NAXÇIVAN :

23 Yanvar 2025, Cümə axşamı

Bakıda Əməkdar rəssam Ülviyyə Həmzəyevanın fərdi sərgisi açılıb

...

"Şərq qapısı" xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə Əməkdar rəssam, millət vəkili Ülviyyə Həmzəyevanın “Çağırış – zaman və məkan boşluğunda itmiş simvollar” adlı qrafik əsərlərindən ibarət sərgi açılıb. 

Milli İncəsənət Muzeyində keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, Azərbaycan Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlər Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə qadın və uşaq  məsələləri komitəsinin sədri Hicran Hüseynova, Xalq rəssamı Salhab Məmmədov, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova rəssamın yaradıcılığı barədə söz açaraq ona yaradıcılıq yolunda yeni-yeni uğurlar arzulayıblar. 

Qeyd olunub ki, Azərbaycan müasir təsviri sənətinin tanınmış nümayəndələrindən olan Ülviyyə Həmzəyevanın dərin məna və məzmun yükü ilə seçilən yaradıcılığı, minilliklərdən süzülüb gələn milli ənənələrimizin qaynaqlandığı mifoloji və folklor təfəkkürünü, Gəmiqaya, Qobustan petroqlifləri dünyasını, zəngin miniatür və əsrarəngiz xalçaçılıq sənətinin elementlərini özündə ehtiva edir. 

Əsərlərin qəhrəmanları real obrazlarla yanaşı, xalq fantaziyasından yaranmış rəngarəng aləmi təmsil edən varlıqlardır. 
Sərgidə nümayiş etdirilən əsərlərin dərin fəlsəfi mahiyyəti, mənəvi həyatımız, dünyaya göz açıb boya-başa çatdığı qədim və misilsiz tarixə malik olan Naxçıvanın ruhu ilə səsləşir.  
 Təqdim olunan “Çağırış – zaman və məkan boşluğunda itmiş simvollar” adlı sərginin ekspozisiyası rəssamın qrafika əsərlərini əhatə edib. 
Qeyd edək ki, sərgidə rəssamın “Mən və mən”, Ruhun zirehi”, “Yatmış gözəl”, “İlk nurum”, “Zəfər”, “Ölümlə rəqs” və başqa 70-dən çox qrafika əsəri nümayiş olunur.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 23.01.2025 10:57