NAXÇIVAN :

15 Yanvar 2025, Çərşənbə

Babək həm mənim, həm də övladlarının qürurudur

...

Babək Bəxtiyar oğlu Allahverdiyev

(30.05.1979-04.11.2020)

Babəkin xatirələri çoxdur. Sakittəbiətli idi. Balaca vaxtlarından fərqlənirdi. Həm evdə, həm də məktəbdə çox sevilirdi.
Babək çox vətənpərvər idi. Fədakar, peşəsini sevən oğul olub. Məni də həddindən çox sevirdi. Son vaxtlarda başını çiynimə qoymaqdan yorulmurdu. Bir neçə dəfə soruşdum ki, Babək, niyə belə edirsən? Heç nə demirdi. Mən də başa düşmürdüm bu hərəkətini.
Xatırlayıram ki, həyətdə ağacın altında uzun müddət oturardı. Dərin fikrə gedərdi. Həmin yeri çox sevirdi Babək. Samovarı salan kimi tez gedib orada əyləşirdi.
Bir gün evə gəlmişdi. Dedim ki, Babək, darvazamız yerindən aşağı enib. Qapı örtülmür. Qapını qaldırıb düzəltmək lazımdır. Dedi ki, ana, düzəldərəm. Qapı örtülər. Hələ üzərinə bayraq da sancarıq. Mən çox düşündüm. Amma müəyyən edə bilmədim ki, Babək nə demək istəyir. Şəhid olduqdan sonra həyətə endim. Gördüm qapıdan bayraq asılıb. Babəkin dediyini xatırladım. Dedim ki, can bala, sən əvvəldən nə olacağın bilirmişsən.

Noyabrın 10-da oğlunun ad günü olacaqdı. İntizarla gözləyirdi. Lakin görə bilmədi. Ad günündən bir neçə gün əvvəl həyat yoldaşına zəng vurub. Deyib ki, Şuşanı azad edib oğlumun ad gününə mütləq qayıdacağam.
Elə Şuşa döyüşlərində də qəhrəmancasına şəhid oldu.
Şuşanın işğaldan azad olunması zamanı şəxsi igidlik və şücaət göstərdiyinə görə təltif edildi. Medala layiq görüldü. Düzdür, bir ana kimi qürurluyam. Amma bala itkisi məni yandırır.
Oğlumla fəxr edirəm. Babək həm mənim, həm də övladlarının fəxri, qürurudur. Vətən müharibəsində minlərlə oğul itirdik. Amma milyonlarla övlad qazandıq. İndi bütün Azərbaycan oğulları bizim balalarımızdır. Vətən sağ olsun!

Nəşr edilib : 14.01.2025 21:17