Qadınlarla bağlı növbəti maarifləndirici tədbir ke...
22:06 21.04.2025
0
0
0
NAXÇIVAN :
22 Aprel 2025, Çərşənbə axşamı
Regional və planetar miqyasda ziddiyyətlərin artdığı, qlobal ekoloji problemlərin kəskinləşdiyi müasir dövrdə dövlətlərin dünyada davamlı sülh və iqtisadi-mədəni əlaqələr üçün həyata keçirdiyi hər bir layihə bəşəri əhəmiyyətli işlər olub, öz bəhrəsini təkcə bu gün üçün deyil, gələcək nəsillərin həyatı üçün də göstərəcəkdir. Xalqlar, dövlətlər arasında baş verən münaqişələrə son qoyulması ilə yanaşı, mövcud əlaqələri də qoruyub saxlamağa yönəlmiş ticarət, mədəniyyət, turizm, enerji, nəqliyyat, kommunikasiya, təhsil və idman sahəsindəki hər cür birgə əlaqələr, bu mənada, olduqca dəyərlidir. Müstəqil Azərbaycan Respublikasının bu gün Cənubi Qafqazda və geniş dünya coğrafiyasındakı müəllifi olduğu və qoşulduğu layihələr də xüsusi çəkisinə və əhəmiyyətinə görə seçilməklə, bütövlükdə, regionda sülh və təhlükəsizlik üçün qarant rolunu da oynayır.
İstənilən irimiqyaslı beynəlxalq layihələrin reallaşması üçün əsas şərtlərdən biri, bəlkə də, birincisi, dayanıqlı sülh və etibarlı tərəfdaşlıqdır. Bu mənada, SSRİ dağıldıqdan sonra Cənubi Qafqazda başladılmış separatizm və terrorizm hərəkətləri, konkret olaraq, ermənilərin Azərbaycan torpaqlarını işğal etmələri bu gözəl coğrafiyanın inkişafını on illər ərzində geriyə saldı və buradakı münaqişələrin bəziləri qonşu Gürcüstanda, təəssüf ki, hələ də davam edir. Bu baxımdan, otuz il Qarabağı işğal altında saxlamış Ermənistanın məğlubiyyəti ilə bu münaqişəyə son qoyulması Azərbaycanın qlobal sülhə verdiyi ən böyük töhfələrdən biridir. Belə ki, bu günlərdə ABŞ-də səfərdə olan Ermənistan baş nazirinin də 44 günlük müharibənin bu ölkədə ideoloji dəyişikliyə səbəb olduğunu bəyan etməsi, bu mənada, düşündürücüdür. Şübhəsiz, əsrlərlə utopik “böyük Ermənistan” xəstəliyinə yoluxmuş ermənilərin bu dəyişikliyə necə uyğunlaşacağı sual doğursa da, “dəmir yumruq”dan yedikləri nokaut zərbəsinin onların xəyallarını suya qərq etdiyi, hələlik, göz önündədir. Odur ki, dövlət başçımız Prezident cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Ermənistanın iki qəpik də dəyəri olmayan cəfəng layihələri, sadəcə, bir kağız parçasıdır və Azərbaycanın maraq göstərmədiyi hər hansı bir layihənin sonu olmayacaq.
Azərbaycanın isə sülh istiqamətində təklif etdiyi bütün layihələr ədalətli və perspektivlidir. Belə ki, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ndən başlayaraq ölkəmizdə həyata keçirilən bütün irimiqyaslı iqtisadi layihələrin ölkəmizlə bərabər digər qonşu və qonşu olmayan ölkələrə də nə qədər divident qazandırdığı göz önündədir. Təkcə Gürcüstanı götürsək, bu ölkə özünün tranzit imkanlarını yaxşı dəyərləndirib, qonşuları ilə xoşniyyətli əməkdaşlıq təklif etdiyi üçün Azərbaycanın zəngin enerji ehtiyatları ilə özünün enerji təhlükəsizliyini təmin etmiş, enerji ehtiyacının 80 faizə qədərini ölkəmizə bağlamaqla, əslində, daxili sabitliyini də qarant altına almışdır. Dünyada enerji böhranlarının yaşandığı, Rusiya kimi enerji resurslarını az qala bir strateji silah kimi önə sürən dövlətlər olduğunu nəzərə alsaq, Azərbaycanın enerji, kommunikasiya və digər layihələrinin bu ölkə üçün indi nə dərəcədə həyati olduğunu görə bilərik. Artıq üçüncü ilinə qədəm qoymuş Rusiya-Ukrayna müharibəsi fonunda Avropada gərginləşmiş enerji böhranına qarşı Azərbaycanın 10-a yaxın Cənubi və Mərkəzi Avropa ölkəsi üçün sabit enerji təminatı rolunu oynaması bu çətin dövrdə ölkəmizin dəyərini bir daha göstərir.
Ənənəvi neft ölkəsi Azərbaycanın dünyaya təklif etdiyi sülh layihələrinin digər bir əhəmiyyəti yenə də ənənəvi olaraq bir-biri ilə yola getməyən qlobal Şimalla Cənub və Qərblə Şərq arasında uzlaşdırıcı mövqeyindən qaynaqlanan körpü rolunu oynamasıdır. Bu rolu yüksək qiymətləndirən dövlət başçımızın da vurğuladığı kimi, Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevrilmiş olan Azərbaycan bu gün tarixi İpək Yolu üzərindəki mühüm mövqeyini daha da genişləndirmiş, Cənubi Qafqazda bütün regional layihələrə əngəl olmuş Ermənistan isə bundan sonra da dalan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlərində qalacaq. Halbuki “sülh kəsişməsi” adı altında planlar quran haylar ölkəmizin son 20 ildə həyata keçirdiyi yol-infrastruktur layihələri xəritəsi önündə dayanıb düşünsələr, bunun reallaşması üçün Ermənistanın ən azı 200 ilə ehtiyacı olduğunu etiraf edərlər. Belə ki, son 20 il ərzində Azərbaycanda tikilib və təmir edilmiş 21 min kilometr avtomobil yolu ilə ekvatorun yarısını qət etmək mümkündürsə, bu, ölkəmizin layihələrinə qarşı çıxanlara ciddi cavabdır. Prezident cənab İlham Əliyevin də bu xüsusda qeyd etdiyi kimi, Ermənistana heç bir pay düşməyən və bu gün böyük türk birliyinin mühüm nəqliyyat arteriyasına çevrilmiş olan Bakı-Tbilisi-Qars dəmir yolunun inşasına bir zamanlar qarşı çıxan ABŞ və onun Avropadakı müttəfiqləri də bu gün bu yola daha çox maraq göstərirlər.
Bu gün ekoloji təhlükələr və davamlı inkişaf problemləri bəşəriyyətin gələcəyini düşündürən məsələlərdəndir. “Yaşıl keçid”, “yaşıl enerji” istehsalı və “yaşıl logistika” sahəsində qarşısına ciddi vəzifələr qoymuş Azərbaycan Respublikası həyata keçirdiyi bütün yaşıl layihələrlə də qlobal sülhə öz töhfəsini verməkdədir. İqlim dəyişikliyinin səbəb olduğu kataklizmlərin önünə keçmək, onları yaradan mənfi amillərə qarşı vaxtında tədbirlər görmək, bu mənada, hazırkı kommersiya maraqlarından imtina edərək gələcəyi düşünmək cəsarəti və fədakarlığı tələb edir. Lakin dünyanı sümürməyə adət etmiş və bununla da nəhəng iqtisadiyyat qurmağı bacarmış böyük güclər bu fədakarlıqdan uzaqda olsalar da, Azərbaycan üzərinə düşən iqlim öhdəliklərini layiqincə yerinə yetirmiş, bu sahədə işləri əzmlə davam etdirməkdədir. Ötən il COP29 kimi planetar əhəmiyyətli tədbirə uğurla ev sahibliyi edərək bir sıra mühüm ilklərə imza atmış Azərbaycanda karbon emissiyalarını azaldacaq olan nəqliyyat layihələri, Bakıda, eləcə də Naxçıvanda və digər şəhərlərimizdə elektrikli nəqliyyat vasitələrinin sürətlə yayılması, doğma Qarabağda aparılan məskunlaşma tədbirləri, həmçinin qeyri-karbohidrogen yanacaq növlərindən istifadənin sürətlənməsi ölkəmizin bu sahədəki uğurlarından xəbər verir. Dünya nəhəngi ABŞ-nin BMT-nin iqlim konvensiyasına töhfə verməməsi və son dövrlər, ümumiyyətlə, bundan geri çəkilməsi, həmçinin digər böyük güclərin sürətlə silahlanma və silahlandırma yarışı fonunda Azərbaycanın 2100-cü illərə hesablanmış yaşıl hədəflərini bu gün örnək sülh layihələri kimi ortaya qoya bilərik.
Və ölkəmizin etibarlı müdafiəsi! Bu gün artıq məğlub Ermənistanın da qəbul etmək məcburiyyətində qaldığı mövcud reallığı dayanıqlı etmək üçün ordumuzun müdafiə qabiliyyətinin davamlı artırılması Azərbaycanın həyata keçirdiyi sülh layihələrinin, bəlkə də, ən vacibi, ən lazımlısıdır. Bu mənada, müzəffər Ordumuzun müdafiə qabiliyyətinin daha da artırılması üçün ayrılan milyardlarla vəsait sabah Cənubi Qafqazın sabitliyinə, onun iqtisadi inkişafına da qarant olacaq layihə kimi sülhə xidmət edir. Belə ki, yaxın tarixi təcrübə göstərir ki, Ermənistan bir balaca şirələnən kimi dərhal yeni münaqişə ocaqları yaratmaq üçün fürsət gözləyən və nəticədə, hamıya zərər vuran bir dövlətdir. Ona görə də təkcə ermənilərə qarşı deyil, ümumiyyətlə, hər cür zərərvericilərə qarşı aparılan istənilən preventiv tədbir isə insanların, sadəcə, rahat yaşaması üçün ən faydalı iş, ən dəyərli layihə kimi yaddaşlarda qalacaq.
Əli CABBAROV
Digər xəbərlər