NAXÇIVAN :

21 Oktyabr 2026, Çərşənbə

Azərbaycanın turizm imkanları Çexiyada təqdim olunub

...

Azərbaycanın zəngin mədəni irsi, təbiət turizmi və ilboyu turizm imkanları oktyabrın 19-20-də Çexiyanın Praqa və Brno şəhərlərində keçirilən “AVIAREPS Around the World Roadshow 2026” silsilə tədbirlərində təqdim olunub.

Dövlət Turizm Agentliyindən  bildirilib ki, tədbir Azərbaycanın Çexiya turizm bazarında tanıdılması, ölkənin turizm məhsullarının təşviqi və yeni işgüzar əlaqələrin qurulması məqsədi daşıyıb. Proqram çərçivəsində 40-a yaxın turizm agenti və turoperatorla görüşlər keçirilib. Tədbir aviasiya, turizm və qonaqpərvərlik sahələrində beynəlxalq təmsilçilik və marketinq fəaliyyəti göstərən AVIAREPS şirkəti tərəfindən təşkil olunub.

Tədbir çərçivəsində Bakının tarixi və müasir turizm məkanları, Şəkinin mədəni irsi, İpək Yolu ilə bağlı turizm marşrutları, eləcə də Azərbaycanın dağ-xizək və dağ piyada turizmi imkanları nümayiş etdirilib. Ölkənin müxtəlif səyahət maraqlarına uyğun turizm məhsulları Çexiyanın turizm sektoru nümayəndələrinə təqdim olunub, qarşılıqlı əməkdaşlıq və yeni tərəfdaşlıqların inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.

Azərbaycanın Çexiya bazarında turizm potensialının genişləndirilməsi baxımından nəqliyyat əlaqələri və səyahət imkanları da diqqətə çatdırılıb.

Azərbaycan Hava Yollarının (AZAL) Praqa-Bakı istiqamətində həyata keçirdiyi birbaşa uçuşlar və Çexiya vətəndaşları üçün elektron viza imkanları ölkəyə səfərlərin əlçatanlığını artıran amillər kimi təqdim edilib.

Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Çexiyadan Azərbaycana səfər edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artıb.

Nəşr edilib : 21.10.2026 16:17