NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Balamın uca adı ilə fəxarət hissi duyuram

...

Aslan Maqsud oğlu Mirzəyev

(17.07.2000-9.11.2020)

Aslan kiçik yaşlarından çox mehriban uşaq idi. Evdə 3 uşaq olublar. Hər kəs Aslanı mənə çox bənzədirdi. Mehribanlığı ilə yanaşı, həm də çox vətənpərvər oğul idi. Qəlbi daim Vətən sevgisi ilə döyünürdü. Bəlkə də, bu idi onu hərbçi olmağa vadar edən. Onu da deyim ki,  hərbi xidmətdə olarkən  evdəki kimi yoldaşlarına qarşı da mehriban idi. Hər dəfə evə gələndə özü ilə hərbçi yoldaşlarından qonaq gətirər, onların da qayğısına qalardı. Kənddə də, həmçinin böyük-kiçiyə qarşı o cür mehribanlıq edərdi. Bir sözümüzü iki etməzdi. Böyük-kiçik yeri bilər, kimsənin üzünə qayıtmazdı. 
Aslan orta məktəbdə oxuyarkən də müəllimləri tərbiyəsindən razılıq edirdilər. Hərbi xidməti başa vurduqdan sonra hərbçi olmaq qərarına gəldi. Bu qərarının arxasınca getdi. Kurs keçdi, oxudu, öyrəndi və istəyinə çatdı. Təlimlərdə də iştirak edirdi. Müharibə başlayanda mənə demədi heç nə. Atası ilə telefonla danışırdı. Sonradan mənə dedilər ki, Aslan müharibədədir. Müharibədə olduğunu biləndən sonra ara-sıra mən də telefon əlaqəsi yaradıb danışırdım. Bir ana kimi çox nigaran qalırdım. 

Mənim oğlum cəsur idi. Qorxmazlığı onu daim irəli getməyə sövq edirdi. Müharibədə də öndə gedib. Təbii ki, övlad itkisi bir ana kimi ağır olsa da, oğlumun qəhrəmanlığı məni qürurlandırır. Müharibənin bitməyinə 2-3 gün qalmış yenə telefonla danışdıq. “Hər şey yaxşı olacaq”, – deyirdi. Aslan nişanlı idi. Təəssüf ki, balamın arzuları yarımçıq qaldı.  Son danışıqlarımızda dedi ki, ana, az qalır gəlməyimizə. Səbirsizliklə gözləyirdi evə qayıtmağını. Dedi ki, hazırlaşın, tezliklə gəlirəm, toy edək. Bizim üçün çox ağır oldu. Balamın toy hazırlıqlarını şəhadətə qovuşması ilə qarşılamalı olduq. Aslan noyabr ayının 9-u şəhidlik zirvəsinə yüksəldi. Qələbədən sonra döyüş yoldaşları gəlmişdi bizi görməyə. Müharibə xatirələrini də bizimlə bölüşürdülər. Yoldaşları Aslanın həmişə Xocalıda əsir düşmüş qız-gəlinimizin qisasını alacağını dilə gətirdiyini dedilər. Şuşada döyüşlər zamanı göstərdiyi şücaət hələ də döyüş yoldaşlarının dilindədir. Mən hər zaman olduğu kimi, balamın uca adı ilə fəxarət hissi duyuram. O, bu gün nəinki ailəsinin, eləcə də bütün Azərbaycan xalqının qəlbindədir. Oğlum başımızı uca etdi. Bizlərə şərəfli bir ad – şəhid ata-anası adını bəxş etdi. Allah bütün şəhidlərimizə rəhmət etsin. Qazilərimizə isə şəfa diləyirəm. Bayrağımız daim zirvələrdə dalğalansın.

Nəşr edilib : 29.10.2024 16:04