Mənsum İbrahimov: Naxçıvan tamaşaçısının sevgisi m...
00:12 18.07.2026
0
0
0
NAXÇIVAN :
18 Iyul 2026, Şənbə
Həyatda elə insanlar olur ki, onların fəaliyyəti yalnız öz uğurları ilə deyil, həm də ətrafındakı insanlara göstərdikləri təsirlə ölçülür. Filologiya elmləri doktoru, mətnşünas alim Səbuhi Məmmədəli oğlu İbrahimov da belə ziyalılardandır.
Səbuhini uzun illərdir, tanıyıram. Naxçıvan Dövlət Universitetində magistr təhsili aldığı illərdən başlayan tanışlığımız sonralar səmimi dostluğa çevrilib. Onun ən diqqətçəkən xüsusiyyətləri zəhmətkeşliyi, elmə bağlılığı, sadəliyi və insanlarla ünsiyyət qurmaq bacarığıdır.
Səbuhi İbrahimov 1971-ci ildə Culfa rayonunun Ərəzin kəndində anadan olub. Doğulduğu Ərəzin kəndinin əsrarəngiz təbiəti hopub onun varlığına: bulaq suyu kimi dumduru, saf xarakteri, hər bir insanın müraciətinə həssaslıqla yanaşan, hər kəslə ünsiyyət qurmağı bacaran, təcrübəli pedaqoq, həlim bir insan kimi nəzəri cəlb edib.
Orta təhsilini başa vurduqdan sonra ali təhsil alaraq elmi fəaliyyət yolunu seçib. Bakı İslam Universitetində bakalavr, Naxçıvan Dövlət Universitetində magistr təhsili alıb.
Elmə olan marağı onu uzun illər tədqiqata yönəldib. Gənclik illərindən başlayaraq həyatının 25 ilini xalqımızın yazılı abidələri sayılan əlyazma mətnlərinin tədqiqinə həsr edib. Onda olan bu sevgi, həvəs onu respublikanın mətnşünas alimlərindən biri kimi tanıdıb. 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun dissertantı olub, 2008-ci ildə Bakı Dövlət Universitetində “İslamda imamilik” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Sonrakı illərdə elmi fəaliyyətini daha da genişləndirən alim “Naxçıvana dair əlyazmaların filoloji-tekstoloji tədqiqi (XIX əsrin sonu – XX əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. Bu tədqiqat Naxçıvanın zəngin əlyazma irsinin öyrənilməsi və elmi dövriyyəyə gətirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Səbuhi İbrahimovun elmi yaradıcılığı çoxşaxəlidir. O, uzun illərdir, qədim əlyazmaların tədqiqi, tərcüməsi və nəşri ilə məşğul olur. Alimin müəllifi və həmmüəllifi olduğu kitablar, monoqrafiyalar, dərs vəsaitləri və çoxsaylı elmi məqalələr Azərbaycan mətnşünaslığının inkişafına mühüm töhfədir. Xüsusilə Naxçıvanın mənəvi-mədəni irsinə həsr olunan araşdırmaları elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
2006-cı ildən AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda çalışan alim burada qədim əlyazmaların kataloqlaşdırılması, tədqiqi və nəşri istiqamətində mühüm işlər görüb. Onun yüzlərlə elmi məqaləsi ölkəmizdə və xaricdə nəşr olunan nüfuzlu elmi jurnallarda çap olunub. Mətnşünas alimin mütəmadi olaraq respublikada və xarici ölkələrdə – Türkiyə, İran, Rusiya, Almaniya, Hindistan, Rumıniya, İngiltərə, Qazaxıstan və Kubada keçirilən beynəlxalq konfranslarda mühüm əhəmiyyət kəsb edən mövzular üzrə fəal iştirakı da diqqəti cəlb edir.
Səbuhi müəllimin fəaliyyətinin mühüm istiqamətlərindən biri də pedaqoji fəaliyyətdir. O, auditoriyada tələbələrə yalnız elmi biliklər aşılamaqla kifayətlənmir, həm də onlara mənəvi dəyərlər, vətənpərvərlik və ziyalılıq nümunəsi göstərir. Tələbkarlıqla qayğını ustalıqla birləşdirən müəllim kimi tələbələrinin böyük hörmətini qazanıb.
Onun haqqında danışarkən, ilk növbədə, insanlıq keyfiyyətlərini qeyd etmək lazımdır. Sadəliyi, təvazökarlığı, dostluğa sədaqəti və xeyirxahlığı onu ətrafında sevdirən əsas xüsusiyyətlərdəndir. Elmi nailiyyətləri ilə yanaşı, yüksək mənəvi keyfiyyətləri də onu Azərbaycan ziyalısının layiqli nümunəsinə çevirib.
10 iyun tarixdə Səbuhi İbrahimovun 55 yaşı tamam olur. Arxada qalan illər onun zəhmətinin, elmə və təhsilə xidmətinin bariz göstəricisidir. İnanıram ki, o bundan sonra da yeni tədqiqatları, sanballı elmi əsərləri və pedaqoji fəaliyyəti ilə Azərbaycan elminə dəyərli töhfələr verəcək.
Əziz dostum, görkəmli alim və pedaqoq Səbuhi İbrahimovu 55 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti və elmi fəaliyyətində yeni uğurlar arzulayıram.
Məmməd RZAYEV
Naxçıvan Dövlət Universitetinin professoru,
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Digər xəbərlər