Naxçıvanda yol qəzalarının sayı açıqlanıb
23:50 22.01.2025
0
0
0
NAXÇIVAN :
22 Yanvar 2025, Çərşənbə
Tarixən İslam sivilizasiyasının mühüm mərkəzlərindən biri kimi tanınan Azərbaycan müstəqillik qazandıqdan sonra bu missiyasını daha müasir formada, yeni reallıqlar zəminində uğurla reallaşdırmaqda davam edir. Ölkəmizin xarici siyasət kursunda İslam dünyasının inkişafı, müsəlman dövlətləri ilə münasibətlər prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət edərək təşkilata tamhüquqlu üzv qəbul olunub. İslam həmrəyliyi naminə daim əhəmiyyətli təşəbbüslərlə çıxış edən respublikamızın müsəlman dəyərlərinə verdiyi önəmin, eyni zamanda müsəlman dünyasındakı rolunun nəticəsidir ki, son 15 ildə 3 şəhərimiz – 2009-cu ildə Bakı, 2018-ci ildə Naxçıvan və 2024-cü ildə Şuşa İslam mədəniyyətinin paytaxtı seçilib. Həmçinin Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci il ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilib, həmin il həyata keçirilən silsilə tədbirlərin mühüm tərkib hissəsi kimi Azərbaycan paytaxtında IV İslam Həmrəyliyi Oyunları baş tutub. İslam dünyasının inkişafına xidmət edən, müsəlman ölkələrinin həmrəyliyi naminə bütün bu və digər mühüm töhfələrin, eləcə də aparılan uğurlu diplomatiyanın, etibarlı əməkdaşlıq əlaqələrinin məntiqi nəticəsi olaraq ötən ilin sonu, daha dəqiq desək, dekabrın 19-da Azərbaycan daha bir nüfuzlu təşkilat olan D-8-ə üzv qəbul edildi...
D-8-in tarixi əhəmiyyətinə gəlincə bu, 1997-ci ildə İstanbulda yaradılması elan olunan beynəlxalq bir təşkilatdır və fəaliyyəti dövründə inkişaf edən səkkiz müsəlman ölkəsinin iqtisadi və siyasi əməkdaşlığını gücləndirməyi qarşıya məqsəd qoyub. Türkiyə, İndoneziya, İran, Pakistan, Banqladeş, Nigeriya, Misir və Yəməndən ibarət təşkilat üzv ölkələr arasında birgə ticarət, investisiya və texnoloji əməkdaşlıq yaratmaq üçün müxtəlif proqramlar həyata keçirir, əlaqələr, əsasən, təhsil, mədəniyyət və sosial sahələr üzərindən qurulur. Eyni zamanda dövlətlər arasında iqtisadi əlaqələrin artırılması və inkişaf etməkdə olan ölkələrin dünya bazarlarında daha böyük rol oynaması üçün təşviqedici tədbirlər görülür. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən D-8-in ümumi daxili məhsul istehsalı 5 trilyon dollardan çoxdur. Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var və 30 ilə yaxın müddətdə təşkilat sıralarına heç kimi qəbul etməyib, o zaman Azərbaycanın bu təşkilata üzvlüyü olduqca uğurlu bir addımdır fikrini əminliklə söyləyə bilərik. Ölkə Prezidenti cənab İlham Əliyev bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində də məhz bu məqama xüsusi toxundu və təşkilata üzvlüyü mühüm diplomatik uğur kimi dəyərləndirdi: “Bu bizim üçün növbəti uğurlu addım oldu. Çünki Azərbaycanın bu təşkilata qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir... Birinci genişlənmə qərarından sonra qəbul edilən üzv Azərbaycan oldu. Əlbəttə ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda beynəlxalq aləmdə rolumuzu göstərir”.
Azərbaycanın D-8 üzvlüyünə seçilməsinin qərara alınması heç də təsadüfi deyil, təşkilatın mahiyyətinə uyğun illərdir, həyata keçirilən məqsədyönlü xarici, daxili siyasətin, uğurlu diplomatiyanın məntiqi nəticəsidir. Bu xüsusda torpaqlarımızın otuzillik işğalı dövründə törədilən vəhşiliklər və bu vandalizmin islamofobiya yaratmaq məqsədinə, İslam dininə məxsus abidələrin məhv edilməsinə diqqəti çəkməmək mümkünsüzdür. Elə işğal zamanı 67 məsciddən 65-nin tamamilə dağıdılması faktı terrorçu Ermənistan dövlətinin necə islamofob siyasət apardığının bariz göstəricisidir. Bu fakt özlüyündə hər şeyi deyir, əlavə şərhə ehtiyac qalmır. Bəli, dünya üçün tolerantlıq nümunəsi ortaya qoyan, bütün dinlərə hörmətlə yanaşan, ayrı-ayrı xalqların milli, dini bayramlarının yüksək səviyyədə keçirilməsinə şərait yaradan ölkəmiz, təəssüf ki, uzun illər haqsız maddi-mənəvi təzyiq və təhdidlərə məruz qalıb. Ancaq təqdirəlayiq haldır ki, böyük güclərin, hegemon dövlətlərin seyirci qaldığı sözügedən məsələlər barədə Azərbaycan heç zaman çəkinməyib, daim haqlı mübarizəsini aparıb, öz qətiyyətli mövqeyini ortaya qoyub. Prezident cənab İlham Əliyev müxtəlif beynəlxalq təşkilatların tribunalarından, siyasi platformalardan, o cümlədən BMT-dən həm respublikamızın, həm də müsəlman ölkələrinin maraqlarını üstün tutub, dini ekstremizmin, islamofobiyanın aradan qaldırılmasına, İslam həmrəyliyinə çağırışlar edib. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dəfələrlə dünya siyasi gündəminə gətirən, bu soyqırımını qətiyyətlə pisləyən ölkəmizin başçısı BMT-dən sonra ikinci ən böyük təsisat sayılan Qoşulmama Hərəkatına 4 illik sədrlik dövründə, xüsusilə də pandemiya dönəmində ehtiyacı olan ölkələrə, o cümlədən də Qərbin müstəmləkə siyasətindən əziyyət çəkən, əzilən kiçik müsəlman dövlətləri üçün resursları səfərbər etmək və peyvəndlərə əlçatanlıq imkanı yaratmaq təşəbbüsləri ilə çıxış edib. Son dövrlərdə baş verən siyasi dəyişikliklərdə də respublikamız öz humanist mövqeyini, islami dəyərlərə, insani keyfiyyətlərə verdiyi önəmi ortaya qoyub. Xüsusilə də uzun illər qanlı toqquşmalara səbəb olan müsəlman ölkəsi Suriyada Bəşər Əsəd diktaturasının devrilməsinin ardından yeni hökumətin qurulması üçün Türkiyədən sonra Azərbaycanın yardım göstərməsi olduqca təqdirəlayiq addım kimi qiymətləndirildi. Ümumiyyətlə, son illərin siyasi, iqtisadi gündəliyini vərəqləsək, görərik ki, baş verən bütün təbii, qlobal dəyişikliklərdə, hüquqi-təşkilati proseslərdə, prosedurlarda ölkəmiz daim İslam həmrəyliyinə töhfəsi, müsəlman ölkələrinə dəstəyi ilə ön plana çıxır. Ölkə başçısının da dediyi kimi: “Biz bütün təşkilatlarda, əgər hansısa təşkilatda rəhbər vəzifəyə seçim keçirilirsə və orada müsəlman ölkəsinin nümayəndəsi varsa, mütləq avtomatik olaraq, o nümayəndəyə səsimizi veririk. Yəni bu mənim göstərişimdir və bir dəfə verilmiş göstəriş, yenə də deyirəm, avtomatik həll olunur. Biz bir çox müsəlman ölkələrinə yardımlar etmişik. Düzdür, biz bununla öyünmürük və edəndə də bunu çox da işıqlandırmırıq”.
D-8-in gələcəyi, Azərbaycan üçün önəmi ilə bağlı həm də onu vurğulamaq olar ki, bu təşkilata üzv olan ölkələrlə, xüsusilə də Türkiyə və Pakistanla dostluq münasibətləri, bütün sahələrdəki əməkdaşlıqlar geniş perspektivlər vəd edir. Digər tərəfdən, uzun illərdən sonra atılan bu addım yeni dünya düzəninin formalaşması prosesində təşkilatın nüfuzunun gücləndirilməsinin hədəfləndiyini göstərir. Yəni böyük ehtimalla D-8 bundan sonra da sıralarına konsensus əsasında yeni ölkələr qoşacaq və bir sıra platformalar arasında fərqlənməyə, regional, beynəlxalq əhəmiyyətini, təsirini, siyasi, iqtisadi çəkisini daha da artırmağa çalışacaq. Əminliklə demək olar ki, 44 günlük Vətən müharibəsindən ötən 5 ilə yaxın dövrdə
3 ölkə ilə strateji müttəfiqliyə imza atan, mühüm beynəlxalq təşkilatlarda söz sahibinə çevrilən, COP29 kimi mötəbər tədbirdə uğurlu nəticələr qazanan Azərbaycanın D-8-ə üzvlüyü ölkəmizin siyasi, iqtisadi mövqeyinin daha da möhkəmlənməsinə, əməkdaşlıq əlaqələrinin genişlənməsinə imkan verəcək.
Nail ƏSGƏROV
Digər xəbərlər