Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
Azərbaycanın qədim yaşayış məskənlərindən olan Şahtaxtı kəndi məşhur Şahtaxtinskilərin ata mülkü olub. Şahtaxtı kəndi onlara miras kimi nəsildən-nəslə ötürülüb. Onlar hər zaman öz ata-baba yurdları ilə öyünüblər. Bu fakt da fikrimizi təsdiqləyir ki, bir dəfə İrəvan qubernatoruna Şahtaxtinskilərin ağsaqqalı Hacı Vəli ağa çox qürurla deyib: “Bizim təzə familiya qəbul etməyə ehtiyacımız yoxdur. Biz 500 ildən artıqdır ki, Şahtaxtılı familiyasını daşıyırıq”. Şahtaxtinskilər Rusiya imperiyasının, Avropanın hansı şəhərlərdə, eləcə də dünyanın hansı ölkəsində yaşayıb-yaratsalar da, öz doğma yurdlarını heç vaxt unutmamışdılar, Şahtaxtı kəndi ilə daim əlaqələri olmuşdur.
Amma çox təəssüf ki, onların nəsil şəcərələri az öyrənilib. Sənədlərdə bu nəslin adı Ağacıq kimi də qeyd olunub. Məsələn, I İsa Sultan Ağacıq, Əli bəy Ağacıq və sair. Son illərə qədər Şahtaxtı kəndində onların malikanələri yerləşən əraziyə də “Ağalıq” deyirdilər. Elə indinin özündə də həmin ərazi yaşlılar tərəfindən “Ağalıq” adlandırılır.
Şahtaxtinskilər, əsasən, Şahtaxtı, Naxçıvan, İrəvan və Tiflisdə yaşayıblar. Bu yerlərdə onların iri torpaq sahələri və mülkləri olub. Naxçıvanın Kəngərlilər yaşayan kəndlərinin bir neçəsində – Cəhridə, Xəlillidə, Yəmxanada, Tumbulda, Şahtaxtıda və Yurdçuda da onların çox böyük torpaq sahələri var idi. Onlar yüksək təbəqəyə daxil olsalar da, həmişə sadə xalqla birgə olmuşlar. Övladlarını sadə xalqın içərisində böyüdüb tərbiyə etmişdilər və təhsillərinin də qayğısına qalmışdılar.
Zaman keçdikcə onların xidmətləri, əməlləri, xalq və dövlət üçün fəaliyyətləri daha da aydınlaşır və nə qədər böyük işlər gördükləri bir daha dəqiqləşir. XIX və XX yüzillikdə Azərbaycan xalqının yetirdiyi Azərbaycan elminə, mədəniyyətinə çox dəyərli şəxsiyyətlər bəxş edən bu soyun məşhur nümayəndələri olmuşdur. Onlardan bəzilərini xatırlatmaq yerinə düşər: İsa Sultan Şahtaxtinski, Məhəmməd ağa Şahtaxtinski, Behbud ağa Şahtaxtinski, Əbülfət Şahtaxtinski, Baxşəli ağa Şahtaxtinski, Həmid bəy Şahtaxtinski, Həbibulla Şahtaxtinski, Elmira xanım Şahtaxtinskaya, Toğrul Şahtaxtinski, Məhəmməd Şahtaxtinski, Aleksis Şahtaxtinski, xaricdə təhsil almış ilk azərbaycanlı qadın Leyla Şahtaxtinskaya, ilk azərbaycanlı qadın həkim-ginekoloq və elmlər doktoru Adilə Şahtaxtinskaya və başqaları.
Kitablara və arxiv sənədlərinə nəzər saldıqda XX yüzillikdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyətlərdən birinin də Behbud ağa Şahtaxtinski olduğunu görə bilərik.
Behbud ağa Əliağa oğlu Şahtaxtinski 1881-ci ildə Şərur-Dərələyəz qəzasının (indiki Naxçıvan Muxtar Respublikasının Şərur rayonu) Şahtaxtı kəndində yoxsullaşmış bəy ailəsində anadan olmuş, dördsinifli kənd məktəbini bitirdikdən sonra çörəkpulu qazanmaq üçün Bakıya gəlmiş və Bakı fəhlə sinfinin tərkibinə daxil olaraq Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynamışdır.
XX əsrin ilk illərində Bakıda keçirilən siyasi tətillər və nümayişlər, inqilabi çıxışlar bir inqilabçı demokrat kimi Behbud ağa Şahtaxtinskini çox düşündürmüş və onun proletar sinfi şüurunun, siyasi tərbiyəsinin, döyüş təcrübəsinin və inqilabi fəallığının artmasına gülcü təsir etməklə sonrakı inqilabi fəaliyyətində böyük rol oynamışdı.
Behbud ağa Şahtaxtinski Birinci rus inqilabi dövründə (1905-1907) Bakı dəftərxana işçi birliyinin yaranmasında fəal iştirak etmiş, dövlət idarə işçiləri birliyinin üzvü olmaqla bərabər, şəxsi yolla təhsilini artıraraq hüquq müdafiəçisi kimi formalaşmışdı.
Behbud ağa Şahtaxtinski 1904-cü ilin sonunda N.Nərimanov, M.Əzizbəyov, S.M.Əfəndiyev tərəfindən başçılıq edilən “Hümmət” qrupunun fəal üzvlərindən biri olmuş və Azərbaycan dilində ilk fəhlə qəzeti olan “Hümmət”in ideyaları uğrunda çalışaraq artıq peşəkar inqilabçı kimi yetişmişdi.
1905-ci ildə “Hümmət” qəzetinin nəşri qadağan edildikdən sonra Behbud ağa Şahtaxtinski jurnalistlik fəaliyyəti ilə məşğul olmuş, bir müddət “Balaban” jurnalının redaktoru olmaqla müxtəlif mövzularda yazdığı publisistik məqalələri ilə dövri mətbuatda çıxış etmişdir.
1917-ci il fevral burjua-demokratik inqilabından sonra N.Nərimanovun başçılığı ilə “Hümmət” təşkilatı yenidən öz fəaliyyətini genişləndirdikdə Behbud ağa Şahtaxtinski təşkilatın rəhbər heyətinə və qəzetin redaksiya heyətinin tərkibinə daxil olmuşdu.
Behbud ağa Şahtaxtinski 1918-ci il yanvarın 7-də kütlələr arasında öz fəaliyyətini daha da genişləndirdiyinə görə “Hümmət” təşkilatı sədrinin müavini, 1918-ci il iyunun 11-də isə N.Nərimanov xəstəliyinə görə Həştərxana getdiyindən yeni heyətin iclasında təşkilatın sədri seçilmişdir.
Behbud ağa Şahtaxtinski “Hümmət” təşkilatının sədri işləməklə yanaşı, Fövqəladə Komissiyada məsul vəzifə tutmuş və Azərbaycanda hakimiyyət orqanlarının möhkəmləndirilməsi uğrunda mübarizə aparmışdır.
Behbud ağa Şahtaxtinskinin bütün siyasi, diplomatik və publisistik fəaliyyətindən Azərbaycançılıq qırmızı xətlə keçir. O nə etmişdirsə, Azərbaycan naminə etmişdir.
Siyasi publisistikanın ən yaxşı nümunələrini yaradan Behbud ağa Şahtaxtinski ictimai-siyasi təsir vasitəsi kimi mətbuatın rolunu düzgün qiymətləndirmiş, milləti oyatmaq milli-mənəvi yaddaşı bərpa etmək üçün publisistik fəaliyyətdən bir vasitə kimi faydalanmışdır. O, 1918-ci ildə “Azərbaycan” qəzetində dərc etdirdiyi “Həyatın əks sədaları” məqaləsində milli mədəniyyətin inkişaf etdirilməsinin nə üçün vacib olduğunu əsaslandıraraq yazmışdır: “Özünəməxsus mədəniyyətə malik olmadan, millət müstəqil ola bilməz”.
Eyni zamanda Behbud ağa Şahtaxtinski 1918-ci ilin mayında Bakı qəzası kəndli deputatları sovetlərinin qurultayında kəndli deputatları sovetinin 15 nəfərdən ibarət İcraiyyə Komitəsinin (7 üzvdən biri) heyətinə daxil edilmiş və şəxsən kəndlərdə yaranan hakimiyyət orqanlarının işinin düzgün təşkil edilməsinə ciddi səy göstərərək kəndli sovetlərinin canlanıb qüvvətlənməsində yaxından iştirak etmişdir.
1918-ci ilin avqust-sentyabr aylarında Bakıda “Sentrokaspi diktaturası” hakimiyyət uğrunda mübarizə apararkən Bakının müdafiəsi zamanı Behbud ağa Şahtaxtinski həbs olunmuş, bir neçə vaxtdan sonra o, Bakıdan Gəncəyə göndərilmiş və 3 ay həbsdə qaldıqdan sonra azad olub Naxçıvana gəlmişdir.
Behbud ağa Şahtaxtinski Naxçıvana gəldikdən sonra inqilabi hərəkata qoşulmuş, öz ətrafında yerli hümmətçiləri, demokratları toplayaraq hərəkatı canlandırmış, hərbi feodal və daşnak irticasına qarşı kəskin mübarizə aparmaqla yerli əhalinin maddi təchizatı və təhlükəsizliklərinin qorunmasına köməklik göstərmişdir. O, 1920-ci ilin iyun ayınadək Naxçıvanda ictimai təminat, mühacirlərə kömək komissiyasında, sahibsiz uşaqlar evinin direktoru vəzifəsində çalışmış və ən nəhayət, Qaçqınlar Komitəsinin sədri kimi Ermənistandan didərgin düşmüş soydaşlarımızın yerləşdirilməsində, onların torpaq sahəsi, ərzaqla və sair təmin olunmasında əvəzsiz xidmətləri olmuşdur.
1920-ci ilin aprel ayında Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra N.Nərimanovun şəxsən inandığı və onun yaxın silahdaşı olan Behbud ağa Şahtaxtinski Azərbaycan Xalq Ədliyyə Komissarı və həmin ilin iyulun 15-də isə Azərbaycan SSR-in RSFSR-də ilk fövqəladə və səlahiyyətli nümayəndəsi təyin edilmişdir. Bu vəzifələrdə qısa müddət işləməsinə baxmayaraq, üzərinə düşən tapşırıqları layiqincə yerinə yetirmiş və Azərbaycanın, o cümlədən Naxçıvanın taleyüklü məsələlərini həll edərək 1920-ci il sentyabrın 30-da Moskvada “Hərbi və iqtisadi ittifaq haqqında” RSFSR ilə Azərbaycan SSR arasında bağlanmış müqaviləni imzalamış, 1921-ci il martın 16-da bağlanmış “Dostluq və Qardaşlıq haqqında” RSFSR-Türkiyə müqaviləsində Azərbaycanı təmsil etmişdir.
1921-ci ilin yanvarında Naxçıvanın ağır vəziyyətini nəzərə alan AK(b)P MK-nın Bürosu B.Şahtaxtinskini Hərbi İnqilab Şurasının mandatı ilə Naxçıvana komissar göndərməyi qərara almışdır. Naxçıvanın ictimai-siyasi vəziyyətinə yaxından bələd olan Behbud ağa Şahtaxtinski vəziyyəti normal hala salmaq üçün çox çalışmış, məcburən bir sıra sərt tədbirlər həyata keçirmiş, hətta bəzi komissarların vəzifədən azad edilərək partiya sıralarından uzaqlaşdırılmasına nail olmuşdu.
Naxçıvanda xalqın vəziyyəti ilə maraqlanmış və onu kökündən öyrənib araşdırdıqdan sonra 1921-ci il aprelin 19-da Azərbaycan İnqilab Komitəsinin iclasında “Naxçıvanın siyasi və iqtisadi vəziyyəti haqqında” məruzə etmişdir.
Behbud ağa Şahtaxtinski 1921-ci il aprelin 23-də Qafqaz Cəbhəsi Hərbi İnqilab Şurası üzrə verilən əmrlə Naxçıvan SSR Fövqəladə komissarı təyin edilmiş və həm də Naxçıvan Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin sədri seçilmişdir.
1921-ci ildə Naxçıvan Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin Sədri təyin edildiyi zaman Naxçıvanda dəhşətli quraqlığın baş verməsi, bu səbəbdən onsuz da ağır olan vəziyyətin daha da ağırlaşmasına baxmayaraq, Behbud ağa Şahtaxtinskinin yüksək təşkilatçılıq bacarığı sayəsində əhalinin və bölgəyə gəlmiş qaçqınların vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilmişdi. Bunun üçün, hətta xarici ölkələrin, beynəlxalq təşkilatların kömək və yardımından da istifadə edilmiş, digər yerlərdən Naxçıvana taxıl və müxtəlif ərzaq məhsulları gətirilmişdi. Bütün bu tədbirlərin sayəsində Naxçıvan əhalisi və orada yerləşdirilən qaçqınlar qismən də olsa, çətinliklərdən və məhv olmaqdan xilas olmuşdu.
Behbud ağa Şahtaxtinski hər iki vəzifədə işləyərkən bütün bacarığını göstərmiş, xüsusilə əsas qüvvəsini Naxçıvanın statusunun müəyyən edilməsinə və Naxçıvanda idarə orqanlarını təşkil etmək, möhkəmləndirmək işinə sərf etmişdi. Eyni zamanda Behbud ağa Şahtaxtinskinin AK (b) P MK Siyasi Bürosunun 1921-ci il 26 avqust tarixli Qərarı ilə Azərbaycanın SSR-in Qars konfransında səlahiyyətli nümayəndəsi təyin edilməsi Naxçıvanın taleyinin həll edilməsi üçün daha geniş imkanlar açmış və konfransda Naxçıvana muxtariyyət statusu verilməsi və onun sərhədlərinin dəqiqləşdirilməsi haqqında qərar qəbul edilmişdir.
Xalqımızın tarixi taleyində mühüm rol oynayan Moskva və Qars beynəlxalq müqavilələrinin imzalanmasında göstərdiyi vətənpərvərlik və siyasi uzaqgörənlik onun adını Azərbaycanın görkəmli şəxsiyyətləri ilə bir sırada qoymağa tamamilə əsas verir. Qars müqaviləsi dünən olduğu kimi, bu gün də, gələcəkdə də Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir.
Ümummilli Liderimiz Heydər Əliyev beynəlxalq Qars müqaviləsinin və onun müəlliflərindən biri olan Behbud ağa Şahtaxtinskinin tariximizdəki yerini və rolunu yüksək qiymətləndirərək demişdir: “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir... ...Kim Azərbaycanın milli mənafelərinin keşiyində durubsa, ona xidmət göstəribsə, o insanlar bizim tariximizdə həmişə hörmətlə yada salınmalıdırlar və tariximizə daxil olmalıdırlar. Qars müqaviləsinin altında Behbud ağa Şahtaxtinskinin imzası vardır”.
Behbud ağa Şahtaxtinski 1921-ci ilin noyabrında Ölkə Partiya Təşkilatının birinci konfransında Azərbaycan SSR Xalq FKM komissarı və Xalq Komissarları Soveti sədrinin müavini, 1923-cü ildə isə Zaqafqaziya Ali Arbitraj Komissiyasının üzvü seçilmiş və ömrünün son günlərinədək Azərbaycanın milli mənafeyinin keşiyində durmuşdur.
Mürəkkəb və çətin bir dövrdə yaşayıb fəaliyyət göstərən Behbud ağa Şahtaxtinski ibrətamiz bir həyat yolu keçmişdir. 30 may 1924-cü ildə Tiflisdə müəmmalı şəkildə vəfat etmişdir.
Aygün HƏMZƏYEVA
Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin
aparıcı arxeoqrafı
Digər xəbərlər