NAXÇIVAN :

20 May 2026, Çərşənbə

Bakıda keçirilən WUF13 qlobal etimadın göstəricisidir

...

Azərbaycan beynəlxalq tədbirlərə uğurlu  ev sahibliyi  təcrübəsi ilə seçilən ölkələrdən biridir. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakı şəhərində keçirilməsi də Azərbaycanın  artan beynəlxalq nüfuzunun və qlobal proseslərdə fəal rolunun növbəti göstəricisidir. Dünyada şəhərsalma proseslərinin sürətlə artdığı bir dövrdə şəhərlərin dayanıqlı inkişafı, müasir şəhərsalma modelləri, iqlim dəyişikliklərinin şəhər mühitinə təsiri və sosial inklüzivlik kimi məsələlər beynəlxalq gündəliyin əsas mövzularından biridir. Prezident İlham Əliyev  forumda çıxışı zamanı vurğulayıb ki, Azərbaycan bu forumu təşkil etməklə şəhərsalmanın inkişafına sadiqliyini nümayiş etdirir: “Bu il mənim Sərəncamıma əsasən, “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. Mən bu tədbirin təşkilinə verilən dəstəyə, əməkdaşlığa və forumun 13-cü sessiyasına ev sahibliyi etmək üçün bu cür çox məsuliyyətli vəzifənin bizə həvalə edildiyinə görə təşəkkürümü bildirmək istəyirəm. 2022-ci ildən etibarən biz BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda, uzun illər işğal altında olmuş şəhərlərdə - Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumlarını keçirmişik”. Dövlətimizin başçısı vurğulayıb ki, şəhərsalma elə bir məsələdir ki, Azərbaycan dövləti gündəlik əsaslarla onun üzərində işləyir: “Bu gün qlobal toplantını təşkil edərək biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk. Nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər”. 

Böyük uğurla baş tutan COP29-dan sonra  ölkəmizin daha bir qlobal tədbirə ev sahibliyi etməsi dünyanın nəzərlərini yenidən Azərbaycana yönəltdi. Forumun Azərbaycanda keçirilməsi işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma proseslərinin də beynəlxalq ictimaiyyətə təqdim edilməsi baxımından mühüm platformadır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, müasir urbanizasiya prinsiplərinə uyğun qurulan yeni yaşayış məntəqələri dünya üçün də maraqlı təcrübə hesab olunur. Belə mötəbər tədbirin Bakıda keçirilməsi ölkəmizin turizm və iqtisadi potensialının təbliği baxımından da böyük əhəmiyyət daşıyır. Forum çərçivəsində ölkəmizə gələn çoxsaylı xarici qonaqlar Azərbaycanın iqtisadi imkanları, investisiya mühiti və inkişaf strategiyası ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər. Bu isə uzunmüddətli perspektivdə ölkəmizə yeni investisiyaların cəlb olunmasına və iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verə bilər.

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafı, ölkənin qlobal miqyasda nüfuzunun möhkəmlənməsi və yeni əməkdaşlıq platformalarının formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Dünyanın müxtəlif regionlarından hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, şəhər idarəetməsi üzrə ekspertlərin, alimlərin və iri şirkətlərin iştirakı ilə keçirilən bu mötəbər tədbir Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq mərkəzlərindən birinə çevrildiyini bir daha nümayiş etdirir. Forumun Bakıda təşkil olunması ölkəmizin beynəlxalq təşkilatlarla münasibətlərinin daha da möhkəmləndiyini göstərir.

Sözsüz ki, WUF13 çərçivəsində aparılan müzakirələr və qəbul edilən qərarlar şəhərlərin dayanıqlı inkişafı, innovativ şəhər idarəçiliyi və inklüziv urbanizasiya siyasəti baxımından mühüm nəticələr verəcək. Bu isə Azərbaycanın qlobal urbanizasiya proseslərində daha fəal iştirakına və beynəlxalq əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə olacaq.

Şəhla ƏHMƏDOVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Nəşr edilib : 19.05.2026 12:39