NAXÇIVAN :

03 May 2026, Bazar

Azərbaycanın tarixi diplomatik qələbəsi

...

Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ prezidentlərinin iştirakı ilə keçirilən üçtərəfli görüş nəticəsində imzalanan Birgə Bəyannamə Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin olunması istiqamətində əhəmiyyətli addımdır. Bu sənəd Azərbaycan Respublikasının ərazi bütövlüyünün təminatında mühüm nailiyyət olmaqla yanaşı, uzunmüddətli və dayanıqlı sülhün yaradılması üçün geniş siyasi-hüquqi platforma yaradır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prinsipial mövqeyi və balanslı diplomatik siyasəti nəticəsində ölkəmiz Vətən müharibəsində haqq işi uğrunda öz tarixi hüquqlarını bərpa etmişdir. Həmin uğurlar yalnız ərazi bütövlüyünün təmin olunması ilə məhdudlaşmayıb, həm də regionda sülh və əməkdaşlığın bərqərar olması üçün möhkəm əsasların yaradılmasına yönəlmişdir. Dövlət başçısı sülh prosesinin hərtərəfli və davamlı olmasını təmin etmək məqsədilə beynəlxalq münasibətlər müstəvisində məqsədyönlü addımlar atmışdır.

Birgə Bəyannamədə kommunikasiyaların açılması barədə nəzərdə tutulan müddəalar, Azərbaycan ilə Ermənistan arasında yalnız fiziki əlaqələrin deyil, həmçinin siyasi və iqtisadi dialoqun genişləndirilməsi istiqamətində mühüm zəmin yaradır. Xüsusilə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və birbaşa nəqliyyat əlaqələrinin bərpası ölkəmizin milli maraqlarının təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir. Eyni zamanda Ermənistanın da regional nəqliyyat və iqtisadi imkanlardan faydalanması qarşılıqlı maraqlara xidmət edir və sülhün davamlılığını möhkəmləndirir.

Vaşinqton Bəyannaməsində qeyd olunan Zəngəzur dəhlizinin açılması məsələsi Prezident İlham Əliyevin illər əvvəl səsləndirdiyi vədlərin reallığa çevrilməsi deməkdir. Bu dəhlizin açılması yalnız Azərbaycan və Naxçıvan arasında əlaqələri bərpa etməyəcək, həm də regionun nəqliyyat xəritəsini köklü şəkildə dəyişəcək. Həmin sənəddə qarşılıqlı öhdəliklərin beynəlxalq nəzarət mexanizmləri ilə təmin olunması, ölkə rəhbərinin diplomatik iradəsinin və verdiyi sözlərin əməli təsdiqidir.
Ən önəmli məqamlardan biri isə ATƏT-in Minsk qrupunun fəaliyyətinin rəsmi olaraq dayandırılmasıdır. Uzun illər ərzində münaqişənin həllində heç bir nəticə verməyən bu qurumun fəaliyyətinin bitməsi, Azərbaycanın prinsipial və davamlı mövqeyinin beynəlxalq hüquq çərçivəsində qəbul olunmasının bariz göstəricisidir. 

Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, münaqişə artıq sona çatıb, Qarabağ problemi həll olunub və Azərbaycan öz ərazilərini tam şəkildə azad edib. Belə vəziyyətdə Minsk qrupunun funksiyasının davam etməsi artıq məntiqsiz və zərərli olmuşdur.
Vaşinqton görüşündə ABŞ Prezidenti Donald Trampın sülh prosesində göstərdiyi aktiv mövqe və siyasi iradə xüsusi vurğulanmalıdır. Bu, beynəlxalq ictimaiyyətin Cənubi Qafqaz regionunun sabitliyinə və inkişafına verdiyi önəmin göstəricisidir. Dövlət başçımızın Trampı Nobel Sülh Mükafatına namizəd göstərmək təklifi isə Azərbaycan liderinin diplomatik baxışının və sülhə verdiyi yüksək dəyərin təsdiqidir.

Nəticə olaraq, Vaşinqton Birgə Bəyannaməsi Azərbaycan diplomatiyasının böyük qələbəsi olmaqla regionda yeni əməkdaşlıq və inkişaf dövrünün başlanğıcını qoyur.

Əziz QASIMOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 09.08.2025 14:30