NAXÇIVAN :

19 Aprel 2026, Bazar

"Bələdiyyə torpaqlarının idarə olunması və şəffaflıq" mövzusunda tədbir keçirilib

...

Culfa rayonunda yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, torpaq münasibətlərinin hüquqi əsaslarının möhkəmləndirilməsi və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə növbəti maarifləndirici tədbir təşkil olunub. “Bələdiyyə torpaqlarının idarə edilməsinin hüquqi tənzimlənməsi və korrupsiyaya qarşı preventiv tədbirlər” mövzusuna həsr olunmuş tədbirdə Culfa və Ordubad rayonları üzrə fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçuları iştirak ediblər.­

Tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Xaliq Məmmədov qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi yerli özünüidarəetmə orqanlarının fəaliyyətində qanunçuluğun, şəffaflığın və məsuliyyətin artırılmasına xidmət edir.­

Proqram çərçivəsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsinin rəisi Xəyal Eyvazov “Bələdiyyə torpaqlarının idarə edilməsinin hüquqi əsasları” mövzusunda çıxış edərək bələdiyyə torpaqlarının idarə olunmasının qanunvericilik bazası, torpaqdan səmərəli istifadə və bu sahədə mövcud hüquqi mexanizmlər barədə ətraflı məlumat verib.­

Daha sonra həmin şöbənin baş məsləhətçisi Rövşən Mirzəyev “Yerli özünüidarəetmədə antikorrupsiya və şəffaflıq” mövzusunda çıxış edib və bələdiyyə fəaliyyətində şəffaflığın təmin olunması, korrupsiya risklərinin azaldılması və etik davranış qaydalarının tətbiqi məsələlərinə toxunub.­

Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və bələdiyyə sədrlərinə “Bələdiyyə üzv və qulluqçularının hüquqi statusu və ondan irəli gələn əsas tələblər” adlı metodik vəsait təqdim olunub.

Nəşr edilib : 10.04.2026 15:16