Naxçıvan məktəblisi Tunisdə keçiriləcək Kibertəhlü...
12:10 29.04.2026
0
0
0
NAXÇIVAN :
29 Aprel 2026, Çərşənbə
Azərbaycanla Latviya arasında münasibətlər müasir beynəlxalq əməkdaşlığın uğurlu nümunələrindən biri kimi zaman geçdikcə daha sistemli və çoxşaxəli xarakter alır. Hər iki ölkə coğrafi baxımdan fərqli regionlarda yerləşsə də, ortaq maraqlar, qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsiplərinə əsaslanan əməkdaşlıq bu əlaqələrin davamlı inkişafını təmin edir. Xüsusilə dövlət suverenliyi, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq prinsiplərinə qarşılıqlı hörmət münasibətlərin əsas dayaqlarından birinə çevrilib. Bütün bunların timsalında siyasi dialoq yüksək səviyyədə və dinamik xarakter daşıyır. Qarşılıqlı rəsmi səfərlər, beynəlxalq platformalarda fəal əməkdaşlıq və müntəzəm təmaslar iki ölkə arasında etimad mühitini daha da gücləndirir. Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı və digər beynəlxalq platformalar çərçivəsində nümayiş etdirilən qarşılıqlı dəstək isə tərəfdaşlığın qlobal miqyasda da əhəmiyyətini artırır. Bu kontekstdə aprelin 22-də Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri, səfər çərçivəsində keçirilən görüşlər, aparılan danışıqlar münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisə kimi dəyərləndirilə bilər.
Bakı-Riqa xəttində yeni imkanlar və əməkdaşlıq perspektivləri
Siyasi münasibətlərin tarixi baxımdan Latviya Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 8-də tanıyıb, 1994-cü il yanvarın 11-də isə iki ölkə arasında diplomatik münasibətlər qurulub. 2005-ci ildə Azərbaycanın Latviyada, bir il sonra isə Latviyanın Azərbaycanda səfirliklərinin açılması münasibətlərin institusional əsaslarını möhkəmləndirib. 2017-ci ildə Azərbaycan Prezidentinin Latviyaya rəsmi səfəri zamanı imzalanmış “Strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” isə əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldib. Aprelin 22-də Prezident İlham Əliyev Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçslə mətbuata bəyanatı zamanı da ilk olaraq məhz Birgə Bəyannaməyə diqqəti çəkməsi tərəflər arasında mövcud etimad və inamdan xəbər verir: “Cənab Prezidentlə ikitərəfli gündəliyimizin müxtəlif aspektlərini, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən məsələləri həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş şəkildə müzakirə etdik. Şadıq ki, əməkdaşlığımızın çox güclü çərçivəsi var. Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannamə, həmçinin hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Biz elə bunun əsasında tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək üçün sıx çalışmışıq”.
Bu gün Azərbaycan-Latviya iqtisadi əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Ticarət dövriyyəsinin artırılması, nəqliyyat-logistika marşrutlarının genişləndirilməsi, xüsusilə Şərq-Qərb Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlıq imkanlarının reallaşdırılması prioritet istiqamətlərdəndir. Enerji sahəsində, o cümlədən alternativ və bərpa olunan enerji üzrə təcrübə mübadiləsi, həmçinin kənd təsərrüfatı, qida təhlükəsizliyi və texnologiyalar sahəsində əməkdaşlıq potensialı genişdir. Bu istiqamətlərdə atılan addımlar iqtisadi əlaqələrin daha da şaxələndirilməsinə xidmət edir. Təqdiredici haldır ki, iki ölkə arasında əməkdaşlıq təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Təhsil, mədəniyyət, turizm və humanitar sahələrdə də qarşılıqlı əlaqələr inkişaf edir. Tələbə mübadiləsi proqramları, mədəni tədbirlər və turizm axınının artması xalqlar arasında qarşılıqlı anlaşmanı daha da gücləndirir. Təbii ki, bu uzunmüddətli tərəfdaşlıq üçün möhkəm sosial baza formalaşdırır. Aprelin 22-də Prezident İlham Əliyev Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçslə mətbuata bəyanatında da bu məsələlərə xüsusi toxundu, Latviyada 450-dən artıq azərbaycanlı tələbənin təhsil aldığını vurğuladı. Sitat: “Təbii ki, insanlar arasında təmaslar və təhsil sahəsi də var. Şadıq ki, Latviyada 450-dən artıq azərbaycanlı tələbə təhsil alır və əminəm ki, onların hamısı gözəl ölkənizdə olmaqdan məmnundur. Çoxsaylı səfərlərim yadıma düşür və Sizi ölkənizin inkişafında əldə olunmuş bütün nailiyyətlər münasibətilə təbrik etmək istəyirəm”.
Latviya liderinin səfəri çərçivəsində aparılan danışıqlar və imzalanan sənədlər siyasi dialoqun daha da dərinləşdirilməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsinə zəmin yaradacaq. Eyni zamanda bu səfər Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafına əlavə dinamika verən mühüm amil kimi çıxış edə bilər. İmzalanmış sənədlər əməkdaşlığın təhlükəsizlik, hüquq-mühafizə, sərhəd xidməti, konsulluq, kənd təsərrüfatı və digər mühüm sahələri əhatə etdiyini göstərir. Birgə Bəyanat isə iki ölkə arasında əlaqələrin strateji mahiyyət daşıdığını bir daha təsdiqləyərək siyasi dəstəyin yüksək səviyyədə olduğunu nümayiş etdirir.
İki ölkə əməkdaşlığı yeni regional iqtisadi imkanlar açır
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə keçirilən Azərbaycan-Latviya biznes-forumu iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyur. Forum çərçivəsində səsləndirilən fikirlər və aparılan müzakirələr göstərir ki, Bakı ilə Riqa arasında əməkdaşlıq artıq təkcə siyasi müstəvidə deyil, həm də real iqtisadi layihələr üzərində qurulmağa başlayır.
Forumda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən yola çıxaraq, demək olar ki, son illərdə Azərbaycan iqtisadiyyatında həyata keçirilən şaxələndirmə siyasəti ölkənin investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb. Qeyri-neft sektorunun ÜDM-də payının sürətlə yüksəlməsi və iqtisadi artımın dayanıqlı xarakter alması xarici investorlar üçün etibarlı mühit formalaşdırır. Bu kontekstdə Latviya iş adamlarının Azərbaycana artan marağı təsadüfi deyil. Eyni zamanda Azərbaycanın maliyyə sabitliyi və aşağı xarici borc göstəriciləri ölkənin iqtisadi dayanıqlığını daha da gücləndirir. Strateji valyuta ehtiyatlarının yüksək olması və borclanma siyasətinin ehtiyatla idarə olunması investorlar üçün risklərin minimum səviyyədə olduğunu göstərir. Bu isə uzunmüddətli əməkdaşlıq üçün mühüm amillərdən biridir. Həmçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri isə yeni iqtisadi inkişaf məkanları kimi çıxış edir. Bu ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri xarici investisiyalar üçün böyük imkanlar açır. İnfrastruktur layihələri, enerji, kənd təsərrüfatı və turizm sahələrində həyata keçirilə biləcək təşəbbüslər Latviya şirkətləri üçün də cəlbedici perspektivlər yaradır.
Forumda vurğulanan enerji sahəsində əməkdaşlıq Azərbaycan-Latviya münasibətlərində xüsusi yer tutur. Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaş kimi tanınır. Bu gün ölkəmiz, ümumilikdə, 16 ölkəyə təbii qaz ixrac edir ki, onlardan 10-u Avropa İttifaqının üzvüdür. Təsadüfi deyil ki, Aİ Azərbaycanı etibarlı tərəfdaş və pan-Avropa qaz təchizatçısı adlandırır. Təbii qaz ixracının genişlənməsi ilə yanaşı, bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr ölkəmizin enerji strategiyasını daha da şaxələndirir. Xüsusilə günəş və külək enerjisi potensialının inkişafı gələcək əməkdaşlıq üçün yeni istiqamətlər müəyyənləşdirir. Bununla yanaşı, Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi istiqamətində atdığı addımlar da diqqət çəkir. Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizləri ölkəni regionun əsas tranzit mərkəzlərindən birinə çevirib. Bu amil logistika və ticarət sahəsində fəaliyyət göstərən Latviya şirkətləri üçün də əlavə imkanlar yaradır. Kənd təsərrüfatı, turizm və su ehtiyatlarının idarə olunması kimi sahələrdə əməkdaşlıq potensialı da kifayət qədər genişdir. Xüsusilə regionlarda biznes imkanlarının artması və Ələt Azad İqtisadi Zonasında yaradılmış əlverişli şərait xarici investorların marağını artıran əsas faktorlardandır.
Ümumilikdə, Azərbaycan-Latviya biznes-forumu iki ölkə arasında iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi üçün praktik platforma rolunu oynayır. Qarşılıqlı investisiya imkanlarının araşdırılması və birgə layihələrin həyata keçirilməsi gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyini deməyə əsas verir. Prezident İlham Əliyev forumda çıxışı zamanı ölkəmizin həyata keçirdiyi layihələr, Azərbaycan-Latviya münasibətlərinin gələcək perspektivlərindən bəhs etdi, biznes-forumun birlikdə çalışmaq üçün qarşılıqlı istəyi real şəkildə göstərdiyini vurğuladı: “Latviya Prezidentini rəsmi səfərdə qəbul etməkdən çox məmnunam. Bizim əla müzakirələrimiz oldu və sənədlər imzalandı. Müzakirə etdiyimiz bir çox məsələlər arasında iqtisadi tərəfdaşlıq mövzusu da var idi. Xüsusilə bu gün təşkil olunan biznes-forum birlikdə çalışmaq üçün qarşılıqlı istəyimizi real şəkildə nümayiş etdirir”.
Latviya Prezidenti Edqars Rinkeviçsin ölkəmizə səfəri və səfər çərçivəsində keçirilən görüşlər, biznes-forum belə deməyə əsas verir ki, Bakı ilə Riqa arasında münasibətlər artıq yeni mərhələyə qədəm qoyur və bu mərhələ konkret layihələr, qarşılıqlı investisiyalar və uzunmüddətli tərəfdaşlıq üzərində qurulur. Mövcud siyasi iradə və formalaşmış hüquqi baza bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə və yeni istiqamətlər üzrə inkişaf edəcəyinə əminlik yaradır. Nəticə etibarilə, Azərbaycan-Latviya münasibətləri möhkəm siyasi təməl, geniş iqtisadi imkanlar və dərinləşən humanitar əlaqələr üzərində inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsində davamlı xarakter alır. Qarşılıqlı etimad, yüksək səviyyəli siyasi dialoq və ortaq maraqlara əsaslanan əməkdaşlıq modeli iki ölkə arasında əlaqələrin perspektivlərini daha da genişləndirir.
Nail ƏSGƏROV
Digər xəbərlər