NAXÇIVAN :

11 Iyul 2026, Şənbə

Bakıda təşkil edilən beynəlxalq konfransda medianın dekolonizasiya prosesində rolu diqqət mərkəzində olub

...

İyulun 11-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Media və dekolonizasiya: Yüksələn səslər, güclənən narrativlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

"Şərq qapısı" xəbər verir ki, Azərbaycanda ilk dəfə təşkil olunan bu konfrans müstəmləkə ərazilərini təmsil edən xarici media nümayəndələri ilə yerli jurnalistlərin iştirakı və interaktiv müzakirələr formatında keçirilib.

Konfransda keçmiş və mövcud müstəmləkə ərazilərini təmsil edən media qurumlarının rəhbərləri, xarici media nümayəndələri, siyasi şərhçilər, diaspor təşkilatlarının təmsilçiləri, media və kommunikasiya üzrə ekspertlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, tədqiqatçılar, diplomatlar, dövlət qurumlarının təmsilçiləri və yerli media nümayəndələri iştirak ediblər.

Tədbirdə neokolonial istismara məruz qalan və müstəmləkə əsarəti altında yaşayan xalqların və etnik azlıqların səsinin beynəlxalq informasiya məkanında gücləndirilməsində medianın rolu və qarşıda duran çağırışlar müzakirə olunub. Konfransda uzun illər kölgədə saxlanılan müstəmləkə həqiqətlərinin – ərazilərin iqtisadi istismarı, təbii sərvətlərin talanı, mədəni kimliyin silinməsi, sistemli ayrı-seçkilik, yerli xalqlara qarşı repressiyalar, habelə Kanaki (Yeni Kaledoniya) və Boneyra nümunəsində yerli əhalinin demoqrafik tərkibinin məqsədli şəkildə gəlmə əhali hesabına dəyişdirilməsi siyasətinin beynəlxalq mediada işıqlandırılması məsələlərinə xüsusi diqqət yetirilib. Həmçinin müstəmləkə ərazilərində yaradılan süni informasiya blokadasının aradan qaldırılması, dezinformasiya və saxta məlumatlarla mübarizədə qabaqcıl süni intellekt alətlərinin tətbiqi, jurnalistlər və media qurumları arasında beynəlxalq koordinasiya şəbəkəsinin yaradılması, beynəlxalq media təşkilatları və yerli jurnalistlər arasında əməkdaşlığın gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrdə medianın dekolonizasiya proseslərində yalnız informasiya ötürən vasitə deyil, həm də müstəmləkə siyasəti yürüdənlərə beynəlxalq təzyiq mexanizmi kimi rolu xüsusi vurğulanıb. Bu kontekstdə müstəmləkə cinayətlərinin sənədləşdirilməsi, kolonial narrativlərin ifşası, müstəmləkə dövlətlərinin rəsmi informasiya siyasətinin faktlara əsaslanan araşdırmalarla yoxlanılması, yerli xalqların mövqeyinin beynəlxalq auditoriyaya çatdırılması, insan hüquqları pozuntularının monitorinqi, ekoloji ədalət məsələlərinin, o cümlədən Qvadelupa və Martinikada xlordekon pestisidinin yaratdığı fəsadların qlobal gündəmdə daim saxlanılması, reparasiya tələblərinin təşviqi, habelə Kanaki, Maohi, Qvadelupa, Martinika, Boneyra, Saint Martin və digər müstəmləkə ərazilərində fəaliyyət göstərən jurnalistlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti institutları arasında beynəlxalq həmrəylik və əməkdaşlıq şəbəkələrinin formalaşdırılması istiqamətində praktiki təşəbbüslər müzakirə edilib.

Konfrans çərçivəsində Bakı Təşəbbüs Qrupu ilə Burkina-Faso Xarici İşlər Nazirliyinin Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Bu sənəd BTQ-nin Afrika istiqamətində institusional əməkdaşlığının genişlənməsində mühüm addım hesab olunur. Təşkilat ilk dəfə xarici dövlətin rəsmi qurumu ilə əməkdaşlığa başlayır.

Memorandum Afrika ölkələrinin tədqiqat institutları, beyin mərkəzləri və vətəndaş cəmiyyəti təşkilatları ilə əlaqələrin genişləndirilməsini, dekolonizasiya və neokolonializm mövzularında birgə analitik hesabatların, siyasət sənədlərinin hazırlanmasını və beynəlxalq platformalarda ortaq təşəbbüslərin irəli sürülməsini nəzərdə tutur.

Sənədə əsasən, tərəflər müntəzəm dialoqlar, birgə tədqiqat layihələri, beynəlxalq konfranslar, ekspert mübadiləsi və gənc tədqiqatçılar üçün təlim proqramları həyata keçirəcəklər.

Nəşr edilib : 11.07.2026 13:37