Naxçıvan Dövlət Kukla Teatrı Türkiyəyə geniş qastr...
13:19 09.05.2026
0
0
0
NAXÇIVAN :
09 May 2026, Şənbə
Onların xatirəsi daim yaşayacaq
Ümummilli Lider Heydər Əliyev İkinci Dünya müharibəsində Azərbaycanın rolunu yüksək qiymətləndirərək deyirdi: “Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və rəşadət nümunələri göstərmişdir”. 9 May – faşizm üzərində qələbə qazanmış bütün ölkələr üçün böyük gündür. Bu qələbə bütün dünya üçün əlamətdar hadisə olub. Bu il İkinci Dünya müharibəsində faşist Almaniyası üzərində qazanılan qələbənin 81 illiyi qeyd olunur. Bir neçə il davam edən aramsız, amansız döyüşlərdə Azərbaycan xalqının oğul-qızları həm ön, həm də arxa cəbhədə böyük əzmkarlıq, şücaət və qəhrəmanlıq nümunəsi göstərmişdir.
Bəli, bəşər tarixində silinməz izlər buraxan bu müharibəyə cəlb olunmuş keçmiş müttəfiq respublikalar içərisində istər ümumi əhaliyə nisbətən əsgər sayına, istərsə də döyüşçülərin təltif olunması faizinə görə Azərbaycan ən öncül sıralarda dayanırdı. Belə ki, 700 minə yaxın soydaşımız, başqa sözlə, respublika əhalisinin hər 5 nəfərindən biri cəbhədə vuruşub, onların 450 mini və ya 65 faizi orden və medallarla təltif edilib, 130 nəfər “Sovet İttifaqı Qəhrəmanı” kimi yüksək ada layiq görülüb. Müharibədə cəsur azərbaycanlılardan ibarət 416-cı “Taqanroq”, 402-ci “Azərbaycan”, 223-cü “Belqrad” və 77-ci “Simferopol” diviziyaları şərəfli döyüş yolu keçib, soydaşlarımızın, təxminən, yarısı ağır döyüşlərdə qəhrəmancasına həlak olub. Müharibənin taleyində Naxçıvan da böyük rol oynayıb, 402-ci diviziya burada formalaşdırılaraq cəbhəyə yola salınıb. Həmyerlilərimiz 223-cü diviziyanın tərkibində Macarıstanın və keçmiş Yuqoslaviyanın faşistlərdən təmizlənməsində igidlik göstəriblər. Qürurlu haldır ki, 416-cı diviziya Şimali Qafqazdan Berlinədək ağır döyüş yolu keçib, diviziyanın əsgərləri Berlində qələbə bayrağını ilk qaldıranlardan olublar.
Müharibənin başlandığı gün – 1941-ci il iyunun 22-də Naxçıvan Muxtar Respublikasından 6492 nəfər orduya yollanıb. Ümumilikdə, 29 min 500 muxtar respublika sakini 1941-1945-ci illər müharibəsində iştirak edib. Müharibəyə könüllü gedənlərdən yüzə yaxını qadınlar idi. Cəbhəyə yollanan naxçıvanlıların hər ikisindən biri – 16 minə yaxın insan həlak olub. Üç həmyerlimiz – Abbas Quliyev, Nəcəfqulu Rəfiyev və Qəzənfər Əkbərov SSRİ-nin ən yüksək mükafatına – “Sovet İttifaqı Qəhrəmanı” adına, Rəhim Rəhimov “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülüb, 600 nəfər isə müxtəlif orden və medallarla təltif edilib. 102 nəfər “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri, 105 nəfər birinci və ikincidərəcəli “Böyük Vətən müharibəsi”, 315 nəfər “Qırmızı Ulduz”, 29 nəfər “Qırmızı Bayraq” ordenləri ilə təltif olunublar. Həmin illərdə azərbaycanlılar arxa cəbhədə də fəallıqları ilə seçiliblər. Onlar ordunun ehtiyacını ödəmək üçün qüvvələri səfərbərliyə alıb, gecəni gündüzə qataraq yorulmaq bilmədən çalışıb, qələbənin qazanılmasına öz töhfələrini verməyə səy göstəriblər. Xüsusi vurğulanmalıdır ki, faşizm üzərində tarixi qələbənin əldə edilməsində Azərbaycan nefti böyük rol oynayıb. Belə ki, həmin illərdə sovet ittifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksəkkeyfiyyətli sürtkü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Faşizm üzərində qələbənin təmin edilməsində həlledici amil kimi sovet ordusunun tank və təyyarələrinin böyük əksəriyyəti Azərbaycan neftinin hesabına hərəkətə gətirilirdi. Bir sözlə, əgər Bakı nefti olmasaydı, bu müharibədə hərbi əməliyyatları uğurla başa çatdırmaq mümkün olmazdı. Akademik Yusif Məmmədəliyevin 1941-1945-ci illərdə neft kimyası sahəsindəki ixtiraları isə, o dövrdə ümumittifaq respublikaları arasında Azərbaycan elminin inkişaf göstəricisi idi.
Ölkəmizin bütün sənaye müəssisələri, xüsusən maşınqayırma zavodları silah və sursat istehsalı ilə məşğul idi. Müharibə dövründə Azərbaycanda 130 növ silah və sursat istehsal olunaraq cəbhəyə göndərilirdi. Bununla yanaşı, cəbhəyə kömək məqsədilə digər imkanlardan da istifadə olunurdu. Həmin dövrdə təkcə Naxçıvan Muxtar Respublikasından müdafiə fonduna 12 kiloqram qızıl və gümüş, 180 milyon 89 min manat nağd pul, 70 min ton ət və digər ərzaq məhsulları, 160 min dəstdən çox isti paltar, 10 mindən artıq bağlama göndərilib.
Vətən yolunda xidməti olan insanlardan heç vaxt qayğısını əsirgəməyən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev azərbaycanlıların 1941-1945-ci illər müharibəsində göstərdikləri şücaətləri hər zaman yüksək qiymətləndirib. Görkəmli dövlət xadiminin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 May respublikamızda “Qələbə Günü” kimi rəsmiləşdirilib, dövlət bayramları sırasına daxil edilib, müharibə veteranlarının sosial müdafiəsi gücləndirilib. Onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər görülüb, imtiyazları və statusları bərpa olunub.
Ulu Öndərin layiqli siyasi varisi Prezident İlham Əliyev də 1941-1945-ci illər müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərir və bu addım hər bir azərbaycanlı tərəfindən rəğbətlə qarşılanır. “Böyük Vətən müharibəsi iştirakçılarının “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında” 2020-ci il 1 may tarixli Sərəncam da bu təbəqədən olan vətəndaşlara dövlət başçısının verdiyi xüsusi önəmin göstəricisidir. Faşizm üzərində qələbənin 81-ci ildönümü ilə əlaqədar “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-ci il 24 aprel tarixli Sərəncamı həmin şəxslərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərin davamı, eyni zamanda bu qələbədə payı olan şəxslərə hörmətin ifadəsidir.
Possovet məkanında qələbəparadı keçirən ilk ölkə
Tarixboyu vətənpərvərliyi ilə seçilən azərbaycanlıların şərəfli ömür yolu sonrakı nəsillər üçün bir məktəbdir və bugünkü gəncliyin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Gənclərimizdə yüksək vətənpərvərlik ruhunu 2020-ci ilin sentyabr ayının 27-də başlanan İkinci Qarabağ müharibəsində bütün dünya bir daha bariz formada gördü. Xalqımız 44 gün davam edən Vətən müharibəsində “dəmir yumruq” ətrafında birləşərək misilsiz zəfərə imza atdı, əzəli torpaqlarımız işğaldan azad olundu. 2023-cü il sentyabrın 19-20-də 24 saata yaxın müddətdə aparılan lokal xarakterli antiterror tədbirləri ilə müzəffər Ordumuz ərazi bütövlüyümüzü, suverenliyimizi təmin etdi.
İkinci Qarabağ müharibəsində iştirak edən hər bir gənc ata-baba əmanəti sayılan torpaqlarımızın erməni faşistlərinin əsarətindən azad olunmasında qəhrəmanlıq göstərdi, şəhadətə yüksəldi, qazi, qalib kimi evinə qayıtdı, misilsiz qələbə qazandı. Başqa sözlə, xalqımızın nümayəndələrinin 1941-1945-ci illər müharibəsində göstərdiyi qəhrəmanlığı mətin, əzmli gənclərdən ibarət müzəffər Azərbaycan Ordusu 75 il sonra daha möhtəşəm şəkildə təkrar etdi. Bu müharibədə qazanılan zəfər təkcə öz tariximizi yox, həm də regionun və dünyanın tarixini yenidən dəyişdi. Postsovet məkanında 1945-ci ildən sonra keçirilən ilk qələbə paradına da biz imza atdıq.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər