Hikmət Hacıyev Azərbaycanın İrandakı səfirliyinin ...
21:56 01.02.2025
0
0
0
NAXÇIVAN :
01 Fevral 2025, Şənbə
Niyaməddin İsrafil oğlu Ələkbərov
(12.07.1989-03.10.2020)
Niyaməddin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olmuşdu. Sumqayıt şəhərində böyümüşdü. Orta məktəbi də Sumqayıt şəhərində bitirmişdi. İdmanla məşğul olmağı çox sevərdi. Ən çox da futbol oynayardı. O, futbol oynayanda qapıda dayanmaqdan çəkinirdilər rəqib komandanın oyunçuları. Deyirdilər ki, Niyaməddinin vurduğu topu tutmaq mümkün deyil. Dostları ilə çox səmimi idi.
Həqiqi hərbi xidmətdən sonra ordu sıralarında qaldı. Elə o vaxt hamının hörmətini qazanmışdı. Komandirləri də, əsgərləri də onu öz qardaşları kimi sevirdilər. 11 il gizir kimi xidmət etdi ordu sıralarında. Xidmətə Ağdam rayonunda başlamışdı. Tərtər, Naftalan, Beyləqan rayonlarında xidmətini davam etdirmişdi. Kəşfiyyat bölüyündə olduğu üçün Vətən müharibəsi başlanmazdan iki ay öncə cəbhə bölgəsinə göndərilmişdi. Həmin günlərdə ona zəng vurub hal-əhval tutanda deyirdi ki, mən uzaqdayam, döyüş bölgəsinə yaxın deyiləm. Bir gün də söhbət edəndə soruşdum ki, oğul, deyirlər, müharibə olacaq. Cavab verdi ki, ay ana, Ali Baş Komandan əmr verdikdən sonra mən hazıram döyüşə getməyə. Bu torpaq bizimdir. Özün də cəbhə kəndində yaşamısan. Sədərəkdə döyüş gedən günlərə şahid olmusan. Bilirsən ki, bu düşməni sözlə başa salmaq olmur. Döyüşüb torpağı azad etməyimizdən başqa yol yoxdur. Hər birimiz bu Vətən üçün döyüşməyə, şəhid olmağa hazırıq.
Balam elə yaraşıqlı idi ki. Yaraşığını Aydan, boyunu çinardan almışdı sanki. Onu Allah mənə seçib vermişdi. O, evdə olanda toy-bayram idi. Mənim 4 övladım var – iki qız, iki oğlan. Niyaməddin evin üçüncü övladı idi. Qardaşının balalarını qucağından yerə qoymazdı. Onlar nə istəsə alardı. Gəzməyə aparardı, əzizləyərdi. Əl qabiliyyəti də, danışıq qabiliyyəti də çox gözəl idi. Ona görə də hara getsə, tez özünə dost, yoldaş tapardı. Müharibə beş ildir ki, bitib, amma mən hələ də inanmıram onun əbədiyyən məndən ayrıldığına. Qardaşı balaları tez-tez soruşurlar ki, əmim hara gedib? Cavab verə bilmirəm. Bütün sevincimi apardı oğlum. Atası ilə o qədər bir-birinə bağlı idilər ki... Atası Niyaməddinin şəhid olmasına dözə bilmədi. Dünyasını dəyişib balasına qovuşdu. Müharibə bitəndən sonra xidmət etdiyi hərbi hissəyə gedəndə döyüş yoldaşları onun haqqında elə gözəl sözlər danışırlar ki, qürurum daha da artır. Niyaməddin toy libası geyinə bilməsə də, Vətən bayrağı bəy köynəyi oldu.
Digər xəbərlər