NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Azərbaycanın tarixi-mədəni irsini yaşadan böyük təsisat – Heydər Əliyev Fondu

...

Heydər Əliyev Fondunun təsis olunduğu ilk gündən əsas amalı Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın tarixi, mədəni sərvətlərinin  yaşadılması istiqamətindəki zəngin irsini təbliğ etmək, miras qoyduğu ənənələri, Azərbaycançılıq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaqdır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ötən 21 ildə fond xalqımıza məxsus mədəni irsin qorunması və dünya ictimaiyyətinin diqqətinə təqdim olunması sahəsində həyata keçirdiyi irimiqyaslı layihələrlə, misilsiz işlərlə dahi şəxsiyyətin adını layiqincə daşıdığını qəti şəkildə sübuta yetirib. Təsadüfi deyildir ki, Heydər Əliyev Fondu və onun prezidenti bu gün Azərbaycanla yanaşı, ölkə hüdudlarından uzaqlarda da hər kəsin böyük hörmət və sevgisini qazanıb, ən ali mükafatlar əldə edib. Cari ilin əvvəlində fondun İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və Həmdan bin Rəşid Al Məktum Fondunun 4-cü birgə “Həmdan-ICESCO” mükafatının qalibləri sırasında yer alması da onun beynəlxalq nüfuzundan xəbər verir. Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirib, onu Cənubi Qafqazın xeyriyyəçilik sahəsində ən böyük təsisatı adlandırıb: “Xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir”.
Heydər Əliyev Fondunu digər ictimai qrumlardan fərqləndirən əsas üstün cəhəti onun təkcə bir istiqamətdə deyil, çoxşaxəli fəaliyyətə malik olması, ən vacibi isə gördüyü bütün işlərdə xeyirxah və humanist insani dəyərləri başlıca prinsip hesab etməsidir. Təsisat öz işində elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya sahələrinə aid proqram və layihələrin hazırlanaraq həyata keçirilməsini və nəticəyönümlü hədəflərə çatmağı qarşıya qoyub. Ümummilli Liderimizin “Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur” ideyası fondun iş prinsipində əsas preambulalardan biridir desək, yanlış olmaz. Məlum olduğu üzrə, bir xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq həmin xalqın ziyalılarının, elm və təhsil ictimaiyyətinin fəaliyyəti nəticəsində mümkün olur. Bu mənada, Heydər Əliyev Fondunun Azərbaycan dilinin 50 dünya dili arasında tanınmış institutlarda tədris olunmasının dəstəkçisi olması böyük tarixi missiyadır. Fondun xətti ilə UNESCO-nun iqamətgahında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin, tarixi şəxsiyyətlərin, incəsənət və elm xadimlərinin yubileylərinin keçirilməsi Azərbaycan mədəniyyəti və ədəbiyyatına beynəlxalq miqyasda marağın, hörmət və dəyərin artırılmasına xidmətin ən parlaq ifadəsidir. 
Müxtəlif musiqi layihələrini, o cümlədən Qəbələ, Aşıq, “Muğam aləmi”, Mstislav Rostropoviç, Üzeyir Hacıbəyli beynəlxalq festivallarını, muğam televiziya müsabiqələrini reallaşdırmaqla Heydər Əliyev Fondu mədəniyyətimizin himayədarı missiyasını uğurla daşıdığını göstərir. Ötən illər ərzində fondun dəstəyi ilə dünya səviyyəli tarixi-mədəni abidələrimiz, adət-ənənələrimiz, milli dəyərlərimiz olmaqla, ümumilikdə, 20-dən çox nümunə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2008-ci ildə bu siyahıya Azərbaycan muğamının salınması isə xalqımızın mənəvi kimliyinin daşıyıcısı sayılan bu möhtəşəm sənətə göz dikən, onu mənimsəyə, oğurlamağa çalışan fitnəkarlara ən tutarlı cavabdır. Beynəlxalq səviyyədə qazanılan bu nailliyyəti şərtləndirən nüans təkcə təşəbbüsün irəli sürülməsi deyil, həm də bu təşəbbüsü gerçəyə çevirmək üçün güclü təşkilatçılıq və məsələlərə şəxsi diqqətdir, qayğıdır. Məhz Heydər Əliyev Fondunun Prezidenti, birinci xanım Mehriban Əliyevanın daim muğamımızın qorunub yaşadılmasını ən ali vəzifələrdən hesab etməsi və bu məsələyə davamlı diqqətinin, həssas münasibətinin nəticəsidir ki, Azərbaycanın bu qədim sənət incisi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısındadır: “Muğam bizim mədəniyyətimizin, Azərbaycan mədəniyyətinin əsas sütunlarından biridir və əlbəttə, onu qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlının mənəvi borcudur”.
Heydər Əliyev Fondu bu gün ölkəmizdə böyükdən-kiçiyə hər kəsin, o cümlədən də ahılların, uşaqların üzündə təbəssüm yaradan, onlara sevinc bəxş edən “xeyirxahlıq mücəssəməsi” adlı ictimai model formalaşdırıb. Fondun Prezidenti Mehriban Əliyeva, vitse-prezidenti Leyla Əliyevanın valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla mütəmadi şəkildə görüşməsi, onların təlim-tərbiyəsi ilə maraqlanması, müxtəlif xəstəliklərdən əziyyət çəkən balacaların müalicələrinin nəzarətə götürülməsi, uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili üçün  reallaşdırılan  müxtəlif tədbirlər və proqramlar təkcə təşkilati missiya deyil, həm də nəcib duyğuların, ən ali insani keyfiyyətlərin təntənəsidir. Ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərin ailə üzvlərinin hərtərəfli təminatı, döyüşlərdə yaralanmış hərbçilərimizin reabilitasiyası, onların xarici ölkələrin tanınmış xəstəxanalarında müalicəsi, yüksək texnologiyalı protezlərlə təmin edilməsi, ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı ailələr üçün nəzərdə tutulan özünüməşğulluq proqramının genişləndirilməsinə fondun dəstəyi ictimaiyyət nümayəndələri, cəmiyyət üzvləri arasında təsisatın nüfuzunun güclənməsinə təsir göstərən əsas amillərdir.  

Tarixi ədalətə çağırış, milli irsə qayıdış missiyası

Heydər Əliyev Fondu milli irsimizin yaşadılması, mədəni dəyərlərimizin qorunması, dünyada düzgün təbliğatı prosesində olduğu kimi, tariximizin saxtalaşdırılması, xüsusilə də işğal dövründə Qarabağda mənəvi sərvətlərimizin talan edilməsi, viran qoyulmasına qarşı mübarizədə də ön cəbhədə yer alıb. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü siyasətin tərkib hissəsi kimi fond bir sıra beynəlxalq təşkilatların Ermənistanı işğalçı dövlət kimi tanımasında müstəsna xidmətlər göstərib.
Otuz il ərzində ermənilərin xalqımıza qarşı törətdikləri vandalizmə dair həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, soyqırımına obyektiv qiymət verilməsi istiqamətində ardıcıl addımlar atılıb. Bu baxımdan 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilən “Xocalıya ədalət!” kampaniyasının fəaliyyəti təqdirəlayiqdir. Kampaniya çərçivəsində aparılan güclü beynəlxalq ideoloji təbliğatın, təşviqatın nəticəsidir ki, irəli sürülən təşəbbüs bir sıra ölkələrdə dövlət səviyyəsində dəstəklənib. Ümumilikdə, ədalətin bərpası istiqamətində aparılan diplomatik səylər nəticəsində 18 ölkənin qanunverici orqanı, ABŞ-nin 24 ştatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda baş vermiş faciəni soyqırımı kimi tanıyıb. Xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə 10 abidə ucaldılıb. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin parlament heyətləri başçılarının iştirak etdiyi sessiyada “İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı arasında əməkdaşlıq haqqında” qətnamə imzalanıb. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində qəbul olunmuş qətnamədə Xocalı faciəsi “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “İnsanlığa qarşı cinayət” kimi qiymətləndirilib. Qətnamədə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə tam dəstək verilməsi öz əksini tapıb. Həmçinin Birləşmiş Ərəb Əmirliklərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına dəstək olaraq Xocalı faciəsi “insanlığa qarşı törədilmiş kütləvi cinayət” kimi tanınıb.
Bütün dünyaya bəlli olduğu kimi, ermənilərin 30 ilə yaxın müddətdə Qarabağda törətdikləri vəhşilik ən çox tarixi irsimizin məhvinə yönəlib, yüzlərlə qədim abidələrimiz, dini ziyarətgahlarımız, məscidlərimiz vandallığa məruz qalıb. Təkcə bir faktı qeyd etmək olar ki, 1990-cı illərdə Qarabağ və Şərqi Zəngəzurda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri vardı. Təəssüf ki, 30 ilə yaxın müddətdə bu abidələr ya dağılaraq bərbad vəziyyətə salınıb, ya da tamamilə məhv edilib. Başıpozuq toplum Qarabağ ərazisində olan 67 məsciddən 63-nü yerləyeksan edib. Qalan 4 məsciddən 3-nə isə ciddi ziyan vurulub. Yeganə 1 məscid, Qarabağın incisi Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa məscidində isə bəzi dəyişiklik edərək bu abidənin Azərbaycana aid olmadığını sübut etməyə çalışsalar da, bütün cəhdlər uğursuz olub. Azərbaycanın 2020-ci ildəki tarixi Zəfəri ermənilərin əzəli torpaqlarımızla bağlı cəfəng ideyalarının üstündən birdəfəlik xətt çəkib. Bu baxımdan Heydər Əliyev Fondununn təşkilatçılığı əsasında Böyük Qayıdış proqramı çərçivəsində müasir infrastrukturun qurulması ilə yanaşı, tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin bərpası da prioritet məqsədlərdən hesab edilir. 
Ötən dövrdə tarixi abidələrin inventarlaşdırılması həyata keçirilib və bərpasına başlanılıb. Heydər Əliyev Fondu dini və tarixi abidələrin restavrasiyasında, təmir-tikinti işlərində xüsusi rol oynayır, fondun təşkilatçılığı ilə bir sıra abidələr, o cümlədən Üzeyir bəy Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin büstü və məqbərəsi, Bülbülün ev-muzeyi, Saatlı məscidi, Şuşada Aşağı və Yuxarı Gövhər ağa, Ağdam Cümə məscidləri bərpa olunub. Görülən mədəni-kütləvi tədbirlər çərçivəsində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günlərinin təşkili milli-mənəvi dəyərlərimizin bərpasına xidmət baxımından məxsusi əhəmiyyət daşıyır. Bu əlamətdar tədbirlər bölgəyə xas milli dəyərlərin yaşadılmasına geniş imkanlar açmaqla dünyaya “Bizik bu torpaqların əsl sahibi” mesajını çox aydın və dolğun şəkildə ötürür. Fondun təşəbbüskarlığının, tarixi-mədəni irsimizə göstərilən böyük diqqətin nəticəsidir ki, zəfər rəmzimiz sayılan Şuşa 2023-cü ildə Türk dünyasının, ötən il isə İslam dünyasının mədəniyyət paytaxtı kimi mühüm missiyasını uğurla yerinə yetirdi. 
Böyük Qayıdış proqramının icra prosesi göstərir ki, qarşıya qoyulan bütün hədəflər kimi Heydər Əliyev Fondunun dəstəyi əsasında Qarabağa milli irsimizin qaytarılması, dəyərlərimizin yenidən dirçəldilməsi də uğurla həyata keçirilir. 2025-ci ildə də bu istiqamətdə işlərin icrası davam etdirilir. Ağdam Muğam Mərkəzinin yenidənqurma və bərpasından sonra istifadəyə verilməsi ilin birinci yarısında ən çox diqqətçəkən mədəniyyət hadisələrindəndir. Bəli, muğam Azərbaycan üçün təkcə musiqi janrı deyil, həm də tarixi miras, mədəni irs, milli kimlikdir. Bu mənada, qədim Ağdam torpağında ucalan səda yalnız muğam sədası deyil, köklü sivilizasiyaya, mədəni dəyərlərə qayıdış sədasıdır. Ağdam Muğam Mərkəzinin öz tarixi məkanında fəaliyyətə başlaması həm də vaxtilə böyük təşəbbüslə bu mərkəzi yaradan Heydər Əliyev Fondunun Ulu Öndərin dərin irsinə, ideyalarına sədaqətinin növbəti göstəricisidir. Ağdam Muğam Mərkəzinin açılışının mayın 10-da, milli musiqimizin yaşadılması yolunda əvəzolunmaz tarixi xidmətlər göstərən Ümummilli Liderimiz Heydər Əliyevin anadan olduğu gündə keçirilməsi də bu baxımdan heç də təsadüfi deyildir. Açılış mərasimində Prezident İlham Əliyevin də dediyi kimi: “Bu gözəl tədbirin mayın 10-da keçirilməsi, təbii ki, rəmzi məna daşıyır. Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Mənim üçün, hər bir vətənpərvər insan üçün əziz bir gündə bu tədbiri keçirmək, əlbəttə ki, böyük məna daşıyır. Ulu Öndərin bütün həyatı, bütün  fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir və bugünkü Azərbaycan onun əsəridir”.
Bəli, bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi daxili, xarici siyasətin tərkib hissəsi kimi, milli-mənəvi dəyərlərimizin qorunması, tariximizin, mədəniyyətimizin yaşadılması kimi missiyanı uğurla yerinə yetirən Heydər Əliyev Fondunun fəaliyyəti daim təqdirəlayiq şəkildə özünü göstərir. Fond humanist prinsipləri əldə rəhbər tutaraq nəinki yerli, beynəlxalq ictimaiyyət tərəfindən alqışlanan, rəğbət qazanan əhəmiyyətli, nüfuzlu təsisat, böyük xeyriyyəçi məqamına malik olub. Təşkilat Ümummilli Liderimiz Heydər Əliyevin “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” ideyasının yaşadılması yolunda tarixi xidmətlərini hər ötən gün daha şövqlə, daha əzmlə, daha inamla reallaşdırmaqdadır.

Nail ƏSGƏROV

Nəşr edilib : 25.08.2025 17:11