NAXÇIVAN :

18 Iyul 2026, Şənbə

Azərbaycanın və Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər

...

İyulun 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət, nəqliyyat, humanitar, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazirlər iki ölkə arasında mövcud olan müttəfiqlik münasibətlərinin qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması əsasında inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Bu çərçivədə ali və yüksək səviyyədə əldə olunmuş razılaşmaların icra vəziyyəti nəzərdən keçirilib.

Ticarət-iqtisadi əməkdaşlığın inkişafı, Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, Azərbaycan-Rusiya İşgüzar Şurasının rolu, habelə iqtisadi əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə edilib. Sonuncusu cari il aprelin 16-da Zəngilanda keçirilmiş hökumətlərarası komissiyanın ikitərəfli iqtisadi münasibətlərdə rolu vurğulanıb.

Nazirlər qlobal iqtisadiyyatda mövcud mürəkkəb vəziyyətə baxmayaraq, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin müsbət dinamikasının qorunduğunu qeyd ediblər.

Nəqliyyat bağlantılarının və regional nəqliyyat layihələrinin inkişafının təkcə iştirakçı dövlətlərin deyil, bütövlükdə regionun iqtisadi dayanıqlığının möhkəmləndirilməsinə xidmət etdiyi vurğulanıb. Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən layihələr qarşılıqlı fayda əsasında bütün iştirakçıların maraqlarına xidmət etməli, etimadın möhkəmlənməsinə, iqtisadi inkişafın və regional əməkdaşlığın genişlənməsinə töhfə verməlidir.

Tərəflər nəqliyyat və tranzit əməkdaşlığına dair məsələləri nəzərdən keçirərək, Beynəlxalq "Şimal-Cənub" Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlığın inkişafı, multimodal daşımaların genişləndirilməsi və logistika marşrutlarının səmərəliliyinin artırılmasının əhəmiyyətini qeyd ediblər.

Görüşdə humanitar sahədə əməkdaşlıq, mədəniyyət, təhsil, elm və idman sahələrində əlaqələrin inkişafı, insanlar arasında təmasların, akademik və gənclər mübadiləsinin təşviqi məsələləri müzakirə olunub.

Bununla yanaşı, hər iki ölkənin vətəndaşları üçün əlverişli şəraitin yaradılması, akademik mübadilənin genişləndirilməsi, habelə mədəniyyət və təhsil müəssisələri arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub.

Xəzər dənizində ekoloji vəziyyət, o cümlədən su səviyyəsinin azalması ilə bağlı yaranan çağırışlar və bu istiqamətdə əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb. Bu problemlərin həlli məqsədilə Xəzəryanı dövlətlər arasında koordinasiyalı fəaliyyətin, elmi tədqiqatların və birgə praktik tədbirlərin vacibliyi qeyd olunub.

Nazirlər regional və beynəlxalq gündəlikdə duran aktual məsələləri də müzakirə ediblər. Cənubi Qafqazda mövcud vəziyyətə toxunan nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsindən sonra regionda formalaşmış yeni reallıqların beynəlxalq hüququn, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə əsaslandığını vurğulayıb.

Azərbaycanın sülh gündəliyinə sadiqliyi, həyata keçirdiyi konstruktiv təşəbbüslər, o cümlədən etimad quruculuğu istiqamətində atdığı addımların normallaşma prosesinin irəliləməsinə mühüm töhfə verdiyi diqqətə çatdırılıb. Həmçinin sülh prosesi çərçivəsində qalan məsələlərin həllinin Cənubi Qafqazda uzunmüddətli sabitliyin, rifahın və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Görüş zamanı Yaxın Şərqdə vəziyyət, Rusiya-Ukrayna münaqişəsi və digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Diplomatik dialoqun və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin sülhün və sabitliyin təmin edilməsində əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər daha sonra mətbuat konfransında çıxış edib, media nümayəndələrinin suallarını cavablandırıblar.

Səfər çərçivəsində, həmçinin Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında 2026-2027-ci illər üzrə Məsləhətləşmələr Planı imzalanıb.

Nəşr edilib : 17.07.2026 23:39