NAXÇIVAN :

12 Noyabr 2025, Çərşənbə

Balacaların ümid işığı

...

“Mən dünyada müəllimdən yüksək ad tanımıram”, – deyirdi Ümummilli Lider Heydər Əliyev. Əslində, təkcə bu cümlə belə müəllim əməyinin necə böyük dəyərə malik olduğunu deməyə kifayət edir. Oxumaq, təhsil almaq, elmə, biliyə yiyələnmək hər yaşdan, hər kateqoriyadan olan insanlar üçün mütləqdir və əlçatandır. Bunu sağlamlıq imkanları məhdud olmasına baxmayaraq, müəllim kimi fəaliyyət göstərərək qazandığı bilikləri şagirdləri ilə paylaşan və oxumağa heç nəyin əngəl olmadığını öz əməli fəaliyyəti ilə nümayiş etdirən Məhərrəm Rüstəmovun timsalında bir daha aydın gördük. Məhərrəm müəllim hər səhər eyni həvəslə qapısını açdığı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə artıq 20 ilə yaxın müddətdir ki, çalışır. Birinci sinifdə oxuyarkən qəza nəticəsində görmə qabiliyyətini itirən müəllim valideynlərinin dəstəyi ilə həyata bərk-bərk sarılmış, baş verən bu hadisə onun təhsili üçün maneə törətməmişdir. Əslən Şərur rayonunun Yaycı kəndindən olan müsahibim deyir ki, yaşadığımız kənddə də görmə məhdudiyyətli uşaqlar var idi və onlar Bakıda gözdən əlillər üçün məktəbdə təhsil alırdılar. Onların məsləhəti ilə valideynlərim məni də ora apardı. Orada təhsil almağa başladım. Müəllimlərimiz bizə o qədər sevgi və qayğı ilə yanaşırdılar ki, bu bizi oxumağa daha da həvəsləndirirdi. Düşünürəm ki, bəlkə də, evdə olsaydım, təhsil ala bilməyəcəkdim. Məktəbi bitirdikdən sonra yenidən Naxçıvana qayıdan Məhərrəm müəllim ozamankı Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutuna qəbul olub, uzun illər müxtəlif müəssisələrdə müəllim kimi çalışıb. Hazırda o həm də Naxçıvan Gözdən Əlillər Cəmiyyətinin sədridir.
Məhərrəm müəllim deyir ki, bizə gələn uşaqların müxtəlif problemləri olduğundan onlarla işləmək bir qədər çətindir. Lakin artıq bu sahədə kifayət qədər təcrübəmiz olduğundan bu bizə çətin gəlmir. Buradakı müəllimlər həmin şagirdlərə xüsusi yanaşır və onların yaxşı təhsil alması üçün böyük səy göstərirlər. 
Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasının mühüm olduğunu vurğulayan müəllim valideynlərə tövsiyə edir ki, əgər övladları məktəbdə tədris prosesinə çətinliklə uyğunlaşırsa, yaxud geridə qalmaq təhlükəsi varsa, onların xüsusi məktəblərə yönləndirilməsi daha məqsədəuyğundur. Bu onların gələcəkdə öz ayaqları üstündə möhkəm dayanmaqları üçün mühümdür.
“Müəllim hər uşağa fərdi qaydada yanaşmağı bacarmalı, onlara öz övladı kimi qayğı göstərməli, onların cəmiyyətə yararlı şəxsiyyət kimi formalaşması üçün düzgün istiqamət verməlidir”. Bu sözlər sağlamlıq imkanları məhdud olmasına baxmayaraq, balaca fidanların qəlbində ümid işığı şölələndirən, onların gözünə nur olan, gələcəyə ruhlandıran Məhərrəm müəllimə məxsusdur.
Bildiyimiz kimi, oktyabr ayının 5-i hər il ölkəmizdə “Beynəlxalq Müəllimlər Günü” kimi qeyd olunur. Biz də bu əlamətdar gün ərəfəsində ömrünü, gününü bu şərəfli peşəyə həsr edən Məhərrəm Rüstəmovu tanımaqdan, belə ziyalı insanla həmsöhbət olmaqdan çox şad olduq. 

Türkanə ƏSƏDOVA
 

Nəşr edilib : 05.10.2025 16:30