Naxçıvanda avtomobil piyadanı vurub
17:33 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Son 35 ildir, Bakı-Naxçıvan reysi deyəndə bir çoxumuzun xəyalında təyyarələr, bəzilərinin isə fikrində İran İslam Respubikasının ərazisindən keçib Bakıya çatan avtobuslar canlanır. Bəli, biz naxçıvanlılar 100 il öncə Vətən sevgisinin nə demək olduğunu unudan insanların əli, sovetlərin kirli və məkirli beyni ilə qurulan oyunların qurbanı olmuşuq. Əzəli yurdumuz olan Zəngəzurun ermənilərə verilməsi Azərbaycanın tarixi torpaqlarında yaradılan Ermənistan adlı maşa dövlətin möhkəmlənməsinə, Naxçıvanın isə ana Vətəni Azərbaycandan ayrılmasına səbəb olub. Sovetlər dönəmində qədim torpağımız Mehridən keçən avtomobil və dəmir yolu ilə Bakıya və digər rayonlarımıza gedən Naxçıvan sakinləri üçün ən dəhşətli vəziyyət sovetlərin əcəl zəngi çalınandan sonra yarandı. Birliyin ləğv olunmasını fürsət bilən ermənilər Mehridən keçən bütün yolları bağlayıb qatar və avtomobillərlə bu ərazidən keçən insanları əsir götürür, qarət edirdilər. Naxçıvanın blokadaya salınması da məhz həmin dövrə təsadüf etdi. Ulu Öndərin yurdumuza qayıdışı ilə naxçıvanlılar işıqlı yola çıxdı və Onun səyləri nəticəsində Naxçıvandakı bütün çətinliklər kimi Azərbaycanla nəqliyyat əlaqələrindəki problemlər də aradan qalxdı. Sonrakı illərdə qonşu İran İslam Respublikası ilə aparılan danışıqlar nəticəsində Araz çayı üzərində inşa edilən körpülərdən keçən avtobuslarla Naxçıvandan Bakıya yollar açıldı. Artıq 20 ilə yaxındır ki, naxçıvanlılar bu yolla Bakıya gedib-gələ bilir.
Yaxın günlərdə biz də Naxçıvan şəhər avtovağzalında olduq. Günortadan sonra qəribə bir canlanma hiss olunur. Sərnişinlər tələsik addımlarla kassaya yaxınlaşır, bəziləri biletini cibindən çıxarıb göstərir, digərləri isə ağır yüklərini daşıyaraq avtobuslara tərəf yönəlir.
Kassanın qarşısında uzun növbə yaranıb. Kiminin əlində balaca çamadan, kiminin qucağında uşaq var. Yaşlı bir qadın kassirə yaxınlaşıb oğlunu görmək üçün Bakıya gedən avtobusa bilet alır, onun gözlərindəki sevinci görməmək qeyri-mümkündür. Gənclərdən biri isə telefonla danışaraq kiməsə “Bileti götürdüm, 16:30-da çıxırıq” xəbərini verir.
Avtovağzalın həyətində hərəkət daha da canlanır. Sürücülər səliqə ilə avtobusları düzür, işçilər sərnişinlərin yüklərinə kömək edir. Ağır çantalar, iri qutular, hətta kənddən gətirilən təzə məhsullar da bu səfərin yolyoldaşına çevrilir. Bütün bu mənzərə bir tərəfdən gündəlik həyatın qayğılarını xatırladır, digər tərəfdən isə insanların gediş-gəlişinin Naxçıvanı böyük şəhərlərə bağlayan bir ip olduğunu göstərir.
Saat 16:30 reysi isə xüsusi maraq doğurur. Bu reysdə Bakı istiqamətinə gedənlərin sayı getdikcə artır. Elə həmin reyslə yola düşənlərdən biri Cavanşir Əliyev idi. Bilet alarkən onunla söhbət etdik. Cavanşir Əliyev bildirdi ki, Bakıya yaxınlarının toy mərasiminə qatılmaq üçün gedir.

Digər sərnişin Gülü Tənifəyeva söhbət zamanı bizə bildirdi ki, Bakı səfərinin əsas məqsədi müharibə iştirakçısı olub, hazırda hərbçi kimi fəaliyyət göstərən oğlunu görməkdir. Gülü xanım deyir ki, illər öncə Bakıya aparacağımız bağlamaları özümüz aparıb gömrük məntəqələrində nəzarətdən keçirməli, uzun məsafələri əlimizdə daşımalı olurduq. Bir neçə ildir ki, yüklər Naxçıvan şəhər avtovağzalında yaradılan gömrük nəzarəti məntəqəsində yoxlanılır və avtobusun baqajına yerləşdirilir. Daha sonra Bakı şəhər avtovağzalında sərnişinlərə təhvil verilir.
Digər müsahibim Mikayıl Eyvazov isə qeyd edir ki, mənfur düşmənin yollarımıza çəkdiyi sədd Vətəndən-Vətənə gedən yolları uzadır. 2020-ci ildə müzəffər Ordumuzun qazandığı qələbə ermənilərin “keçilməz” sədlərini yardı və Naxçıvana gedən yolları da açdı. İndi bütün naxçıvanlılar 35 il öncə düşmənin əli ilə bağlanan yolun Müzəffər Sərkərdənin siyasi gücü ilə açılmasını gözləyir.
Sərnişinlərlə həmsöhbət olduqdan sonra Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin tabeliyində Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyinin mətbuat üzrə məsul şəxsi Rauf Kəngərli ilə də həmsöhbət oluruq.

Rauf müəllim bildirdi ki, uzun illərdir muxtar respublika blokada şəraitində yaşadığı üçün qədim diyarımızdan paytaxt Bakı şəhərinə gediş-gəlişlər ancaq hava yolu ilə, eyni zamanda avtomobil yolu ilə qonşu İran İslam Respublikası ərazisindən keçməklə həyata keçirilir.
Əlavə seçim imkanı olmadığı üçün hər il bayram günlərində, yay mövsümünün sonunda və yeni tədris ilinin başlanğıcında sərnişin sıxlığı yaranır. Onun sözlərinə görə, insanlar bayramlarda doğmalarını görmək, yayda istirahətə getmək, təhsil mövsümündə isə tələbələr Bakı və Naxçıvana üz tutmaq üçün səfərə çıxırlar. Rauf Kəngərli həftədə, ümumilikdə çıxan reyslərlə bağlı məlumat verdi: “Hazırda Naxçıvan-Bakı istiqamətində gündəlik 4 müntəzəm avtobus reysi həyata keçirilir. Bunlardan biri səhər saat 09:00-da, digərləri isə axşam saat 16:30, 17:30 və 18:30-da yola düşür. Beləliklə, həftədə, ümumilikdə, 28 reys icra olunur. Sərnişin sıxlığı yarandıqda isə reyslərin sayı artırılaraq 35-ə və ya 42-yə çatdırılır. Son günlərdə sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq əlavə olaraq saat 19:30 və 20:30-da da avtobus reysləri açılıb”.
Bilet satışı ilə bağlı məlumat verən Rauf müəllim onu da qeyd etdi ki, satışlar Naxçıvan şəhəri ilə yanaşı, Şərur, Culfa, Ordubad və Şahbuz rayon avtovağzallarında, həmçinin “biletim.az” platformasında həyata keçirilir. Ən çox bilet alışı isə məhz Naxçıvan şəhərində müşahidə olunur. O həm də sərnişinlərin sayının günlərə görə dəyişdiyini də diqqətə çatdırdı. Belə ki, bəzi günlərdə 180 nəfər, bəzi günlərdə isə 300-ə yaxın sərnişin avtobuslardan istifadə edir. Məsələn, bu ilin avqust ayında Naxçıvandan Bakıya 31-i səhər, 108-i axşam olmaqla, ümumilikdə, 139 reys təşkil olunub. Bu reyslərlə 6 min 390 sərnişin daşınıb. Bakıdan Naxçıvana isə həmin müddətdə 139 reyslə 5 min 893 nəfər çatdırılıb. Daşınan sərnişinlərdən 6 nəfəri 5 yaşadək, 120 nəfəri 5-10 yaş arası, qalan 6 min 264 nəfər isə 10 yaşdan yuxarı olub. Rauf müəllim xatırlatdı ki, 5 yaşadək uşaqlar üçün gedişhaqqı pulsuzdur, 5-10 yaşlı uşaqlar isə bileti yarı qiymətə əldə edirlər.
O həmçinin əlavə etdi ki, ötən ilin avqustu ilə müqayisədə bu il Naxçıvan-Bakı-Naxçıvan marşrutu ilə 11 əlavə reys və 555 sərnişin artıq daşınıb.
Gələcək planlara toxunan Rauf müəllim vurğuladı ki, hər kəsin böyük ümidlə gözlədiyi Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan mühüm nəqliyyat arteriyasına çevriləcək. Həmin vaxt yaranacaq yeni şərait müxtəlif istiqamətlərdə avtobus reyslərinin açılmasını da gündəmə gətirəcək.
Söhbətimiz bitdikdən sonra avtovağzalın həyətinə nəzər salırıq. Həyətə baxanda avtobusun arxasına yüklərini yerləşdirən sərnişinlər, yaxınlarını yola salanların qucaqlamasını görəndə, uşaqların nənə-babalarına “tez qayıt” deməsini eşidəndə hər avtobusun həm bir yol, həm də bir ümid daşıdığını düşünürük. Və arzu edirik ki, növbəti müsahibəni Zəngəzurdan keçib Bakıya yol alacaq ilk avtobusun sərnişinlərindən alaq.
Elnurə CƏFƏROVA
Digər xəbərlər