Prezidentin sosial media hesablarında Bayraq Günü ...
00:15 09.11.2026
0
0
0
NAXÇIVAN :
09 Noyabr 2026, Bazar ertəsi
Dünyada “yaşıl enerji” keçidi, elektrikli nəqliyyat, yüksək texnologiyalar və rəqəmsal iqtisadiyyatın sürətli inkişafı strateji əhəmiyyətli minerallara və metallara tələbatı daha da artırır. Belə bir şəraitdə yeraltı sərvətlər artıq yalnız xammal mənbəyi deyil, ölkələrin sənaye gücünü, texnoloji imkanlarını və qlobal iqtisadi mövqeyini müəyyənləşdirən strateji resursa çevrilir. Azərbaycan da bu qlobal dəyişikliklərin yaratdığı yeni imkanlar fonunda mineral-xammal potensialından daha səmərəli istifadə etməyə, hasilatla yanaşı, emal zəncirini dərinləşdirməyə və yüksək əlavə dəyər yaradan istehsal sahələrini genişləndirməyə yönələn addımlar atmaqdadır. Prezident İlham Əliyevin bu il sentyabrın 23-də imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı” məhz bu baxımdan ölkənin sənaye siyasətində yeni mərhələnin konturlarını müəyyənləşdirən mühüm sənədlərdən biri kimi diqqət çəkir. Proqramda əsas yanaşma xammalın hasilatından başlayaraq onun emalı, metallurgiya məhsullarının istehsalı və son məhsula qədər uzanan bütöv dəyər zəncirinin ölkə daxilində yaradılmasıdır. Bu isə Azərbaycanın mineral-xammal potensialının iqtisadi dövriyyəyə daha geniş cəlb edilməsi ilə yanaşı, sənayenin strukturunun dəyişdirilməsi baxımından da əhəmiyyətlidir. Sənəddə strateji əhəmiyyətli minerallar, o cümlədən nadir torpaq elementləri, qara, əlvan və qiymətli metallar üzrə hasilat və emal imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Azərbaycanın bu sahədə müəyyən sənaye bazası artıq formalaşıb. Gəncədə alüminium istehsalı müəssisəsinin fəaliyyəti, “AzerGold” QSC tərəfindən əlvan və qiymətli metal yataqlarının sənaye istismarına cəlb edilməsi, Daşkəsəndə Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin, Gədəbəydə Filiz Emalı Zavodunun fəaliyyəti bu istiqamətdə görülən işlərin əsas nümunələrindəndir. İşğaldan azad edilmiş ərazilərdə Dəmirli mədən-filiz yatağında mis konsentratı istehsalına başlanılması isə yeni resursların iqtisadi dövriyyəyə cəlb olunması baxımından ayrıca əhəmiyyət daşıyır.
Rəqəmlər də bu sahədə baş verən dəyişikliklərin miqyasını göstərir. 2015-2025-ci illərdə Azərbaycanda qızıl istehsalı 33 faiz artaraq 2965 kiloqrama, gümüş istehsalı 27,5 dəfə artaraq 3646 kiloqrama, mis konsentratı istehsalı isə 8,1 dəfə artaraq 7,8 min tona çatıb. Eyni dövrdə qızıl ixracı 3,9 dəfə artaraq 326,2 milyon ABŞ dollarına, gümüş ixracı 27 dəfə artaraq 2,7 milyon ABŞ dollarına, mis ixracı isə 3,8 dəfə artaraq 37,8 milyon ABŞ dollarına yüksəlib. Bu göstəricilər bir tərəfdən mövcud potensialın genişləndiyini göstərirsə, digər tərəfdən qarşıdakı mərhələnin miqyasını da ortaya qoyur. Çünki istehsal və ixracın artması növbəti mərhələdə daha yüksək əlavə dəyər yaradan məhsulların istehsalına keçid üçün baza formalaşdırır.
Xammaldan məhsula: əsas hədəf dəyər zəncirini ölkə daxilində dərinləşdirməkdir
Dağ-mədən sənayesinin iqtisadi əhəmiyyəti yalnız filizin yerin təkindən çıxarılması ilə ölçülmür. Əsas iqtisadi effekt filizin hansı mərhələyədək emal edilməsi, həmin emal prosesində nə qədər əlavə dəyərin ölkə daxilində yaradılması və son məhsulun hansı bazarlara çıxarılması ilə müəyyənləşir. Dövlət Proqramının diqqətçəkən tərəflərindən biri də məhz bu yanaşmadır. Sənəddə xammaldan başlayaraq emal və yüksək əlavə dəyər yaradan son məhsuladək dəyər zəncirinin formalaşdırılması sənayeləşmənin dərinləşdirilməsi və ixrac potensialının artırılması ilə əlaqələndirilir.
Azərbaycan üçün bu yanaşma xüsusilə aktualdır. Hazırda ölkədə qara metal məmulatları istehsal edən müəssisələrin, əsasən, idxal olunan pəstah və metal qırıntılarından istifadə etməsi yerli xammal bazasının və inteqrə olunmuş metallurgiya istehsal zəncirinin inkişaf etdirilməsinə ehtiyac olduğunu göstərir. Daşkəsən dəmir filizi yataqlarının iqtisadi dövriyyəyə cəlb olunması və Qərb Sənaye Parkının yaradılması bu baxımdan mühüm istiqamətlərdən biridir. Filizin hasilatından başlayaraq emal, metal istehsalı və son məhsula qədər uzanan inteqrə olunmuş zəncirin qurulması həm idxaldan asılılığın azalmasına, həm də ölkə daxilində yeni sənaye sahələrinin yaranmasına imkan verə bilər. Burada əsas məqsəd yalnız istehsal həcminin artırılması deyil. Daha mühüm məsələ istehsalın strukturunun dəyişdirilməsi, xammal ixracından emal olunmuş və daha yüksək dəyərə malik məhsulların ixracına keçidin təmin edilməsidir.
Yeni geoloji potensial və Naxçıvanın imkanları
Dövlət Proqramının əhatə etdiyi istiqamətlər sırasında geoloji kəşfiyyatın genişləndirilməsi də xüsusi yer tutur. Çünki dağ-mədən sənayesinin uzunmüddətli inkişafı, ilk növbədə, ölkənin mineral-xammal bazasının nə dərəcədə öyrənilməsindən asılıdır. Son illərdə Şərqi Zəngəzur, Qarabağ, Qazax-Tovuz iqtisadi rayonları, eləcə də Daşkəsən, Göygöl, Goranboy rayonları ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının Culfa, Şahbuz və Ordubad inzibati ərazi vahidlərində regional axtarış və qiymətləndirmə işlərinin aparılması bu baxımdan diqqət çəkir. Aparılmış tədqiqatlar nəticəsində yeni perspektivli filiz məntəqələrinin müəyyənləşdirilməsi ölkənin mineral-xammal xəritəsinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Qaratağlar (Daşkəsən) və Bəylik (Kəlbəcər) kimi perspektivli sahələrin müəyyənləşdirilməsi göstərir ki, geoloji potensialın öyrənilməsi yalnız məlum yataqların istismarı ilə məhdudlaşmamalıdır.
Naxçıvan Muxtar Respublikasının da bu prosesdə ayrıca potensialı var. Culfa, Şahbuz və Ordubadda aparılan geoloji axtarışların nəticələrinin sistemləşdirilməsi, perspektiv sahələrin müəyyənləşdirilməsi və sonrakı mərhələlərdə iqtisadi qiymətləndirilməsi muxtar respublikanın sənaye potensialının genişləndirilməsi baxımından yeni imkanlar yarada bilər. Bu prosesin nəticəsi yalnız yeni yataqların aşkar olunması deyil, həmin resursların emal sənayesi, logistika və digər iqtisadi fəaliyyət sahələri ilə əlaqələndirilməsi olacaq. Digər tərəfdən, geoloji məlumatların beynəlxalq hesabatlılıq standartlarına uyğunlaşdırılması investisiya baxımından da mühüm əhəmiyyət daşıyır. Çünki potensial investor üçün yatağın mövcudluğu qədər onun ehtiyatlarının dəqiq qiymətləndirilməsi, geoloji məlumatların şəffaflığı və beynəlxalq standartlara uyğun təqdim olunması da əhəmiyyətlidir.
Metallurgiyada texnologiya amili
Qarşıdakı dövrdə sahənin inkişafını müəyyənləşdirəcək digər əsas amil texnoloji yenilənmədir. Dövlət Proqramında rəqəmsal texnologiyaların, süni intellekt həllərinin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin və məlumat əsaslı qərar qəbuletmə mexanizmlərinin tətbiqinin genişləndirilməsi nəzərdə tutulur. Bu, dağ-mədən sənayesinin ənənəvi modelindən texnologiya əsaslı istehsal modelinə keçidi ifadə edir.
Müasir mədən sənayesində geoloji məlumatların rəqəmsal emalı, uzaqdan monitorinq, avtomatlaşdırılmış texnika, “rəqəmsal əkiz” texnologiyası və süni intellekt əsaslı analitika hasilatın səmərəliliyinin artırılmasına, xərclərin optimallaşdırılmasına və təhlükəsizliyin yüksəldilməsinə imkan verir. Azərbaycanın enerji və nəqliyyat infrastrukturu ilə yanaşı, rəqəmsal infrastrukturunun inkişafı da bu baxımdan əlavə üstünlük yarada bilər. Bunun üçün həm də ixtisaslı kadrlar, mühəndislik potensialı, elmi-tədqiqat imkanları və universitet-sənaye əməkdaşlığı da paralel şəkildə inkişaf etdirilməlidir. Bu səbəbdən Dövlət Proqramında insan kapitalı ayrıca istiqamət kimi müəyyənləşdirilib.
“Yaşıl transformasiya” yeni tələblər yaradır
Dağ-mədən və metallurgiya sənayesinin qarşıdakı illərdə üzləşəcəyi əsas məsələlərdən biri də ekoloji dayanıqlılıqdır. Qlobal enerji keçidi bir tərəfdən metallara olan tələbi artırır, digər tərəfdən həmin metalların istehsalının özünün daha aşağı karbon emissiyası ilə həyata keçirilməsini tələb edir. Bu baxımdan, enerji səmərəliliyinin artırılması, aşağı karbonlu istehsal texnologiyalarının tətbiqi, ekoloji standartların yüksəldilməsi və karbon tənzimlənməsi mexanizmlərinə uyğunlaşma Azərbaycan metallurgiyasının beynəlxalq rəqabət qabiliyyəti üçün getdikcə daha mühüm amilə çevriləcək.
Bu həm də ixrac bazarlarına çıxış məsələsidir. Gələcəkdə beynəlxalq bazarlarda yalnız məhsulun qiyməti və keyfiyyəti deyil, onun hansı texnologiya ilə və hansı ekoloji göstəricilərlə istehsal olunması da daha böyük rol oynayacaq. Deməli, Azərbaycanda rəqabətqabiliyyətli metallurgiya sənayesinin formalaşdırılması həm də daha səmərəli, innovativ və ekoloji dayanıqlı istehsal modelinə keçidi tələb edir. Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan tədbirlər də mövcud potensialdan daha səmərəli istifadəyə, müasir texnologiyaların tətbiqinə və xarici risklərin təsirinin minimuma endirilməsinə xidmət edir.
Orta Dəhliz sənayenin inkişafı üçün yeni imkan yaradır
Mineral-xammalın hasilatı, emalı və hazır məhsulun xarici bazarlara çıxarılması üçün enerji və logistika xərcləri mühüm faktordur. Azərbaycanın inkişaf etmiş nəqliyyat infrastrukturu, liman imkanları, dəmir yolları və regional nəqliyyat bağlantıları bu baxımdan sənaye layihələrinin rəqabət qabiliyyətinə təsir edən amillər sırasındadır. Orta Dəhlizin inkişafı isə bu imkanları daha da genişləndirə bilər. Belə ki, söhbət yalnız yük daşımalarının sürətləndirilməsindən deyil, marşrut boyunca sənaye kooperasiyasının və regional istehsal zəncirlərinin formalaşdırılmasından gedir. Azərbaycanın mineral resurslarının emal olunaraq regional və beynəlxalq bazarlara çıxarılması ölkənin tranzit imkanlarını sənaye potensialı ilə birləşdirə bilər.
Ümumilikdə, 2027-2030-cu illəri əhatə edən Dövlət Proqramı dağ-mədən və metallurgiya sənayesinin inkişafını ayrı-ayrı yataqların istismarı çərçivəsindən çıxararaq daha geniş sənaye siyasəti kontekstində nəzərdən keçirir. Geoloji kəşfiyyatdan hasilata, hasilatdan dərin emala, emaldan yüksək əlavə dəyərli məhsula və oradan ixraca qədər bütöv zəncirin qurulması sənədin əsas xəttini təşkil edir. Azərbaycanın qarşısında duran imkanlar genişdir: mövcud mineral-xammal potensialı, enerji resursları, nəqliyyat infrastrukturu, sənaye bazası və Orta Dəhliz üzərində yerləşməsi yeni istehsal zəncirlərinin formalaşdırılması üçün əlverişli zəmin yaradır. Əsas hədəf isə aydındır: Azərbaycanın yeraltı sərvətlərini yalnız hasil olunan xammal kimi deyil, ölkə daxilində emal edilən, yeni sənaye sahələri yaradan, yüksək əlavə dəyər formalaşdıran və qeyri-neft ixracının strukturunu genişləndirən iqtisadi resursa çevirmək. Dövlət Proqramının qarşıdakı illər üçün müəyyən etdiyi xətt məhz bu keçidin – xammal iqtisadiyyatından daha dərin emal və yüksək əlavə dəyər yaradan sənaye modelinə keçidin institusional əsaslarını gücləndirməyə yönəlib.
Nail ƏSGƏROV
Digər xəbərlər