Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-alil...
20:38 08.08.2026
0
0
0
NAXÇIVAN :
09 Avqust 2026, Bazar
Birliyimizə güvənirik
“Ancaq özümüzə güvənməliyik və dövlətə güvənməliyik. Birlik heç vaxt sarsılmamalıdır. Nə üçün mən bunu deyirəm? Bəlkə də, bu gün bunu demək o qədər də məntiqli səslənməz. Çünki bu gün Azərbaycan cəmiyyətində olan birliyə oxşar mənzərə tapmaq da çətindir. Çünki bu, ürəkdən gələn, insanların zehnindən gələn bir birlikdir. Elə bil ki, iki çay birləşir bir yerə. Bax odur bu birlik – həm qəlbən, həm də necə deyərlər, fikir olaraq”.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın daha da güclənməsinə, qarşıya qoyulan strateji hədəflərin gerçəkləşməsinə və xalqın rifahının yüksəlməsinə möhkəm zəmin yaradıb. Azərbaycan xalqı tarixboyu ən çətin sınaqlardan birlik və qətiyyət sayəsində çıxıb. 1990-cı illərin ağır günlərində də heç kimin himayəsinə sığınmayaraq öz dövlətçiliyini qoruyub.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs nəticəsində Azərbaycan müstəqil qərarlar qəbul edən güclü dövlətə çevrildi. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək xalqı vahid məqsəd ətrafında birləşdirdi və ölkəmizi tarixi Zəfərə apardı.
Ulu Öndərin ordu quruculuğu siyasəti uğurla davam etdi
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin peşəkarlığı yüksəldildi, şəxsi heyətin döyüş hazırlığı gücləndirildi, ordu ən müasir silah və texnika ilə təchiz olundu. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Eyni zamanda ölkəmizin beynəlxalq mövqeyi möhkəmləndirildi, müstəqil xarici siyasət uğurla davam etdirildi. Məhz bu uzaqgörən siyasət nəticəsində 44 günlük Vətən müharibəsində Azərbaycan bütün siyasi təzyiqlərə baxmayaraq, milli maraqlarını qətiyyətlə müdafiə etdi və tarixi Qələbə qazandı.
Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü diplomatiya Ermənistanı işğalçılıq siyasətinə görə regional layihələrdən təcrid etdi, Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Vətən müharibəsi həm döyüş meydanında, həm də diplomatik müstəvidə ölkəmizin üstünlüyünü bütün dünyaya nümayiş etdirdi.
Vətən müharibəsinin gedişatında reallıqlar hər gün daha da aydın şəkildə gün işığına çıxırdı. Nəticədə isə sübut olundu ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu və hər detalı ən incə məqamına qədər hesablayan və diqqətə alan uzaqgörən diplomatiyamız hər hansı bir zəif düşmən üzərində deyil, güclü təşkilatlanmış bir düşmən, eyni zamanda onu himayə edən qərəzli, məkrli qüvvələr üzərində qələbə idi.
Ata vəsiyyətini yerinə yetirmək şərəfi
Ulu Öndər Heydər Əliyev gələcək nəsillərə müstəqil və güclü Azərbaycan miras qoydu. Bu mirası qorumaq, ərazi bütövlüyünü təmin etmək Prezident İlham Əliyevin üzərinə düşən tarixi missiya idi.
Prezident seçildiyi gündən Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyinə verdiyi vədə sadiq qaldı. Cəmi 44 gün ərzində düşmən həm hərbi, həm də siyasi müstəvidə məğlub edildi, xalqımıza Zəfər sevinci yaşadıldı.
İşğaldan azad olunmuş torpaqlarla bağlı hər müraciətində dövlət başçısı verdiyi sözə əməl etdiyini nümayiş etdirdi. “Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz…” sözləri Böyük Qayıdışın rəmzinə çevrildi.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, doğma yurdlarına qayıdan ailələr, istifadəyə verilən yaşayış məntəqələri və sosial obyektlər bu siyasətin real nəticələridir. Prezident İlham Əliyevin illər əvvəl söylədiyi kimi: “Mən həmişə deyirdim ki, gün gələcək, işğal altındakı torpaqlarımız azad ediləcək, biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq...”
Siyasət dahisi, mahir sərkərdə
Bu xalq 44 gündə öz liderini yenidən kəşf etdi. Onun bir siyasət dahisi olmaqla bərabər, mahir bir sərkərdə olduğunu da gördü. Bütün dünya Azərbaycanın Ali Baş Komandanına həsəd apardı. Hətta düşmən dövlətin vətəndaşı belə İlham Əliyev kimi bir Prezident arzusunda olduğunu etiraf etdi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa, Ali Baş Komandan ata vəsiyyətini yerinə yetirən oğula çevrildi. Füzuli Beynəlxalq Hava Limanına enən təyyarədə səslənən “Qarabağa xoş gəlmisiniz!” sözlərini eşidəndə, qələbədən keçən altı ildə Şuşada, Füzulidə, Zəngilanda, Ağdamda, Xocalı, Xocavənddə aparılan quruculuq işlərini, keçirilən möhtəşəm tədbirləri, öz doğma ocaqlarına birdəfəlik yerləşən ailələrin yanan çırağını, Şuşada qurulan büsatımızı, Zəngilanda dünyaya gələn körpələrimizi, Füzulidə məktəbə tələsən uşaqlarımızın sevincini, Xankəndidə addımlayan Azərbaycan əsgərinin ayaq səsindən qorxuya düşən düşməni görəndə bir daha əmin olduq Ulu Öndərin bizi ən doğru insana əmanət etdiyinə.
Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan xalqı birliyi və həmrəyliyi ilə tarix yazdı. Dövlətimizə, Prezidentimizə və öz gücünə arxalanan xalqımız torpaqlarını işğaldan azad etdi, suverenliyini tam bərpa etdi və qalib xalq kimi yeni inkişaf mərhələsinə qədəm qoydu. Xalqına güvənən Prezident İlham Əliyev öz müqəddəs borcunu, ata vəsiyyətini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, Müzəffər Ali Baş Komandan kimi xalqımızın tarixi yaddaşında əbədi yer qazandı.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər