NAXÇIVAN :

05 Dekabr 2024, Cümə axşamı

“Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 49-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

...

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 49-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində və 52-2-ci maddəsinin 3-1-ci hissəsində “informasiya sistemi” dedikdə “Bələdiyyələrlə iş” informasiya sistemi nəzərdə tutulur;

1.2. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci, 6.2-ci maddələrində, 8.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında və 8.4-cü maddəsində “informasiya sistemi” dedikdə “Bələdiyyələrlə iş” informasiya sistemi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 199 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nə uyğun olaraq, “Bələdiyyələrlə iş” informasiya sistemi haqqında əsasnaməni üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 49-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

3.1. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə “Bələdiyyələrlə iş” informasiya sisteminin informasiya təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görsün;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

4.1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə “Bələdiyyələrlə iş” informasiya sisteminin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etsin;

4.2. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, “Bələdiyyələrlə iş” informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.

5. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 424 (Cild I); 2024, № 4, maddə 383) 3.6-cı bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.7-ci bənd əlavə edilsin:

“3.7. həmin Qanunun 48-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində və 52-2-ci maddəsinin 3-1-ci hissəsində “informasiya sistemi” dedikdə “Bələdiyyələrlə iş” informasiya sistemi nəzərdə tutulur.”.

6. "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 922 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 473 (Cild I) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2. həmin Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

2.3. həmin Qanunun 6.1-ci, 6.2-ci maddələrində, 8.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında və 8.4-cü maddəsində “informasiya sistemi” dedikdə “Bələdiyyələrlə iş” informasiya sistemi nəzərdə tutulur.”.

7. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli 792 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1266 (Cild I) ilə təsdiq edilmiş “Bələdiyyələrin Nümunəvi Reqlamenti”ndə aşağıdakı dəyişikliklər edilsin:

7.1. 2-ci hissə üzrə:

7.1.1. 2.1-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiq edilməsi və bələdiyyə iclasının iclas zalında bilavasitə iştirak etməklə keçirilməsini mümkünsüz edən digər hallarla əlaqədar bələdiyyə iclasları həmin dövr üçün videokonfrans əlaqə sistemi vasitəsilə keçirilə bilər.”;

7.1.2. 2.5-ci bəndin birinci və üçüncü cümlələrində “onun müavini” sözləri “sədr vəzifəsini icra edən şəxs” sözləri ilə əvəz edilsin;

7.1.3. 2.12-ci bəndin ikinci cümləsi üçüncü cümlə hesab olunsun və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bələdiyyələr (bələdiyyə sədrləri və ya sədr vəzifəsini icra edən şəxslər) qərar qəbul etdiyi tarixdən 3 (üç) iş günü ərzində həmin qərarı elektron sənəd formasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirməlidirlər.”;

7.2. 4-cü hissə üzrə:

7.2.1. 4.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.1. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən bələdiyyə seçkilərinin yekunları elan edildikdən sonra 5 (beş) iş günü müddətində yeni seçilən bələdiyyənin ilk iclası keçirilir. Bələdiyyənin ilk iclasında bələdiyyənin sədri seçilənədək yaşı daha çox olan üzv iclasa sədrlik edir. İclasa sədrlik edən bələdiyyəyə üzv seçilmiş şəxslərin siyahısını elan edir, ilk iclası bələdiyyə sədri və iclas katibi seçilənədək aparır. Bələdiyyənin sədri açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur. Bələdiyyənin ilk iclasında bələdiyyə sədri və iclas katibi seçildikdən sonra iclasın gündəliyi təsdiq edilir.”;

7.2.2. 4.2-ci bənddə “bələdiyyənin tabeliyindəki müəssisə, idarə və təşkilatların” sözləri “bələdiyyəyə məxsus hüquqi şəxslərin” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 dekabr 2024-cü il

Nəşr edilib : 02.12.2024 14:39