NAXÇIVAN :

22 Iyul 2026, Çərşənbə

Berlin səfəri: Azərbaycan-Almaniya münasibətlərində yeni strateji mərhələ

...

Son illərdə beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi dəyişikliklər, enerji təhlükəsizliyinin və nəqliyyat marşrutlarının strateji əhəmiyyətinin artması Azərbaycanla Avropa dövlətləri arasında əməkdaşlığa yeni məzmun qazandırıb. Xüsusilə Avropanın aparıcı iqtisadi güclərindən biri olan Almaniya ilə əlaqələrin inkişafı həm ikitərəfli münasibətlər, həm də regional sabitlik və iqtisadi əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Qarşılıqlı siyasi dialoqun intensivləşməsi, iqtisadi əlaqələrin genişlənməsi və enerji sahəsində uğurlu tərəfdaşlıq bu münasibətlərin strateji xarakter aldığını göstərir.

Bu baxımdan Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri, səfər çərçivəsində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə keçirdiyi görüşlər Azərbaycan-Almaniya münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Dəyişən geosiyasi reallıqlar fonunda Azərbaycan Almaniya üçün təkcə etibarlı enerji tərəfdaşı deyil, eyni zamanda Avropa ilə Asiyanı birləşdirən strateji nəqliyyat və logistika qovşağı kimi xüsusi əhəmiyyət daşıyır. Məhz bu baxımdan aparılan danışıqlarda siyasi dialoqun dərinləşdirilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, yaşıl enerji, nəqliyyat-kommunikasiya layihələri və regional əməkdaşlıq məsələləri əsas müzakirə mövzularını təşkil edib.

Bakı-Berlin əməkdaşlığı daha sistemli və uzunmüddətli müstəviyə daşınır

Səfərin ən mühüm nəticəsi Prezident İlham Əliyev və Almaniya Federal Kansleri Fridrix Merts tərəfindən “Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün Strateji Gündəliyə dair Birgə Bəyannamə”nin imzalanması oldu. Tədbirdə, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması və fəaliyyətinə dair Birgə Bəyannamə də imzalandı. Bu sənədlər iki ölkə arasında münasibətlərin strateji məzmununun daha da dərinləşdiyini və əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqləyir.

Strateji Gündəliyə dair Birgə Bəyannamə siyasi dialoqun intensivləşdirilməsi, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi və ikitərəfli münasibətlərin uzunmüddətli inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sənəd iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, “yaşıl enerji”, sənaye, nəqliyyat-logistika, rəqəmsal transformasiya, innovasiya, elm, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.

Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması isə biznes dairələri arasında institusional əməkdaşlığı gücləndirəcək, qarşılıqlı investisiyaların artmasına, birgə istehsal və sənaye layihələrinin həyata keçirilməsinə, kiçik və orta sahibkarlığın inkişafına, yeni texnologiyaların və qabaqcıl idarəetmə təcrübəsinin tətbiqinə töhfə verəcək. Bu platforma sahibkarlar arasında birbaşa əlaqələrin genişlənməsini sürətləndirəcək, yeni investisiya layihələri və ticarət tərəfdaşlıqlarının formalaşmasını təşviq edəcək.

İmzalanan sənədlər, eyni zamanda Azərbaycanın Avropa İttifaqının aparıcı iqtisadi güclərindən biri olan Almaniya ilə əlaqələrinin daha da dərinləşdiyini göstərir. Bu əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, Orta Dəhlizin inkişafı, dayanıqlı iqtisadi artımın təmin olunması və regional nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Berlində əldə olunan razılaşmalar Azərbaycan-Almaniya münasibətlərinin gələcək inkişafı üçün möhkəm siyasi və iqtisadi zəmin formalaşdırmaqla yanaşı, qarşılıqlı maraqlara xidmət edən yeni əməkdaşlıq perspektivləri açır.

Prezident İlham Əliyev Federal Kansler Fridrix Merts ilə mətbuata bəyanatında da imzalanmış Birgə Bəyannamənin münasibətlərin gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq ikitərəfli gündəliyin kifayət qədər geniş olduğunu bildirdi:

Sitat: “Əminəm ki, bu gün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq. Eyni zamanda iqtisadi əlaqələrin genişləndirilməsi üçün bu gün imzalanmış Birgə Bəyannamə, əminəm ki, çox fəal işləyib yaxşı nəticələr hasil edəcəkdir. İkitərəfli gündəliyimiz kifayət qədər genişdir. Biz bu barədə Sizinlə həm təkbətək görüşdə, həm də geniş tərkibdə görüş əsnasında fikir mübadiləsi aparmışıq. Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə, bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir”.

Federal Kansler Fridrix Merts isə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanmasını tarixi hadisə kimi dəyərləndirərək bunun Cənubi Qafqazda uzunmüddətli sabitliyin formalaşması üçün mühüm imkan yaratdığını bildirdi. Almaniya və Avropa İttifaqının bölgədə davamlı sülhün bərqərar olmasında maraqlı olduğunu vurğulayan Kansler qeyd etdi ki, iqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün sabitlik əsas şərtdir: “Bölgədə daha böyük sabitlik ölkələrimiz arasında iqtisadi sahədə də geniş əməkdaşlıq üçün yeni imkanlar yaradır. Çox şadam ki, ölkələrimiz arasında münasibətlər yüksələn xətlə inkişaf edir. 2025-ci ilin yazında Prezident Ştaynmayer Azərbaycana səfər etmiş ilk alman dövlət başçısı oldu. Bu il, həmçinin parlamentlərimiz arasında intensiv mübadilələr oldu. Bu gün Birgə Bəyannaməni imzalamaqla biz ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsinin təməl daşını qoyduq”.

Beləliklə, Berlində imzalanan sənədlər və əldə olunan razılaşmalar Azərbaycan-Almaniya münasibətlərinin keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olduğunu göstərir. Strateji Gündəliyə dair Birgə Bəyannamə və Biznes Şurasının yaradılması Bakı-Berlin əməkdaşlığını daha sistemli və uzunmüddətli müstəviyə daşıyaraq siyasi dialoqdan iqtisadi tərəfdaşlığa qədər geniş sahələri əhatə edən yeni əməkdaşlıq mərhələsinin əsasını qoyur.

Azərbaycan-Almaniya strateji tərəfdaşlığında yeni geosiyasi reallıq

Bu gün Azərbaycan Almaniya üçün yalnız enerji ixrac edən ölkə deyil. Ölkəmiz, eyni zamanda Avropa ilə Mərkəzi Asiya arasında mühüm logistika qovşağı, regional sabitliyin əsas iştirakçısı və Cənubi Qafqazda sülh gündəliyini irəli aparan dövlət kimi çıxış edir. Azərbaycanın Orta Dəhliz üzrə artan rolu, müasir nəqliyyat infrastrukturu və geniş tranzit imkanları Almaniyanın iqtisadi maraqları ilə üst-üstə düşür. Bu isə ikitərəfli münasibətlərin artıq təkcə enerji sahəsi ilə məhdudlaşmadığını göstərir.

Bununla belə, enerji əməkdaşlığı tərəfdaşlığın əsas strateji istiqamətlərindən biri olaraq qalır. Xüsusilə bu ildən Azərbaycanın Almaniyaya təbii qaz ixracına başlaması Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətinə mühüm töhfə verməklə yanaşı, iki ölkə arasında qarşılıqlı etimadı və uzunmüddətli əməkdaşlığı daha da möhkəmləndirir. Hazırda Azərbaycan Almaniya da daxil olmaqla Avropa İttifaqına üzv 10 ölkəyə təbii qaz ixrac edir ki, bu da ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha təsdiqləyir. Bununla yanaşı, Azərbaycanın “yaşıl enerji” istehsalı və ixracı istiqamətində həyata keçirdiyi layihələr əməkdaşlığın gələcək inkişafı üçün yeni perspektivlər açır. Beləliklə, Azərbaycan həm ənənəvi enerji resursları, həm də bərpaolunan enerji potensialı ilə Avropanın etibarlı enerji tərəfdaşı mövqeyini daha da möhkəmləndirir.

Berlin səfəri ikitərəfli iqtisadi münasibətlərin inkişafına da yeni impuls verib. Hazırda Azərbaycanda 200-dən çox Almaniya şirkətinin fəaliyyət göstərməsi ölkənin investisiya mühitinə olan etimadın göstəricisidir. Strateji gündəlik çərçivəsində qarşılıqlı investisiyaların artırılması, sənaye, yüksək texnologiyalar, rəqəmsallaşma və yaşıl iqtisadiyyat sahələrində əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin iqtisadi maraqlarına cavab verir.

Mətbuata bəyanatlarda da vurğulandığı kimi, regional təhlükəsizlik Azərbaycan-Almaniya əməkdaşlığının mühüm istiqamətlərindən biridir. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh prosesində əldə olunan irəliləyiş Cənubi Qafqazın uzunmüddətli inkişafı üçün yeni imkanlar yaradır. Münaqişə risklərinin azalması nəqliyyat dəhlizlərinin açılması, ticarətin genişlənməsi və xarici investisiyaların artması üçün əlverişli şərait formalaşdırır. Bu baxımdan, Almaniyanın bölgədə sabitliyin möhkəmləndirilməsinə verdiyi siyasi dəstək həm Avropanın, həm də regionun maraqlarına xidmət edir.

Prezident İlham Əliyev Federal Kansler Fridrix Merts ilə mətbuata bəyanatında Ermənistanla münasibətlərin normallaşması istiqamətində əldə olunan nəticələri, Azərbaycanın sülh gündəliyinə sadiqliyini və münaqişədən sonrakı dövrdə atdığı praktiki addımları diqqətə çatdıraraq bildirdi: “Uzun illərdən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin paraflanması, Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu. Azərbaycan bu razılaşmadan dərhal sonra praktiki addımlara keçdi. Bu gün Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə çox böyük töhfədir. Xüsusilə nəzərə alsaq ki, bu gün neft məhsullarının ixracı və idxalı ilə bağlı bir çox problemlər müəyyən səbəblərə görə mövcuddur və eyni zamanda Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərinin göndərilməsi də artıq geniş vüsət alıb. Bu günə qədər 40 min tondan çox tranzit yüklər Azərbaycan ərazisindən keçib”.

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri, səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, əldə olunan razılaşmalar və imzalanan sənədlər göstərir ki, Azərbaycan-Almaniya münasibətləri keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olur. Əməkdaşlıq artıq təkcə ikitərəfli siyasi və iqtisadi əlaqələrlə məhdudlaşmır. Bu tərəfdaşlıq Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, Orta Dəhlizin və Avrasiya nəqliyyat marşrutlarının inkişafı, eləcə də Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin təşviqi baxımından mühüm strateji məzmun kəsb edir.

Berlin görüşləri bir daha təsdiqlədi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, regional təşəbbüslərin fəal iştirakçısı və qlobal proseslərə töhfə verən mühüm geosiyasi aktor kimi mövqeyini ardıcıl şəkildə gücləndirir. Bu baxımdan, Berlin səfəri yalnız ikitərəfli münasibətlərin inkişafı ilə deyil, həm də Azərbaycanın Avropa ilə əməkdaşlığının yeni prioritetlərini müəyyənləşdirən, uzunmüddətli tərəfdaşlığın siyasi və iqtisadi əsaslarını daha da möhkəmləndirən mühüm hadisə kimi qiymətləndirilə bilər.

Nail ƏSGƏROV

Nəşr edilib : 22.07.2026 10:01