NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans YENİLƏNİB

...

“AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzulu beynəlxalq konfrans öz işini panel müzakirələrlə davam etdirir.

"Şərq qapısı" xəbər verir ki, Xarici İşlər Nazirliyinin Regional təhlükəsizlik departamentinin şöbə müdiri Nərmin Əhəngarinin moderatorluğu ilə keçirilən panel iclasda “KOB-larda qadın sahibkarlar: Süni intellekt və rəqəmsallaşmanın tətbiqi” mövzusu müzakirə olunub.

Özbəkistan Baş nazirinin müavini, Ailə və Qadınlar üzrə Komitənin sədri Züleyxa Məhkəmova son illərdə Özbəkistan və Azərbaycan arasında etimad və strateji tərəfdaşlıq münasibətlərinin davamlı olaraq inkişaf etdiyini xatırladıb. Onun sözlərinə görə, AQEM Qadınlar Şurasının yaradılması da üzv ölkələr arasındakı əlaqələri daha da gücləndirəcək.

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş qeyd edib ki, qadınların məşğulluğu yalnız fərdi rifahı deyil, bütövlükdə ailələrin və cəmiyyətlərin güclənməsini təmin edir. Rəqəmsallaşmanın isə qadınlar üçün yeni imkanlar açdığını bildirən nazir vurğulayıb ki, bu səbəbdən, qadınların rəqəmsal bacarıqlarının inkişafı, texnologiyalara çıxış imkanlarının genişləndirilməsi və onların innovativ sahələrdə iştirakının təşviqi xüsusi əhəmiyyət daşıyır.

Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, qadın sahibkarlığının müasir problemləri əsasən maliyyə resurslarına məhdud çıxış, biznes savadlılığının çatışmazlığı, ailə-biznes balansının qurulması çətinliyi və gender stereotipləri ilə bağlıdır. “Xüsusilə regionlarda biznesin idarə edilməsi, rəqəmsal marketinq və qanunvericilik bazası haqqında məlumatlılığın artırılmasına ehtiyac var”, - deyə Hicran Hüseynova vurğulayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ötən ilin yekunlarına əsasən ölkəmizdə məşğul əhalinin təxminən 48 faizini, fərdi sahibkarların isə 24 faizini məhz qadınların təşkil etdiyini bildirib. İdarə heyətinin sədri KOB sektorunda da kifayət qədər sayda qadın sahibkar mövcud olduğunu diqqətə çatdırıb.

Pakistan İslam Respublikasının İnsan Hüquqları Nazirliyinin katibi Abdul Khalique Shaik AQEM kimi platformaların olduqca effektiv olduğunu deyib. Onun sözlərinə görə, bu cür platformalar qadınların rəqəmsal texnologiyalara çıxışını genişləndirməyə kömək edir. Nəticədə, qadınların bilik və bacarıqları inkişaf edir və onların cəmiyyətdə rolu güclənir.

Qadın və Uşaq Tədqiqat və Müdafiə Şəbəkəsinin Baş icraçı direktoru Zarqa Yaftali Azərbaycana sədrliyi çərçivəsində bu konfransı təşkil etdiyinə görə təşəkkür edib: “Bu təşəbbüs qadınların gücləndirilməsi sahəsinə mühüm töhfə verir. Belə tədbirlər qadınların inkişafı və imkanlarının genişlənməsi üçün böyük əhəmiyyət daşıyır”.

Tacikistan Respublikasının Hökumət yanında Qadın və Ailə İşləri Komitəsi sədrinin müavini Zarina Abdulmainzoda qeyd edib ki, bu konfrans beynəlxalq əməkdaşlığın güclənməsinə dəstək olur. Onun sözlərinə görə, gələcəkdə daha çox belə təşəbbüslərin həyata keçirilməsi arzuolunandır.

Panel iclasında, həmçinin Tayland Krallığının Sosial İnkişaf və İnsan Təhlükəsizliyi Nazirliyi, Qadın Məsələləri və Ailə İnkişafı Departamentinin Baş direktoru Catuporn Rocanaparniçin videomüraciəti təqdim edilib.

Panel iclas müzakirələrlə davam edib.

09:22

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir.

"Şərq qapısı" xəbər verir ki, konfrans çərçivəsində “Kiçik və orta biznesdə qadın sahibkarlığı: Süni intellekt və rəqəmsallaşmanın imkanları” və “Ətraf mühitin qorunması və dayanıqlılığın gücləndirilməsində qadın liderliyi” mövzuları müzakirə olunacaq.

Konfransın davamı olaraq AQEM Qadınlar Şurasının ilk iclasının baş tutması, iclasın üzv dövlətlər arasında koordinasiya, dialoq və təcrübə mübadiləsinə yönəlmiş mandatının rəsmi olaraq tətbiq edilməsi gözlənilir.

Nəşr edilib : 14.04.2026 14:30