“PowerChina Group” şirkəti ilə bərpaolunan enerji ...
19:11 21.04.2025
0
0
0
NAXÇIVAN :
21 Aprel 2025, Bazar ertəsi
Yanvarın 18-də Bakıda qəhrəmanlıq tariximiz olan Sədərək döyüşlərinin 35 illiyi münasibətilə Naxçıvan Televiziyasının hazırladığı “Sədərəkdən Şuşaya” sənədli televiziya filminin təqdimatı olub.
"Şərq qapısı" xəbər verir ki, əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova “Sədərəkdən Şuşaya” filmi barədə məlumat verib. O bildirib ki, bu film Azərbaycan xalqının qəhrəmanlıq tarixini, milli iradəsini və azadlıq uğrunda mübarizəsini əks etdirən mühüm bir əsərdir. G.Nəzərova vurğulayıb ki, filmdə Sədərək döyüşlərindən başlayaraq Şuşanın azad olunmasına qədər keçilən şərəfli yol təsvir olunur. Bu yol xalqımızın milli birliyinin, sarsılmaz əzminin və torpaq sevgisinin parlaq nümunəsidir. O qeyd edib ki, şəhidlərimizin qəhrəmanlığı hər zaman qürurla xatırlanacaq və gələcək nəsillərə örnək olacaq.
"Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC-nin sədri, "Sədərəkdən Şuşaya” filminin layihə rəhbəri və müəllifi Sahil Tahirli “Sədərəkdən Şuşaya” sənədli filminin, Azərbaycan xalqının qəhrəmanlıq və vətənpərvərlik tarixini əks etdirdiyini deyib. O qeyd edib ki, şəhidlərimizin qəhrəmanlığı film vasitəsilə gələcək nəsillərə ötürülür və Azərbaycan tarixində əbədi iz buraxır.
Sonra “Sədərəkdən Şuşaya” sənədli televiziya filmi nümayiş olunub.
Filmdə xalqımızın Sədərəkdən Şuşaya qədər keçdiyi böyük Zəfər yolu bir qəhrəmanın nümunəsində göstərilib. Belə ki, film Sədərək döyüşlərindəki qəhrəmanlığı ilə seçilən qazi və tibb bacısı Nəzifə Qaybalıyevanın timsalında təqdim olunur.
Sənədli televiziya filminin təqdimatından sonra çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı, Azərbaycan Respublikasının Xalq artisti Məmmədsəfa Qasımov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, REAL Təhlil İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev və digərləri "Sədərəkdən Şuşaya" filmi barədə təəssüratlarını bölüşərək Sədərək döyüşlərində hər kəsin cəsarətlə, mərdliklə öz doğma torpaqlarını qoruduğunu, birlik nümayiş etdirdiklərini bildiriblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin "Qeyrət qalası" adlandırdığı Sədərək uğrunda gedən döyüşlərdə Azərbaycan xalqının və əsgərlərinin göstərdiyi qəhrəmanlıq, vətənpərvərlik və fədakarlıq müstəsna əhəmiyyət kəsb edir.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin Veteranlar Şurası tərəfindən filmin baş qəhrəmanı qazi Nəzifə Qaybalıyeva “Cəmşid Naxçıvanski” ordeni ilə təltif edilib. Eyni zamanda filmin ərsəyə gəlməsində iştirak edən şəxslər Naxçıvan Televiziyası tərəfindən təltif olunublar. Həmçinin Sədərək döyüşlərinə aid mərhum şair və jurnalist Vaqif Məmmədovun şeirləri səsləndirilib.
Qeyd edək ki, filmin layihə rəhbəri və müəllifi Sahil Tahirli, filmin məsləhətçisi Anar Tahirov, redaktoru Elnarə Heydərova, rejissoru Razim İsmayıllı, operatorları İlqar Məhərrəmov, Ağali Rəhimov, Uğur Bağırov, musiqi tərtibatçısı isə Yaqut Süleymanovadır.
1990-cı illərin Sədərək döyüşləri xalqımızın qəhrəmanlıq tarixində müstəsna yer tutur. Naxçıvan Muxtar Respublikasının olduqca ağır, mürəkkəb bir vəziyyətdə yaşayıb varlığını qoruduğu həmin illərdə Sədərək erməni quldurlarının əsas sipəri idi. 150 nəfərə qədər qəhrəman Vətən oğlu bu qədim oğuz-türk yurdunun müdafiəsində canı və qanından keçərək şəhidlik zirvəsinə ucalıb, Sədərək, eləcə də bütün Naxçıvanın sovet ordusunun da yaxından dəstək verdiyi Ermənistan silahlı qüvvələri tərəfindən işğalına imkan verməyib.
1990-1993-cü illərdə 14 dəfə ermənilərin güclü hücumuna məruz qalan Sədərəyə 300-ə yaxın top mərmisi atılıb, 500-ə yaxın ev, məktəb, ictimai-inzibati bina, sosial obyekt dağıdılıb.
1990-cı il yanvarın 19-da Sədərək ilk şəhidlərini verib. Hücumun ilk dəqiqələrindən Naxçıvanın bütün rayon və kəndlərindən Sədərəyin köməyinə gələnlər sinələrini düşmən önündə sipər ediblər. Onlardan biri də həmin vaxt Şərur xəstəxanasında tibb bacısı işləyən Nəzifə Qaybalıyeva idi. O, xəbəri alar-almaz 3 körpə uşağını evdə qoyaraq birbaşa Sədərək döyüşlərinə yollanır. Onlarla yaralını xilas edir, Milli Qəhrəman Məhərrəm Seyidov onun qolları arasında əbədiyyətə qovuşur. O dövrdə Nəzifə xanımın Naxçıvan Televiziyasına verdiyi müsahibədən sonra yüzlərlə gənc Sədərəyin müdafiəsinə qalxır. Bu gün də Naxçıvan Televiziyasının arxivində qorunan həmin kadrları, eləcə də Nəzifə Qaybalıyevanın tarixi müsahibəsini həyəcansız izləmək mümkün olmur.
Digər xəbərlər