NAXÇIVAN :

22 Iyul 2026, Çərşənbə

Bitən müharibənin bitməyən cinayəti – mina terroru

...

Azərbaycanın tarixi zəfərindən ötən dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunan torpaqlarda Böyük Qayıdışa dair I Dövlət Proqramı uğurla icra olunur, Baş planlar əsasında şəhər, qəsəbə və kəndlərimiz yenidən qurulur. Ancaq təəssüf doğuran hal orasındadır ki, erməni vandalizminin əsas göstəricisi sayılan mina terroru səbəbindən hələ də soydaşlarımız azad olunan yurd-yuvalarında təhdidlə qarşılaşır, rahat, sərbəst şəkildə hərəkət edə bilmirlər. Demək olar ki, hər ay, bəzən isə hər həftə mina partlaması nəticəsində mülki, hərbi şəxslərin həyatını itirməsi və ya xəsarət alması ilə bağlı xəbərlər yayılır. İnsan həyatına, ekologiyaya ciddi zərər vuran mina terroru “Böyük Qayıdış” proqramının icrasına da maneə yaradır və tikinti-quruculuq işlərini ləngidir. Azərbaycan dövləti müxtəlif beynəlxalq platformalarda bu təhlükəni qətiyyətlə pisləyir, minaların törətdiyi humanitar faciəni dünya ictimaiyyətinin diqqətinə çatdırır və beynəlxalq təşkilatları daha fəal addımlar atmağa çağırır. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə mina probleminin ciddi humanitar və təhlükəsizlik çağırışı olduğunu vurğulayaraq onun aradan qaldırılmasının postmünaqişə dövründə bərpa və reinteqrasiya prosesinin əsas şərtlərindən biri kimi qiymətləndirilməsinin vacibliyini qeyd edib: “Hazırda Azərbaycan müasir tarixin ən mürəkkəb və iddialı bərpa-yenidənqurma işlərindən birini həyata keçirir. Yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayır. Kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb”.

Rəsmi məlumatlara görə, 2022-ci ildə Kəlbəcər və Laçın rayonlarında piyada əleyhinə 2700-dən çox mina aşkar edilib ki, üzərindəki işarələrdən 2021-ci ildə Ermənistanda istehsal olunduğu müəyyənləşib. Bu fakt həmin minaların 2020-ci il Vətən müharibəsindən sonra basdırıldığını təsdiqləyir və Ermənistanın 10 noyabr üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini, təxribatçı fəaliyyətini müxtəlif üsullarla davam etdirdiyini göstərir. Məhz belə təxribatçı addımlar Azərbaycanın müharibədən sonrakı dövrdə irəli sürdüyü sülh təşəbbüslərinə və regionda etimad mühitinin formalaşdırılması səylərinə ciddi maneələr yaratdı. Beləliklə, mövcud təhlükələrin aradan qaldırılması, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi və ölkənin suverenliyinin tam bərpası məqsədilə lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi zərurətə çevrildi...

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “X” sosial media hesabında qeyd etdiyi statistikaya nəzər saldıqda görürük ki, 2020-ci il 10 noyabrdan etibarən Azərbaycanda mina partlayışları nəticəsində 427 nəfər zərərçəkən qeydə alınıb – onlardan 73 nəfər həlak olub, 354 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlərin 231 nəfəri mülki şəxsdir. 1991-ci ildən bu günədək isə mina qurbanlarının ümumi sayı 3 500 nəfəri ötüb. Onların arasında 362 uşaq və gənc, eləcə də 38 qadın var. Qurbanlar ağır xəsarətlər alıb, ömürlük əlil qalıb. Bütün bu həyati təhlükələrin, iqlimə, ekologiyaya ziyanların minimuma endirilməsi üçün Azərbaycan dünyada tətbiq olunan ən müasir və qabaqcıl texnologiyalardan istifadə edir. Minatəmizləmə sahəsində səmərəliliyin artırılması üçün davamlı şəkildə müvafiq işlər görülür və hazırda imkanlar əvvəlki illərlə müqayisədə xeyli artıb. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) açıqladığı rəsmi məlumatlara əsasən 2021-2025-ci illər ərzində, ümumilikdə, 248 391,6 hektar ərazi mina və partladılmamış hərbi sursatlardan təmizlənib, 20 272 ədəd tank əleyhinə mina və 34 213 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. 2024-cü ildə mina və partladılmamış sursatlardan təmizlənən ərazilərin ümumi sahəsi 62 023,9 hektar təşkil edib. 2025-ci ildə isə əvvəlki illə müqayisədə təmizlənən ərazilərin sahəsi 11,6 faiz və ya 7 181,8 hektar artaraq 69 205,7 hektara çatıb. Bu göstərici son beş il ərzində qeydə alınmış ən yüksək nəticədir. İllər üzrə dinamikaya nəzər salsaq görərik ki, 2021-ci ildə mina və partladılmamış sursatlardan təmizlənən ərazilərin sahəsi 20 164,7 hektar olub. 2022-ci ildə bu göstərici əvvəlki illə müqayisədə 117,8 faiz və ya 23 751,1 hektar artaraq 43 915,8 hektara yüksəlib. 2023-cü ildə isə 2022-ci illə müqayisədə 20,9 faiz və ya 9 165,8 hektar artım qeydə alınıb, təmizlənən ərazilərin sahəsi 53 081,6 hektar təşkil edib. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına əsasən 2026-cı ilin sonunadək 280 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulub. Proqram çərçivəsində 2022-2025-ci illər ərzində 228 227 hektar ərazi minalardan tam şəkildə təmizlənib. Beləliklə, Dövlət Proqramının icra müddətinin başa çatmasına, təxminən, bir il qalmış, nəzərdə tutulan ümumi ərazinin 81,5 faizi artıq minalardan tam təmizlənib, bu da proqram üzrə tədbirlərin planlı və ardıcıl şəkildə icra edildiyini göstərir.

Azərbaycan üzləşdiyi mina probleminə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün çoxsaylı təşəbbüslərlə çıxış edir. Belə ki, respublikamızın təşəbbüsü ilə “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasına Tərəf Ölkələrin 2013-cü ildə keçirilmiş 15-ci görüşündə “Minaların mədəni irsə təsiri” ilə bağlı qətnamə qəbul olunub. Azərbaycan tərəfi bu mühüm qətnamənin davamı olaraq 2024-cü ilin mayında Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya təşkil edib. Həmçinin 2024-cü ildə Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda III Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib və konfrans iştirakçılarına müraciətində Prezident İlham Əliyev bir daha Ermənistanın bu bəşəri cinayətlərini faktlarla kəskin şəkildə pisləyib: “Mina qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir. 2020-ci ildən 2023-cü ilə qədər uzunluğu 500 kilometrədək olan yeni minalanmış zonalar yaradılmış, yenidən Azərbaycanın ərazisinə minalar basdırılmışdır. Bunun məsuliyyəti Ermənistanın üzərinə düşür. Minaların təmizlənməsində üzləşdiyimiz çətinliklər, eyni zamanda yenidənqurma və bərpa işlərinə əngəl yaradır, 800 min keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasına ciddi maneə törədir”.

Azərbaycan 2023-cü ildə humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan edib və bu məsələnin BMT-nin qlobal 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul edilməsi istiqamətində davamlı iş aparılır. Eyni zamanda ölkəmiz Qoşulmama Hərəkatı çərçivəsində humanitar minatəmizləmə üzrə xüsusi əlaqə qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib və həmin qrup 2023-cü ilin sentyabr ayında fəaliyyətə başlayıb. Minanın iqlimə, ekologiyaya verdiyi kütləvi zərərlər nəzərə alınaraq və problemin ciddiliyi onun BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) da müzakirəsinə səbəb olub.

Bütün bu faktlar göstərir ki, qalib Azərbaycan ümumbəşəri cinayət hesab olunan mina terrorunun aradan qaldırılması istiqamətində həm milli, həm də beynəlxalq müstəvidə ardıcıl və çoxtərəfli fəaliyyət həyata keçirir. Ölkəmiz müxtəlif beynəlxalq təşkilatlar və siyasi platformalar vasitəsilə bu qlobal humanitar problemin ağır nəticələrini konkret faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırır, eyni zamanda öz resursları və imkanları hesabına işğaldan azad olunmuş əraziləri minalardan təmizləyərək “Böyük Qayıdış” proqramının uğurlu icrasını təmin edir. Bu vəzifələrin paralel şəkildə həyata keçirilməsi Azərbaycanın güclü dövlət idarəçiliyinin, strateji baxışının və milli həmrəyliyinin bariz nümunəsidir. Xalqın dəstəyinə söykənən siyasi iradə nəticəsində suveren və bütöv Azərbaycan qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir.

Nail ƏSGƏROV

Nəşr edilib : 18.07.2026 10:00