NAXÇIVAN :

03 Dekabr 2024, Çərşənbə axşamı

Beynəlxalq Kənd Təsərrüfatı Konqresinin yeddincisi Naxçıvan Dövlət Universitetində keçirilib

...

Konqresdən öncə qonaqlar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, Heydər Əliyev Muzeyini  ziyarət ediblər. 
Tədbir Ulu Öndər Heydər Əliyevin və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün, eləcə də Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. 
Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. 
Ardınca Naxçıvan Dövlət Universitetinin ev sahibliyi etdiyi konqresin Türkiyənin Pamukkale, Giresun, İğdır, Kahramanmaraş Sütçü İmam Universitetləri və Anadolu Ziraat Mühəndisliyi Dərnəyinin birgə təşkilatçılığı ilə açılışı baş tutub. 
“Naxçıvan Dövlət Universitetinin strateji inkişaf planında qardaş Türkiyə Cumhuriyyəti universitetləri ilə əlaqələr bizim üçün prioritet məsələdir. Bu baxımdan bu gün keçirilən VII Beynəlxalq Kənd Təsərrüfatı Konqresi xüsusi əhəmiyyətə malikdir" bu fikirləri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ali təhsil ocağında keçirilən VII Beynəlxalq Kənd Təsərrüfatı Konqresinin açılış tədbirində səsləndirib. Qeyd olunub ki, qardaş ölkənin bir çox universitetləri ilə müxtəlif sahələrdə birgə əməkdaşlıqlar mövcuddur ki, bunlar arasında kənd təsərrüfatı sahəsinə dair ixtisaslar mühüm yer tutur. Bildirilib ki, konqresin ali təhsil müəssisələri arasında keçirilməsi gələcəkdə bu istiqamətdə ixtisaslı kadrların yetişməsinə öz töhfəsini verəcək. Rektor qonaqları salamlayıb və konqresin işinə uğurlar arzu edib. 
Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya diqqətə çatdırıb ki, Türkiyə universitetləri Naxçıvan  Dövlət Universiteti ilə akademik sahədə təcrübələrin paylaşılmasına xüsusi önəm verir. Asip Kaya VII Beynəlxalq Kənd Təsərrüfatı Konqresində veriləcək məlumatların universitetlərin akademik heyət və tələbələri üçün faydalı olacağına əminliyini bildirib. Vurğulanıb ki, son üç ildə Türkiyə ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində bir çox bəyannamə və Anlaşma Memorandumu imzalanıb. 
Konqresinin sədri, professor Turan Qaradəniz, Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru, professor Alptekin Yasim, İğdır Universitetinin professoru Səlahəttin Çələbi, Dənizli vilayətinin Baklan bələdiyyəsinin sədri  Yusuf Gülsevər,  Dənizli vilayətinin Çameli bələdiyyəsinin sədri Cəngiz Arslan Türkiyə ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində güclü əməkdaşlıqdan bəhs ediblər. Bildirilib ki, qlobal istiləşmə və su ehtiyatlarının sürətlə tükənməsi dünyada kənd təsərrüfatı istehsalının azalması ilə əlaqədar olaraq ərzaq təhlükəsizliyi ölkələrin ən mühüm prioritetinə çevrilib.
Sonra Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin müəllim və tələbələrinin ifasında konsert proqramı baş tutub. Milli və vətənpərvər ruhda ifa olunan musiqi və rəqs nömrələri tədbir iştirakçılarında xoş ab-hava yaradıb. Xanəndələrin ifasında mahur və şur təsnifləri, sarı gəlin və naz eləmə rəqsləri, Azərbaycan mahnısı, zurna ifasında xalq rəqsləri və sazda el havaları alqışlarla qarşılanıb. 
Daha sonra qarşılıqlı hədiyyələr təqdim olunub. 
Konqres yerlərdə bölmə iclasları ilə öz işini davam etdirib. 61 mövzu ilə 3 salonda davam edən konqresdə dünyanın 7 ölkəsindən 70-dən çox məruzəçi iştirak edib.  
Naxçıvan Dövlət Universitetinin Texniki Kollecində “Şirin su balıq təsərrüfatı”, “Budama və onun meyvəçilikdə əhəmiyyəti,” “İstixana becərilməsi zamanı yaranan problemlər”, “Lavanda bitkisinin yetişdirilməsi və onun Naxçıvan üçün əhəmiyyəti”, “Kartof becərilməsi və onun əhəmiyyəti”, “Quru və yaş şəraitdə yetişdirilən buğdanın müqayisəsi” və digər mövzular ətrafında çıxışlar dinlənilib. 
Naxçıvan Dövlət Universitetinin “Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi və Baytarlıq təbabəti kafedrasında tərkibində efir yağları olan bəzi bitki növlərinin milli təsərrüfat əhəmiyyəti”, “Adana bölgəsində süd istehsalı və keyfiyyət parametrlərinin təhlili”, “Naxçıvan Muxtar Respublikasında arıçılığın əsas problemləri”, “Aqrar sahədə innovasiyalar və fondların xarakteristikası”, “Kənd təsərrüfatında süni intellektin istifadəsi” və bir sıra mövzulara dair məruzələr dinlənilib. 
Bölmə iclasları sual-cavab formasında davam edib. 
İki gün davam edən konqresin sonunda iştirakçılara sertifikat təqdim edilib. 
Qeyd edək ki, konqresə gələn yerli və xarici qonaqların muxtar respublikanın tarixi və turistik məkanlarına gəzintiləri də təşkil edilib.

Nəşr edilib : 30.09.2024 17:21