz məhəbbət hissi,

Düşmənin namərdliyi yayılıbdır cahana,

A müqəddəs torpağım, boyanmısan al-qana!

 

Hey gəzişir havada qanlı güllə qatarı,

Boyayıbdır al-qana Rəqibi, Etibarı,

Gözü yollarda qoyub neçə qəmli ananı,

Oğul dağı çəkilib, anam Azərbaycana!

A müqəddəs torpağım, boyanmısan al-qana!

 

Dağılıbdır Rəqibim tikə-tikə torpağa,

Qan ləkəsi çilənib hər gülə, hər yarpağa,

De, hansı ana, dözsün bəs, bu dözülməz dağa?!

Tabut gedir Ağdamdan o ana Naxçıvana!

A müqəddəs torpağım, boyanmısan al-qana!

 

Onların arxasınca neçə gözlər dikilmiş,

Arzuları ürəkdə qönçə ikən biçilmiş,

Məzarları üstündə qərənfillər əkilmiş,

Ay Allah, bu sitəmlər sığar hansı dastana?!

A müqəddəs torpağım, boyanmısan al-qana!

 

Kitaba sığmır bu dərd, vərəqləri yandırır,

Düşünən beyinləri, ürəkləri yandırır,

Bizə ölməzliyin yollarını andırır,

Sizə matəm saxlayır burada hər ev, hər oba.

A müqəddəs torpağım, boyanmısan al-qana!

 

Müqəddəs şəhidliyi onlar uca sandılar,

Şəhid qərənfilitək açıldılar, soldular,

Bu Vətənin yolunda onlar şəhid oldular,

Onların ölməzliyi yayıldı bu cahana,

A müqəddəs torpağım, boyanmısan al-qana!

 

Faiq göz yaşlarıyla yazır bax, bu dastanı,

Qalmayacadıq yerdə Rəqibin nahaq qanı,

Etibar, Ruslan, Azər, qardaşım Həsən hanı?!

Şəhid olub girdilər bu torpağın qoynuna.

A müqəddəs torpağım, boyanmısan al-qana!

             

              Faiq SƏFƏROV

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

şöbə rəisi, baş ədliyyə müşaviri,

Azərbaycan Respublikasının müharibə veteranı

10 may 1994-cü il.

Ağdam-Qərvənd

 

Nəşr edilib : 07.11.2024 13:06