NAXÇIVAN :

08 Noyabr 2024, Cümə

Beynəlxalq Əmək Təşkilatı: Təşkilatın standartlarını MDB-də ən çox qəbul edən ölkələrdən biri Azərbaycandır

...

Beynəlxalq Əmək Təşkilatı (BƏT) rəsmi saytında Azərbaycanda əmək münasibətləri və sosial dialoqun inkişafı sahəsində aparılan islahatlara dair məlumat yerləşdirib.
"Şərq qapısı" xəbər verir ki, “BƏT və Azərbaycan – Sosial Dialoq üçün Yeni Üfüqlər” adlanan məlumatda 59 Konvensiya və bir protokolu ratifikasiya edən Azərbaycanın MDB ölkələri arasında ən çox BƏT-in standartlarını qəbul edən ölkələrdən biri olduğu vurğulanıb. Ölkəmizin sosial dialoqla bağlı 144 nömrəli Konvensiyasını da ratifikasiya etdiyi bildirilib.
Hələ 1999-cu ildə Azərbaycanda sosial dialoqun iştirakçıları - Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə üçtərəfli məsləhətləşmələrlə Əmək Məcəlləsinin qəbul edildiyi diqqətə çatdırılıb.
Ölkədə yaradılan Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın gücləndirilmiş sosial dialoqa əsaslanan fəaliyyəti qeyd olunub. Həmçinin Komissiyanın tərkibində yaradılan işçi qruplarından bəhs olunub, “Sosial tərəfdaşlıq haqqında” qanun layihəsinin hazırlanması üzrə də işçi qrupunun yaradıldığı bildirilib.
Qeyd edilib ki, BƏT-in 155 nömrəli Konvensiyasının tələblərinin icrası məqsədilə Komissiyanın tərkibində yaradılan İşçi Qrupunun tədbirlər planında əməyin mühafizəsi üzrə ölkə strategiyasının hazırlanması da yer tutur və bununla bağlı qabaqcıl təcrübələr araşdırılır.
Məlumatda həmçinin sosial dialoqun iştirakçılarının (Hökumət, ASK, AHİK) birgə qərarı ilə ölkəmizdə 2023-2025-ci illər üçün Baş Kollektiv Sazişin imzalandığı, həmin saziş çərçivəsində görülən işlər üzrə Komissiyada mütəmadi müzakirələr aparıldığı diqqətə çatdırılır.
Habelə Komissiya və onun fəaliyyəti ilə bağlı məlumatlılığın artırılması məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində müvafiq bölmədə məlumatların əks etdirildiyi vurğulanır.
Sosial iqtisadi, insan və əmək hüquqlarını müdafiə edən nüfuzlu beynəlxalq təşkilat olan BƏT Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış bir qurumudur.

Nəşr edilib : 30.10.2024 19:57