NAXÇIVAN :

03 Avqust 2026, Bazar ertəsi

Bənzəri olmayan müalicə ocağı

...

Duzdağ Müalicə Mərkəzinin möcüzəvi təsirləri

Şəhərin gurultusundan, gündəlik qayğılardan və tozlu havasından uzaqlaşaraq Naxçıvanın simvollarından birinə – Duzdağ Müalicə Mərkəzinə üz tuturuq. Bura təkcə müalicə müəssisəsi deyil, həm də minlərlə insanın sağlamlıq ümidi ilə gəldiyi bir məkandır. Mərkəzin qapısından içəri addım atan kimi zaman sanki dayanır. Fəsillərin dəyişməsindən asılı olmayaraq, burada temperatur 18-20 dərəcə olur, təmiz hava və sakitlik hökm sürür. Uzun tunellər boyunca uzanan təbii duz layları bu məkana özünəməxsus gözəllik bəxş edir. Lakin buranın əsl möcüzəsi görünüşündə yox, havasındadır.
Uzun illər bronxial-astma və digər tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən insanlar üçün Duzdağ ümid ünvanına çevrilib. İlk nəfəsdəcə ağciyərlərə dolan təmiz və duz ionları ilə zəngin hava insana rahat nəfəs almağın nə qədər böyük bir nemət olduğunu xatırladır. Yeraltı dünyanın bu səssiz dəhlizlərində gəzişdikcə, buradakı şəfa möcüzəsini gözləri ilə görən həkimlərin elmi izahatlarını dinləyir, illər sonra rahat nəfəs almağın xoşbəxtliyini yaşayan insanların hekayələrinə  şahidlik edirik.
Mərkəzin duz ətirli dəhlizlərində irəlilədikcə buranı, sadəcə, bir müalicə yeri deyil, ikinci evləri kimi görən insanlarla qarşılaşırıq. Onlardan biri də övladlarının sağlamlığı üçün Sumqayıtdan Naxçıvana üz tutan Aytac Həsənovadır. O, Duzdağın ailələri üçün bir ümid işığı olduğunu vurğulayır: “Oğlum Fərhadın ciddi bronxial problemləri var idi, nəfəs almaqda çətinlik çəkirdi. Sırf bu müalicəyə görə artıq 3 ildir ki, Sumqayıtdan mütəmadi olaraq bura gəlirik. Duzdağ Müalicə Mərkəzində keçdiyimiz seansların uşaqlara təsiri inanılmazdır. Artıq oğlumda allergik reaksiyalar qalmayıb və bizi qorxudan o    boğulma halları da yaşanmır”.
Duzdağ Müalicə Mərkəzinin şəfası təkcə ölkə hüdudları ilə məhdudlaşmır, buranın sorağı bəzən qonşu ölkələrə qədər də gedib çıxır. Rusiyadan gələn Viktoriya Potyukova da övladı ilə birlikdə bu sehrli mağaranın qonaqlarındandır. İlk günləri olmasına baxmayaraq, üzündəki ümid aydınca sezilir: “Həm özümdə, həm də övladımda allergik simptomlar və nəfəs problemləri var idi. Uşaq, demək olar ki, rahat nəfəs ala bilmirdi. Həkimimizin məsləhəti və yönləndirməsi ilə Naxçıvana gəldik. Hələ ilk günlərimiz olmasına baxmayaraq, mağaranın havasının uşağa necə müsbət təsir etdiyini, nəfəsinin yüngülləşdiyini indidən hiss edə bilirik”. 
Mərkəzin kitabxanasında mütaliə edən türk vətəndaşı Fehmi Haytaoğlu ilə də həmsöhbət olduq. O, Naxçıvan və mərkəz haqqında fikirlərini bizimlə bölüşdü: “Oğlumun məzuniyyət mərasimi üçün Adanadan gəlmişdik. Qərara aldıq ki, geri dönmədən öncə mütləq Naxçıvanı da gəzək. Naxçıvan çox gözəl, təmiz, səliqəli və zəngin mədəniyyətə malik tarixi bir yerdir. Duzdağ isə allergiyası və astması olanlar üçün inanılmaz dərəcədə faydalı bir məkandır. Buranı həkimlərin  tövsiyə etdiyi və insanların gecələyərək müalicə aldığı mükəmməl bir mərkəz kimi gördüm. Hətta mərkəzin daxilində bu cür kitabxana və digər xidmət sahələrinin fəaliyyəti çox incə və təqdirəlayiq bir düşüncədir”.
Duzdağın şəfalı mühiti elmi əsaslara söykənir. Duzdağ Müalicə Mərkəzinin baş tibb bacısı Nuranə Mirzəyeva bildirir ki, burada tətbiq olunan speleoterapiya üsulu mağaranın təbii mikroiqliminə əsaslanır. Tənəffüs zamanı natrium-xlorid ionları və faydalı minerallarla zəngin olan bu təbii aerozollar birbaşa bronxlara və ağciyərlərə nüfuz edir, tənəffüs yollarının selikli qişasını reabilitasiya edir, yəni təmizləyir. Bu, tamamilə qeyri-medikamentoz (dərmansız) və yüksək effektivliyə malik müalicə üsuludur. Mütəxəssisin sözlərinə görə, speleoterapiya bronxial-astma (infeksion-allergik və atopik formaları), kəskin və xroniki bronxitlər, predastma, allergik rinit, allergik faringit, allergik bronxit, pollinoz, tonzillit, həmçinin allergik mənşəli dəri xəstəlikləri – atopik dermatit və övrə kimi xəstəliklərin müalicəsində yüksək effektivlik göstərir. Mərkəzimizə daxil olan hər bir pasiyent ilkin olaraq həkim tərəfindən ciddi şəkildə müayinə olunur. Müalicənin effektivliyini qorumaq üçün bəzi əks göstərişləri də nəzərə almaq lazımdır. Seansların müddəti və saatı yalnız həkim tərəfindən fərdi qaydada, minimum 10, maksimum 21 gün olmaqla təyin edilir. 3 seans ilə fəaliyyət göstəririk. Mərkəzdə müalicə ilə yanaşı, pasiyentlərin və onları müşayiət edən şəxslərin asudə vaxtının səmərəli təşkili üçün də şərait yaradılıb. Burada fəaliyyət göstərən kitabxanada 300-dən artıq dünya və Azərbaycan ədəbiyyatı nümunəsi oxucuların istifadəsinə verilib. Həmçinin kitabxanada təbii duzdan hazırlanan suvenir kitab qonaqlar tərəfindən maraqla qarşılanır. 
Duzdağ Müalicə Mərkəzi bu gün təkcə Naxçıvanın deyil, Azərbaycanın səhiyyə və sağlamlıq turizminin tanınan ünvanlarından birinə çevrilib. Təbii müalicə imkanları, peşəkar tibbi xidmət və rahat şərait burada müalicə alanların etimadını ildən-ilə artırır.
Mərkəzdən ayrılarkən dəhlizlərdə sakit addımlarla seansa yollanan insanlar, müalicəsini başa vurub ümidlə geri dönən ailələr bir həqiqəti bir daha təsdiqləyir: bəzən təbiətin bəxş etdiyi imkanlar insan sağlamlığının bərpasında ən etibarlı dayaqlardan olur.
Duzdağın minilliklərin qoynundan gələn şəfalı nəfəsi də bu gün yüzlərlə insana sağlam həyata qovuşmaq ümidi bəxş etməyə davam edir.

Səmayə RƏSULOVA

 

 

Nəşr edilib : 15.07.2026 09:55