NAXÇIVAN :

29 Yanvar 2025, Çərşənbə

Balamın qoxusunu o torpaqlardan aldım

...

 İman Tarverdi oğlu Alməmmədov

(17.05.1999-10.11.2020)

İman uşaqlıqdan ətrafındakılardan seçilirdi. Ata-anaya, qohum-əqrəbaya çox yanımlı idi. Onu çox ürəyiaçıq, təmiz bir övlad kimi tanıyırdılar. Ən böyük arzusu hərbçi olmaq idi. Hərbi xidməti başa vurduqdan sonra dedi ki, mən hərbidə qalmaq istəyirəm. Əvvəlcə razı olmadıq. Ancaq qəlbini də sındırmaq istəmirdik. Dedik ki, qalırsan qal, amma kəşfiyyatda qalma. Dedi ki, yox, mən elə orada qalacağam. Uşaqlıqdan da dağda-daşda böyümüşdü deyə çətin gəlmirdi ona ağır şərait. Arada ikigünlük evə gəldi. Qurbanı vardı, kəsdik, qayıdıb getdi. Bir dəfə getmişdik bazara. Martın 4-ü idi. Bir də baxdım ki, böyük bir gül buketi yığdırıb. Elə bildim ki, qardaşının nişanlısı üçün alır. Dedi ki, ana, ilk maaşımdır, sənin qadınlar bayramın üçün yığdırmışam bu gül buketini. Hətta buketin üzərinə bir ətir şüşəsi də qoydurmuşdu. Ətir şüşəsinin üzərinə yazdırmışdı ki, ən gözəl qoxu anamın qoxusudur. Nə yaxşı ki, sən varsan, ana! Hələ də o ətri saxlayıram. Nişanlı idi. Gözləyirdik ki, məhərrəmlik ayı çıxsın toyunu edək. Günləri sayırdı. 

Bir gün gördüm mənə yox, atasına ard-arda zəng edir. Qəribəmə gəldi ki, hər dəfə mənə zəng edərdi. Nə isə... Atasına deyir ki, bəs gedirik döyüşə. Narahatlığım da elə onda başladı. Gedəndən sonra imkan olduqca zəng edirdi. Bir dəfə də tanımadığımız nömrədən zəng gəldi. Atası telefonu açan anda əlləri başladı əsməyə. Dedilər ki, bəs İmanın yanından gəlirik. O olan yerdə şəbəkə çəkmir deyə zəng etdik ki, nigaran qalmayasınız. Demək, İman həmin vaxt yaralanıb. Danışmır ki, hiss etməyək. Bilirdi ki, narahat olacağıq. Sonra özümə yazmışdı ki, məndən nigaran qalmayın, yaxşıyam. O, söhbətimizdən 12 gün sonra zəng etdi. Yenə dedi ki, nigaran qalmayın, yaxşıyam. Amma yaralandığını bilirdik. Sonradan onlar olan maşını vururlar. Göstərdiyi şücaətlərdən indi də döyüş yoldaşları danışır. Qürur hissi keçirirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Nəşr edilib : 02.11.2024 15:35