Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Ş...
22:35 20.07.2026
0
0
0
NAXÇIVAN :
21 Iyul 2026, Çərşənbə axşamı
İlk baxışdan hər şey çox sadə görünür: simmetrik düzülmüş ağ-qara fiqurlar və qarşı-qarşıya əyləşmiş iki insan. Lakin oyun başlayan andan etibarən o kiçik taxta, əslində, dünyanın ən böyük və ən gərgin 64 xanalıq döyüş meydanına çevrilir. Bu meydanda güc qol qüvvəsi ilə deyil, zəka, səbir və strateji düşüncə ilə ölçülür. Əsrlərboyu milyonlarla insanı özünə cəlb edən bu intellektual oyun zaman keçdikcə beynəlxalq miqyasda daha da inkişaf edib. Bu inkişafın mühüm mərhələlərindən biri isə 1924-cü ildə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yaradılması olub. FIDE-nin qərarı ilə 1996-cı ildən etibarən hər il iyulun 20-si “Beynəlxalq Şahmat Günü” kimi qeyd olunur. Ölkəmizdə də şahmat hər zaman xüsusi sevgi, güclü ənənələr və dövlət qayğısı ilə əhatə olunub. Həyata keçirilən uğurlu idman siyasətinin tərkib hissəsi olan bu intellektual oyunun inkişafı sayəsində Azərbaycan bu gün dünya şahmatında öz sözünü deyən ölkələrdən biridir. Ağ-qara lövhə üzərində qazandıqları uğurlarla Azərbaycanın adını beynəlxalq arenada yüksəldən gənc şahmatçılar bu ənənəni uğurla davam etdirirlər. Beynəlxalq Şahmat Günü münasibətilə biz də şahmatı həyatının ayrılmaz hissəsinə çevirən, uğurları ilə seçilən gənclərlə həmsöhbət olduq.
2005-ci ildə Naxçıvan şəhərində anadan olan Nəsrin Babayeva Naxçıvan Dövlət Universitetinin Xarici dillər (ingilis-Azərbaycan dilləri üzrə tərcümə) ixtisası üzrə builki məzunlarından biridir. O artıq 15 ildir, peşəkar şəkildə şahmatla məşğul olur, son 4 ildə o məşqçi kimi fəaliyyət göstərərək bu oyunun sirlərini gənc nəslə öyrədir. Nəsrinin şahmata sevgisi ailəsindən başlanır. Bu qədim oyunun sirlərini ona Beynəlxalq Usta olan atası Talıb Babayev öyrədib. Altı yaşından Naxçıvan Şahmat Mərkəzinə gedən Nəsrin ilk beynəlxalq turnir təcrübəsini 2016-cı ildə Türkiyədə keçirilən “Malatya Open” turnirində qazanıb. Burada qazandığı uğur özünə inamını artırır və onu şahmata daha sıx bağlayır. Bu qələbədən sonra istər ölkəmizdə, istərsə də Türkiyə, Rumıniya və Serbiya kimi ölkələrdə beynəlxalq çərçivədə keçirilən turnirlərdə iştirak edərək müxtəlif nailiyyətlər əldə edib. Ali təhsilə hazırlıq dövründə isə şahmatı buraxmaq barədə düşünsə də, 2021-ci il onun həyatında əsl dönüş nöqtəsinə çevrilib: “Həmin il 10-a yaxın yarışda iştirak etdim. Demək olar ki, çoxunda yüksək nəticə göstərdim. İl sonunda reytinqimi 500 xal artıraraq Qadın FIDE Ustası tituluna layiq görüldüm. Bundan sonra anladım ki, şahmatla bağımı qopara bilmərəm”.
“Naxçıvan Premium 2021” turnirində beynəlxalq ustalar – Pərviz Qasımov və Toğrul Həsənzadə üzərində qazandığı qələbələr Nəsrinin yaddaşında xüsusi yer tutur. Elə həmin il Naxçıvanda keçirilən Qadınların Azərbaycan Çempionatı da onun karyerasında əlamətdar mərhələlərdən biri olub. Cəmi 2 xalla yarışa başlayan Nəsrin, növbəti turda qadın qrossmeyster Zeynəb Məmmədyarova ilə qarşılaşıb və böyük əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb. Bu uğur yarışın sonuna qədər ona daxili bir güc verərək yüksək nəticə göstərməsində mühüm rol oynayıb.
O təkcə fərdi uğurları ilə kifayətlənmir, həm də tələbəlik illərində universitetin Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyəti (TEC) xətti ilə ödənişsiz şahmat dərsləri keçməyə başlayıb. İxtisasının verdiyi üstünlüklərdən istifadə edərək ingilis dilində onlayn dərslər də təşkil edib. Hazırda isə Naxçıvan Dövlət Universiteti nəzdində Beynəlxalq Kembric Məktəbində şahmat müəllimi kimi çalışır. O deyir ki, uşaqlara şahmatı sevdirmək və onların gözlərindəki işığı görmək motivasiyasını artırır. Bu il iyunun 15-20-sində Milli Qurtuluş Gününə həsr olunmuş şahmat turnirində üçüncü yeri tutan Nəsrinin qarşısına qoyduğu əsas məqsəd beynəlxalq yarışlarda iştitak etmək və Qadın Beynəlxalq Usta tituluna yiyələnməkdir.
Şahmat təkcə taxta üzərindəki mübarizə deyil, həm də gənc yaşda formalaşan xarakter, məsuliyyət və iradə məktəbidir. Naxçıvan Şahmat Mərkəzinin yetişdirdiyi 12 yaşlı Yasin Əzimovun keçdiyi yol buna ən gözəl nümunələrdən biridir. Yasinin şahmatla ilk tanışlığı 4-5 yaşlarında atasının ona şahmat taxtası hədiyyə etməsi ilə başlayır. Bacıları ilə arasında keçirilən kiçik ailə yarışları zamanla məşğuliyyətə çevrilir. 2020-ci ildə ailəsi ilə birlikdə Naxçıvana köçən Yasin buradakı Şahmat Mərkəzində peşəkar məşqçi Urfan Sevdimalıyevin rəhbərliyi altında dərslərə başlayır. Yasin yerli yarışlar və beynəlxalq turnirlərdə iştirak edərək nailiyyətlər əldə edir. O, 2022-ci ildə Türkiyənin Malatya şəhərində keçirilən Aslantepe və Van şəhərində keçirilən turnirlərdə 8 yaşadək şahmatçılar arasında 1-ci yeri tutur. 2023-cü ildə isə öz yaş qrupu üzrə Azərbaycan Çempionatının gümüş medalına sahib olur. Həmin il Albaniyanın Dürres şəhərində keçirilən məktəblilər arasında Avropa Çempionatında 7,5 xal toplayaraq Avropa çempionu adını qazanan Yasin 2024-cü ildə isə 10 yaşadək oğlanlar arasında Azərbaycan çempionu zirvəsinə yüksəlir. Bu parlaq çıxışların ardınca 2025-ci ildə Beynəlxalq Şahmat Federasiyası tərəfindən Yasinə Candidate Master (CM – Ustalığa Namizəd) titulu verilir. Bununla da o, Naxçıvan şahmat tarixində bu titulu alan ən gənc (11 yaş) şahmatçı kimi adını tarixə yazdırmağı bacarır. Yasinin şahmat taxtası arxasındakı əsas xüsusiyyətlərindən biri sakitliyini qorumağı bacarmasıdır. O, mürəkkəb mövqelərdə qərar verməyə tələsmir, variantları hesablamağa və rəqibin planını əvvəlcədən müəyyənləşdirməyə çalışır. Yasinin ən böyük arzusu beynəlxalq qrossmeyster adını qazanmaq və Azərbaycanın bayrağını nüfuzlu dünya yarışlarında yüksəklərə qaldırmaqdır. Bunun üçün o həmişə məşqlərini, həm də yarış hazırlığını böyük məsuliyyətlə davam etdirir.
Naxçıvan Şahmat Mərkəzinin parlayan digər bir ulduzu isə hazırda II dərəcəli şahmatçı olan 8 yaşlı Aylanın bu sehrli dünyaya addım atmasında ən böyük mayak onun qardaşı olub. Qardaşının yarışlarda qazandığı uğurları böyük bir heyranlıqla izləyən Ayla üçün şahmat taxtası, sadəcə, fiqurların deyil, həm də mübarizənin meydanına çevrilir. Qardaşından keçən şahmat sevgisi bu gün Ayla üçün artıq ilk uğur pilləsinə çevrilib. Balaca yaşına baxmayaraq, o həm ölkə daxilində, həm də beynəlxalq arenada Naxçıvanı və Azərbaycanı layiqincə təmsil etməyi bacarır. Ayla 2025-ci il 29 iyul-8 avqust aralığında Gürcüstanın Batumi şəhərində keçirilən nüfuzlu Beynəlxalq Şahmat Festivalında ölkəmizi uğurla təmsil edib. Həmin ilin dekabrın 10-da isə məktəblilər arasında Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş şahmat üzrə Tempo turnirində qızlar arasında üçüncü yeri qazanıb. Uğurlarının ardı 2026-cı ildə də davam edib. Fevralın 2-7-də keçirilən 8-18 yaşlı şahmatçılar arasında Azərbaycan Çempionatının final mərhələsinə seçmə yarışlarında Naxçıvan Muxtar Respublikası üzrə 8 yaşlı qızlar arasında birinci yeri tutaraq ölkə çempionatına birbaşa vəsiqə qazanıb. Martın 23-30-da Gəncə İdman Sarayında təşkil olunan 8-18 yaşlı şahmatçılar arasında respublika çempionatının finalında inamla mübarizə aparıb. Aprelin 28-29-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 102-ci illiyinə həsr olunmuş Tempo turnirində 8 yaşlılar arasında birinci yeri qazanan Ayla son olaraq 2026-cı il iyunun 15-20-də Naxçıvan şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş Beynəlxalq Reytinqli Şahmat Turnirində də 8 yaş kateqoriyası üzrə bütün rəqiblərini geridə qoyaraq birincilik qazanıb.
Gənc istedadlarımızın beynəlxalq və respublika miqyaslı turnirlərdə əldə etdiyi bu möhtəşəm uğurlar güclü bir şahmat nəslinin yetişdiyinin bariz nümunəsidir. Beynəlxalq Şahmat Günü münasibətilə bütün şahmatsevərləri təbrik edir, ağ-qara lövhə üzərində mübarizə aparan zəka sahiblərimizə yeni-yeni “Şah və mat” dolu qələbələr arzulayırıq.
Səmayə RƏSULOVA
Digər xəbərlər