NAXÇIVAN :

08 Sentyabr 2026, Çərşənbə axşamı

BCAW2026: "Öhdəliklərdən icraya: COP31-ə doğru" mövzusunda yüksəksəviyyəli dəyirmi masa təşkil olunub

...

BCAW2026 çərçivəsində "Öhdəliklərdən icraya: COP31-ə doğru" mövzusunda yüksəksəviyyəli dəyirmi masa təşkil olunub.

"Şərq qapısı" xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev iqlim fəaliyyətinin artıq gələcəyin bacarıqlarını, peşələrini və imkanlarını dəyişdiyini qeyd edib.

"Biz təhsilin gənclərə ehtiyac duyduqları bilik və praktiki bacarıqları qazandırmasını, eyni zamanda, onları elm, texnologiya, innovasiya və real həll yolları ilə daha sıx bağlamasını təmin etməliyik. Gənclər, həmçinin təmiz enerji, mühəndislik, maliyyə, kənd təsərrüfatı və digər sektorlarda yaranan yeni iş yerlərinə və imkanlara çıxış əldə edə bilməlidirlər", - deyə Muxtar Babayev bildirib.

O, Azərbaycanın gənclərin beynəlxalq iqlim proseslərində iştirakını dəstəklədiyini, təhsil, bacarıqlar və potensialın artırılması məsələlərinə diqqəti gücləndirdiyini qeyd edib. Muxtar Babayev, həmçinin uşaq və gənclərin baxışlarının iqlim fəaliyyətində daha yaxşı əks olunmasını təmin etmək üçün beynəlxalq tərəfdaşlarla birgə çalışdıqlarını diqqətə çatdırıb.

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev qeyd edib ki, Azərbaycan COP29 Sədrliyi dövründə uşaq və gənclər məsələsini qlobal iqlim gündəliyinin yuxarı pillələrinə yüksəldib. “Bu, iqlim diplomatiyamızı gələcək nəsil üçün daha əhatəli və çevik etməyə yönəlmiş genişmiqyaslı səylərimizə mühüm töhfə olub. Azərbaycan keçən il COP Sədrliyini təhvil versə də, qlobal iqlim diplomatiyasında fəal rol oynamağa davam edir. Hazırda "Bakıdan Belemə 1.5°C Missiyası" çərçivəsində COP Üçlüyünün (Troika) üzvü kimi, biz braziliyalı, türkiyəli və avstraliyalı həmkarlarımızla birlikdə COP31 üçün hesabat hazırlayırıq. Bu prosesin bir hissəsi olaraq gənclərlə əməkdaşlıq edir, onların baxışlarının kollektiv işimizə inteqrasiya olunmasını həyata keçiririk”, - deyə nazir müavini bildirib.

COP31-in icraçı direktoru Fatma Varank Türkiyədə keçiriləcək COP-un konkret icraat və tətbiq platforması olmasını istədiklərini və burada ən çox gəncləri görmək niyyətində olduqlarını qeyd edərək deyib: "COP31 gənclərin COP-u olacaq. Hər biriniz orada söz sahibinə çevriləcəksiniz. Həm Yaşıl, həm də Mavi Zonada sizin üçün xüsusi məkanlar ayrılacaq. Gənclər üçün təşkil ediləcək forumda gözləntilərinizi təsirli şəkildə ifadə etməyiniz üçün lazımi şərait yaradılacaq. Qeyd etdiyiniz təklif və yekun sənədlər COP-un ümumi nəticələrində öz əksini tapacaq".

COP31 Gənclər Çempionu Sally Higgins COP31 özünü "gələcəyin COP-u" kimi mövqeləndirdiyini və fəaliyyətin icrasını öz gündəliyinin mərkəzinə qoyduğunu söyləyib. "Bu sədrlik hər birimizi iqlim sahəsindəki uğur anlayışına yenidən baxmağa çağırır. Uğur yalnız götürülən öhdəliklərlə deyil, əldə etdiyimiz praktiki nəticələrlə ölçülməlidir. Bu isə bizi qarşıda duran imkanları düzgün dəyərləndirməyə gətirib çıxarır",- deyə Gənclər Çempionu qeyd edib.

Dəyirmi masada qlobal iqlim fəaliyyətində gənclərin rolu və təhsilin praktiki imkanlara inteqrasiyası barədə danışılıb. Tədbirdə COP29-un nəticələrindən COP31-ə doğru uzanan iqlim diplomatiyasında gənc nəslin potensialının artırılması və onların qərarlarda söz sahibi olmasının vacibliyi vurğulanıb.

Nəşr edilib : 08.09.2026 17:01