NAXÇIVAN :

01 May 2025, Cümə axşamı

Bir ömrün uvertürası – Üzeyir Hacıbəyli

...

Sadəcə, Üzeyir kimi, rəsmi olaraq Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli kimi tanınan bu görkəmli şəxsiyyət özünün misilsiz xidmətləri ilə Azərbaycan mədəniyyətinin heykəlinə çevrilmişdir. Bu nadir şəxsiyyət adı ilə Azərbaycan milli musiqisini rəmzləşdirən dahi bir simadır. Adı milli musiqimizin ifadəçisinə çevrilən bu görkəmli simanın bütün taleyi Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı olub. Bütün bu misilsiz xidmətlərinə görədir ki, 2025-ci ildə Üzeyir bəyin əziz xatirəsinə ehtiram nümunəsi kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda göstərildiyi kimi: “Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır... Üzeyir Hacıbəyli, eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun Azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir”.

Azərbaycan peşəkar musiqisinin mənəvi atası...

Əvvəla, qeyd edək ki, Üzeyir bəy kimi dahi şəxsiyyətin Azərbaycan xalqına bəxşi ilahi bir lütf idi. O, Azərbaycan ictimai, ədəbi, mədəni fikrinə, onun incəsənəti, mədəniyyəti, ədəbiyyatı, publisistikası, teatrı və başqa sahələrinə nə verməyib?.. Haqlı olaraq Üzeyir bəyin adı gələndə nəhəng və əzəmətli bir Azərbaycan konservatoriyası göz önündə canlanır. Təkbaşına belə Azərbaycan musiqisini təmsil etməyə qadir və qabil bir şəxsiyyət, nəhəng və sanballı bir sima idi o. Üzeyir bəyin musiqiçi kimi yetişməsi və şöhrət tapmasında qocaman “Qafqazın Konservatoriyası” adlanan Şuşanın (və əlbəttə ki, Qarabağın!) nə qədər rolu var idisə, bu doğma yurdun da belə bir şöhrətə qabil olmasında onun yetirdiyi Üzeyir bəy kimi say-seçmə və çoxsaylı musiqiçi övladları mühüm rol oynamışdı. Üzeyir bəy Azərbaycan musiqiçilərinin mənəvi atası idi. 1908-ci ildə başlatdığı opera janrı təkcə ölkəmiz üçün deyil, bütün geniş bölgə – Qafqaz və digər yaxın türk-müsəlman ölkələri üçün istiqamətləndirici faktor oldu. Onun bəstələdiyi operalar təkcə musiqi sənətimizə zənginlik qatmadı, həm də librettoların mətninin aid olduğu əsərlərə əbədiyaşarlıq və şöhrət bəxş etdi. 1908-ci ildə Şərqin ilk operası olaraq yaddaqalan dahi Füzulinin “Leyli və Məcnun” əsərinin əsasında hazırlanan opera həm də Şərqin dahi Füzulisinə yenidən böyük bir şöhrət və məhəbbət qazandırdı. 

Böyük ədəbiyyat nəhəngi...

...Üzeyir bəy haqqında nəyi deməyəsən ki, vicdanın narahat olmaya? Azərbaycan ədəbiyyatının nəhəng və qüdrətli ədibi, el arasında daha çox “Məşədi İbad” kimi tanınmış “O olmasın, bu olsun”, o cümlədən “Arşın mal alan”, “Ər və arvad” komediyalarının unudulmaz müəllifi... Məşhur “Ordan-burdan” silsilə məqalələrinin ölməz imza sahibi... “Leyli və Məcnun”, “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm”, “Harun və Leyla”, “Rüstəm və Söhrab”, “Koroğlu” kimi operaların yaradıcısı... Çoxsaylı satirik hekayələr, səhnəciklər və məqalələr müəllifi... Onun əsərləri həm də Azərbaycan xalq sənətinə yeni güc verdi və onun yaşamasına zəmin hazırladı. Azərbaycan xalq mahnıları məhz bu dahi şəxsiyyətin təşəbbüsü ilə nota alınaraq, xalqın əbədilik milli sərvətinə, zəngin xəzinəsinə çevrilərək, itib-batmaqdan xilas oldu. Naxçıvanın məşhur yallıları bu qədirbilən şəxsiyyətin sayəsində yenidən həyat və əsl sənət taleyi yaşamağa imkan tapdı. Beləliklə də, dünya-bəşər mədəniyyətinə Azərbaycan mədəniyyəti adlı təkrarolunmaz, özünəməxsus, zəngin, qədim və əlvan bir mövcudluq naxışı bəxş etdi. O həm də bu zəngin milli sərvətin elmi şəkildə öyrənilməsinə də başlanğıc verdi, özünün həmişəyaşar elmi əsərləri ilə nümunə və zəmin yaratdı. “Muğamat və xalq mahnılarının ifası haqqında”, “Səhnənin tərbiyəvi əhəmiyyəti haqqında”, “Vəzifeyi-musiqiyyəmizə aid məsələlər”, “Türk operaları haqqında”, “Azərbaycan musiqi həyatına bir nəzər”, “Musiqidə xəlqilik” və başqa çoxsaylı məqalələri ilə fundamental musiqi, incəsənət, teatr və mədəniyyət sahələrinə dair sanballı elmi əsərlər ortaya qoydu. Və əlbəttə ki, Azərbaycan elmində mədəniyyətşünaslıq, sənətşünaslıq və digər elm sahələrinin binasını qoydu. Üzeyir bəy, həmçinin böyük xalq müəllimi idi. Azərbaycan balalarının savadlanmasında can qoyan maarif xadimlərindən biri idi. Onun “Rusi-türki və Türki-rusi” lüğəti və “Hesab məsələləri” adlı metodik vəsaiti həm dövrü üçün yenilikçilik idi, həm də xalq müəlliminin can yanğısının təzahürü.

Milli-mənəvi dəyərlərin, xalq folklorunun yaşadıcısı, Naxçıvandan seçilən xalq deputatı...

Üzeyir bəy həm də Naxçıvan üçün doğma, əlahiddə bir şəxsiyyət idi. Əvvəla, bütün bölgələrdə olduğu kimi, Naxçıvanda da peşəkar musiqi mədəniyyətinin inkişafı məhz onun və ardıcıllarının sayəsində mümkün olub. Çünki bu dahi şəxsiyyət, ümumən, Azərbaycan milli musiqi təhsil sisteminin əsasını qoyub. Bilavasitə Üzeyir Hacıbəylinin şəxsi səyləri ilə Bakıda musiqi təhsili məktəblərinin açılmasından sonra onun tövsiyəsi və dəstəyi ilə Naxçıvanda da milli musiqi təhsilinin əsası qoyulmuşdur. Hətta yazılanlara görə, dahi bəstəkarın böyük qardaşı, Üzeyir və Ceyhun Hacıbəylilərin formalaşmasında böyük xidmətləri olmuş Zülfüqar Hacıbəyli müvəqqəti olaraq Naxçıvanda yaşayıb-yaratmış, Üzeyir bəyi Naxçıvan mühiti, mədəni şəraiti və inkişafı ilə o, yaxından tanış etmişdir. Məhz bu nəhəng mədəniyyət xadimlərinin əzmkar fəaliyyətlərinin nəticəsi olaraq Naxçıvanda da musiqi təhsilinə şərait yaradılır. Qeyd etmək lazımdır ki, böyük Üzeyir bəyin 1937-ci ildə SSRİ Ali Sovetinin Millətlər Sovetinə Naxçıvanın Şərur rayonundan namizədliyi verilərək seçilmişdir. Elə 1937-ci ildə Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvanda musiqi məktəbinin açılması ilə bağlı qərar verilmiş, tədris ili üçün şagird kontingentinin say tərkibi də müəyyənləşdirilmişdir. Həmin musiqi məktəbində şagirdlərə 5 şöbə üzrə: tar, kamança, royal, nəfəsli və simli alətlər üzrə dərslər tədris edilib. Üzeyir bəy Naxçıvanda olarkən ətraflı maraqlandığı bu zəngin mədəniyyət beşiyində yallı rəqsləri daha çox diqqətini cəlb edib və ümumən, Naxçıvanın, onun Şərur bölgəsinin folklor etibarilə zəngin olduğuna da diqqət çəkərək yazıb: “Şərur Azərbaycan folklor mədəniyyətinin beşiyidir”. O, yallıların da ana məkanının Şərur olduğunu yazaraq: “Yallının vətəni Şərurdur, yallı Şərurda doğulub”, – deyə öz fikrini ifadə edib.
    O həm də iki Dövlət Himnimizin musiqisinin müəllifidir. Bu gün də Dövlət Himnimiz olan, Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan SSR-in Dövlət Himninin musiqisini Üzeyir bəy Hacıbəyli yazmışdı. Qüvvətli publisist kimi tanınan Üzeyir bəy Hacıbəyli, habelə “Həqiqət”, “Tərəqqi” kimi qəzetlərin redaktoru, eləcə də qardaşı Zülfüqar Hacıbəyovdan sonra ilk rəsmi dövlət mətbuat orqanımız olan Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı “Azərbaycan” qəzetinin baş redaktoru olmuşdur. Bütün bunlara və bundan ziyadə olub sadalanmayan faktlara görə, Üzeyir bəy şəxsiyyəti, siması istər yaxın, istərsə də uzaqdan həmişə nəhəng, əzəmətli, canlı və dərindir. 
Üzeyir bəyin əziz xatirəsi unudulmazdır: o, hər zaman qəlbimizdə, dilimizdə, şüurumuzdadır. Hər zaman təntənə ilə çalınan uvertüranın səfərbər­edici, birləşdirici musiqisində, əl qoyub qəlbimizə dərin bir intizamla oxuduğumuz dövlətimizin himnində, zümzümə etdiyimiz çoxsaylı mahnılarımızın səsindədir. 
Azərbaycan xalqının bu dahi bəstəkar oğlunun anadan olduğu gün 18 sentyabr ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd edilir. Ölkəmizdə Milli Musiqi Günü 1995-ci ildən Azərbaycan xalqının böyük oğlu, milli mədəniyyət və incəsənətimizin böyük hamisi Ümummilli Lider Heydər   Əliyev tərəfindən dahi bəstəkarın şərəfinə rəsmiləşdirilib. 
Üzeyir bəy Hacıbəyliyə ehtiramını bildirən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dahi şəxsiyyətin xatirəsinin yaşadılmasına əməli töhfələr və imkanlar yaratmaqla bərabər ev-muzeyinin yaradılmasında da iştirak edərək demişdir: “...Dahi Üzeyir bəy Hacıbəyovun xatirəsi qarşısında baş əyirəm. Bütün Azərbaycan xalqı bu gün Üzeyir Hacıbəyovun xatirəsi qarşısında baş əyir. Mən onun xatirəsinə hörmət və ehtiramımı bildirərək bu gün bir daha xalqımızı birliyə dəvət edirəm. ...O bizim üçün əzizdir və xoşbəxtlik də ondan ibarətdir ki, o bu gün də yaşayır”. 
Bəli, o bütün ömrünü Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. Hər nə yazıbsa, hər nə iş görübsə, canından əziz sevdiyi vətəni Azərbaycanın inkişafı üçün edib. O, təkcə Azərbaycan mədəniyyətini dünyada tanıdan və onun səfirinə çevrilən bir şəxsiyyət deyil. O həm də bir eli, bir ölkəni, bir torpağı mahnılarına sığdıran və ruhunda daşıyan Vətən fədaisi idi. Azərbaycan adlı Vətənin və ona olan sevginin notlarını yazıb ifadə edən bu dahi şəxsiyyət həm də zəngin milli mədəniyyəti ilə tanıtdığı ölkənin dünyadakı fəxri səfiridir. Bu nadir şəxsiyyət həm də təmsil etdiyi zəngin milli mədəniyyətimizlə düşmənlərimizə və bizi sevməyənlərə bir notadır. Bu torpaqda bir Üzeyir ruhu dolaşır üzü Şuşaya, Qarabağa doğru. “Koroğlu” uvertürasının notları altında özü kimi əsgər ruhları ilə xalqımızı birlik və həmrəyliyə səsləyərək bu ölkənin sərhədlərinə keşik çəkir. 
Üzeyir bəy torpaqlarımız işğaldan azad edilərkən hər zaman bizimləydi. O zaman döyüş ruhu əxz edən cəngiləri ilə, bu gün isə Qələbəmizin sevincini və milli qürurumuzu ifadə edən marşı və uvertürası ilə. Bizim uvertüramız öz Koroğlusuna və Koroğlularına səslənir, onların birlik rəmzi olan Vətən nəğmələrini, azadlıq hayqırışlarını, döyüş nərələrini özündə ifadə edir. İndi bizim uvertüramızın Koroğlusu Azərbaycandır, Azərbaycan xalqıdır, Ali Baş Komandanımız və müzəffər Ordumuzdur! Böyük Zəfər sevincinə bürünmüş 140 yaşın mübarək, dahi Üzeyir bəy! 

Ramiz QASIMOV
filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Nəşr edilib : 11.02.2025 10:14