Muxtar respublika ərazisində qarlı və şaxtalı hav...
12:38 23.02.2025
0
0
0
NAXÇIVAN :
23 Fevral 2025, Bazar
Yaxın günlərin birində Babək rayonunun qəhrəmanlarından olan Anar Əşrəf oğlu Mahmudovun böyüyüb boya-başa çatdığı evə üz tutduq.
Bizi şəhidimizin atası və qardaşı qarşıladı. Gəlişimizin səbəbini bildirdik. Qardaşı Mahmud sevə-sevə, qürurla danışdı Anarın həyatı barədə: “Anar 9 may 1980-ci ildə indiki Babək şəhərində anadan olmuşdu. İlk təhsilini də indiki Babək şəhərindəki 1 nömrəli tam orta məktəbdə almışdı. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollandı. Həqiqi hərbi xidməti bitirdikdən sonra Bakı şəhərində altıaylıq gizir kursuna daxil olub orada təhsil aldı və xidmətə başladı. Qardaşımın xidməti Lənkəranda, Ağdamda, Sarıcalıda, Ağcabədidə keçib. Anarın toyunu Lənkəranda etdik. Bu gün onun iki qızı var: Turanə və Tünzalə. Övladlarından birinə xalamızın, digərinə isə anamızın adını verib”.
Mahmud deyir ki, 2005-ci il oktyabrın 3-də Ağcabədi rayonunun Minaxorlu kəndi yaxınlığında xidməti vəzifəsini yerinə yetirərkən başından aldığı düşmən gülləsindən yaralanıb. Həmin gün Minaxorlu kəndində döyüş gedirmiş. Oktyabrın 11-də şəhid olub. 2006-cı il aprelin 14-də Anara şəhid statusu verilib. Nəşi Babək şəhərində torpağa tapşırılıb. Balaca qızını görmədi Anar. O, şəhid olduqdan sonra 2005-ci il noyabrın 27-də dünyaya gəlib Tünzalə. Qardaşım yaşca məndən balaca olsa da, mənə yol göstərirdi. Çox qeyrətli, mehriban idi. Kəndin xeyir-şərindən qalmazdı. Kənddə xüsusi hörməti var idi. Heç kin-küdurət saxlamazdı. Hərbidən məzuniyyətə gələn kimi imkanı daxilində hər kəsə baş çəkərdi.
Mahmud qeyd edir ki, hərbçi olmaq onların hər birinin qanında var. Mahmud da, oğlu da bu sahəni seçiblər. Mahmud Azərbaycan Respublikasının müharibə veteranıdır. Oğlu Əşrəf baş leytenantdır. 44 günlük Vətən müharibəsində iştirak edərək əmisinin qisasını alıb.
Düşmənin həmlələri qarşısında namusunu, torpağını, dinini, azadlığını qorumaq arzulu əsgərlərimiz döyüşlərdə olub, qəhrəmanlıqlar göstəriblər. Şəhidliyə yüksəliblər. Bu gün onlar özlərini uğrunda fəda etdikləri torpaqda uyuyurlar. Qürur mənbəyimizə çevrilən şəhidlərimizlə bütün Azərbaycan xalqı fəxr edir. Hər bir ölkə vətəndaşı “Bu Vətən bizimdir”, – deyib canını Azərbaycanımızın ərazi bütövlüyü naminə qurban verən igid və mərd oğullarını yaxından tanımalı, onların əziz xatirələrini həmişə uca tutmalıdır.
Turan MƏMMƏDLİ
Digər xəbərlər