NAXÇIVAN :

01 Sentyabr 2026, Çərşənbə axşamı

Azərbaycanın ŞƏT gündəliyi: çoxtərəfli əməkdaşlıq, regional sülh və bağlantılar

...

Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslərin sürətlə dəyişdiyi, yeni əməkdaşlıq formatlarının meydana çıxdığı bir vaxtda çoxtərəfli platformalar dövlətlər arasında dialoqun və qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlığının inkişafı ölkəmizin çoxvektorlu xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi diqqəti cəlb edir. Sentyabrın 1-də Bişkekdə keçirilən “ŞƏT plyus” formatında görüşdə Prezident İlham Əliyevin iştirakı və çıxışı da bu əməkdaşlığın yaratdığı imkanların genişliyini nümayiş etdirdi. Dövlət başçısının çıxışında Azərbaycanın ŞƏT ölkələri ilə münasibətlərinin perspektivləri ilə yanaşı, Cənubi Qafqazda formalaşan yeni reallıqlar və beynəlxalq münasibətlər sistemində çoxtərəfliliyin rolu ilə bağlı mühüm mesajlar səsləndirildi.

Xatırlatmaq yerinə düşər ki, bu il yaradılmasının 25-ci ildönümü qeyd edilən Şanxay Əməkdaşlıq Təşkilatı bu gün 10 tamhüquqlu üzvü birləşdirir. ŞƏT-in əhatə etdiyi coğrafiya, təxminən, 36 milyon kvadratkilometr, üzv ölkələrin ümumi əhalisi isə 3,4 milyard nəfərdən çoxdur. Dünya Bankının 2025-ci il məlumatlarına əsasən ŞƏT-in 10 üzv ölkəsinin ümumi nominal ÜDM-i, təxminən, 27,4 trilyon dollar təşkil edir ki, bu da dünya ÜDM-in, təxminən, 23,1 faizinə bərabərdir. Təşkilatın üzvləri arasında Çin, Hindistan və Rusiya kimi qlobal iqtisadi və siyasi güclərlə yanaşı, İran və Pakistan kimi geostrateji əhəmiyyətli dövlətlər, həmçinin Mərkəzi Asiyanın Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan kimi ölkələri yer alır. Belarusun da üzvlüyü ilə ŞƏT-in Avrasiya miqyasında əhatə dairəsi daha da genişlənib. Təşkilatın 10 tamhüquqlu üzvündən əlavə, 2 müşahidəçi ölkəsi və 15 dialoq tərəfdaşı var.

Azərbaycanın ŞƏT ilə əməkdaşlığı artıq uzun müddətdir ki, ardıcıl və dinamik şəkildə inkişaf edir. 2015-ci ildə ŞƏT-in Dövlət Başçıları Şurasının iclasında Azərbaycana “dialoq üzrə tərəfdaş” statusunun verilməsi ilə bağlı qərarın qəbul edilməsi bu əməkdaşlığın institusional əsasını formalaşdırıb. 2016-cı ildə Pekində Azərbaycanın “dialoq üzrə tərəfdaş” statusunu rəsmiləşdirən Memorandumun imzalanması isə münasibətlərin praktiki müstəviyə keçməsinə imkan yaradıb. Sonrakı illərdə Azərbaycan-ŞƏT əlaqələri daha da intensivləşib. 2022-ci ildə Səmərqənddə keçirilən ŞƏT sammitində Prezident İlham Əliyevin fəxri qonaq qismində iştirakı təşkilatın Azərbaycanla əməkdaşlıq platformalarına artan marağının göstəricisi olub. 2024-cü ildə Prezident İlham Əliyevin Astanada ŞƏT-in Zirvə toplantısında iştirakı isə bu əlaqələrə yeni siyasi məzmun qazandırıb. Məhz həmin sammit çərçivəsində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycanın ŞƏT məkanındakı mövqeyinin, eləcə də təşkilata üzv dövlətlərlə ikitərəfli əlaqələrinin əhəmiyyətini daha da artırıb.

2025-ci il sentyabrın 1-də Çinin Tiencin şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdə Prezident İlham Əliyevin iştirakı və çıxışı Azərbaycanın təşkilatla əməkdaşlığının yeni mərhələyə yüksəldiyini nümayiş etdirib. Beləliklə, Azərbaycanın ŞƏT ilə dialoq tərəfdaşı statusu çərçivəsində başlatdığı əməkdaşlıq zaman keçdikcə siyasi dialoqla məhdudlaşmayaraq iqtisadiyyat, nəqliyyat, enerji, ticarət və digər istiqamətləri əhatə edən daha geniş tərəfdaşlıq modelinə çevrilib. Bu gün Azərbaycan ŞƏT məkanında mühüm siyasi, iqtisadi və nəqliyyat potensialına malik tərəfdaşlardan biri kimi çıxış edir. Ölkəmizin Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, Avropa ilə Asiya arasında etibarlı tranzit imkanları yaratması və regional nəqliyyat-kommunikasiya layihələrində fəal iştirakı Azərbaycanın ŞƏT ölkələri üçün strateji əhəmiyyətini daha da artırır. Bu baxımdan, Azərbaycan-ŞƏT əməkdaşlığının qarşıdakı dövrdə daha geniş sahələri əhatə etməsi və praktiki nəticələrlə zənginləşməsi üçün ciddi potensial mövcuddur.

Təşkilatın əhatə etdiyi coğrafiya Azərbaycanın xarici siyasəti və iqtisadi maraqları baxımından mühüm əhəmiyyət daşıyır. Təşkilata daxil olan dövlətlər dünya iqtisadiyyatında, enerji sektorunda, nəqliyyat və logistika sistemində, eləcə də beynəlxalq siyasətdə mühüm mövqelərə malikdirlər. Azərbaycanın bu ölkələrlə ikitərəfli əlaqələri son illərdə əhəmiyyətli dərəcədə genişlənib. Xüsusilə Çin və Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin inkişafı, nəqliyyat dəhlizləri üzrə əməkdaşlıq və enerji sahəsində həyata keçirilən layihələr Azərbaycanın Avrasiya məkanında rolunu daha da artırır. Bu kontekstdə “ŞƏT plyus” formatı Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Bu platforma təşkilatın üzv dövlətləri ilə yanaşı, tərəfdaş ölkələrin də daha geniş dialoq imkanlarından yararlanmasına şərait yaradır. Azərbaycan üçün isə bu format ŞƏT ölkələri ilə siyasi təmasları dərinləşdirmək, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafına dair mövqelərini bölüşmək və regional proseslərlə bağlı baxışlarını beynəlxalq auditoriyaya çatdırmaq baxımından əlverişli imkan yaradır.

Sentyabrın 1-də Bişkekdə keçirilən “ŞƏT plyus” formatında görüşdə Prezident İlham Əliyevin çıxışında ən diqqətçəkən məqamlardan biri Cənubi Qafqazda yaranmış yeni reallıqlara geniş yer ayırmasıdır. Dövlət başçısının qeyd etdiyi kimi, 30 il davam edən münaqişənin başa çatması regionun gələcəyi üçün yeni səhifə açıb. Uzun müddət münaqişə zonası kimi tanınan Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi artıq real perspektiv kimi nəzərdən keçirilir. Sitat: “Bir ildən bir az çox müddət əvvəl Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayaraq 30 illik münaqişəyə son qoydular. Beləliklə, çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir”. Dövlət başçımızın diqqətə çəkdiyi bu məqam Azərbaycan-ŞƏT əməkdaşlığı baxımından da xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması regionun Avrasiya nəqliyyat və iqtisadi sisteminə daha sıx inteqrasiyasına imkan verə bilər. Azərbaycanın Ermənistanla ticarət əlaqələrinin genişləndirilməsi, yeni nəqliyyat kommunikasiyalarının yaradılması və tranzit imkanlarının artırılması istiqamətində atdığı addımlar yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, daha geniş regional əməkdaşlıq kontekstində də qiymətləndirilə bilər.

Azərbaycanın coğrafi mövqeyi ölkəni Şərqlə Qərb, eləcə də Şimalla Cənub arasında mühüm bağlantı nöqtəsinə çevirir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Zəngəzur dəhlizi və digər layihələr Azərbaycanın regional logistika xəritəsində əhəmiyyətini artırır. Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışında Xəzər üzərindən keçən marşrutların əhəmiyyəti artdıqca Azərbaycanın tranzit imkanları da ön plana çıxır. Bu baxımdan, ŞƏT ölkələri ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın iqtisadi potensialının daha böyük Avrasiya məkanına inteqrasiyası baxımından mühüm perspektivlər vəd edir. Prezident İlham Əliyevin çıxışında BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası məsələsinə toxunması isə Azərbaycanın beynəlxalq münasibətlər sisteminə baxışını əks etdirən mühüm məqamlardan biridir. Azərbaycan uzun illər ərzində beynəlxalq hüququn norma və prinsiplərinin, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb. Dövlət başçısının ŞƏT platformasında bu məsələyə diqqət yetirməsi də Azərbaycanın çoxtərəflilik prinsipinə verdiyi önəmi göstərir: BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi 30 ildən sonra, üç il əvvəl icra edildi. Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir. Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq. Lakin təəssüf ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur. Bu həyata keçirilərsə, BMT-nin nüfuzunun və təşkilatın münaqişələrin nizamlanmasındakı rolunun artmasına xidmət edər”.

Görüşdə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına Azərbaycanın dörd il ərzində rəhbərlik etdiyini xatırlatması da ölkəmizin çoxtərəfli diplomatiyada əldə etdiyi təcrübəyə diqqət çəkir. Azərbaycan bu dövrdə beynəlxalq gündəlikdə inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsi, beynəlxalq hüququn prinsiplərinin təşviqi və qlobal problemlərin həllində daha ədalətli yanaşmanın formalaşdırılması istiqamətində fəal mövqe nümayiş etdirib. Bu baxımdan, ŞƏT Azərbaycan üçün yalnız iqtisadi və təhlükəsizlik məsələlərinin müzakirə edildiyi platforma deyil. Təşkilat, eyni zamanda beynəlxalq münasibətlər sisteminin gələcəyi, regional sabitlik və yeni əməkdaşlıq mexanizmləri ətrafında fikir mübadiləsi aparmaq üçün mühüm meydandır.

Prezident İlham Əliyevin çıxışında Azərbaycan-Qırğızıstan münasibətlərinə xüsusi yer ayırması da təsadüfi deyil. Dövlət başçısı bir ay əvvəlki dövlət səfəri zamanı Azərbaycan ilə Qırğızıstan arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanmasını iki ölkə arasında əlaqələrin ən yüksək səviyyəyə çatmasının göstəricisi kimi qiymətləndirib. Bakı ilə Bişkek arasında siyasi münasibətlərin yüksək səviyyəsi iqtisadi, humanitar və nəqliyyat sahələrində əməkdaşlığın inkişafı üçün də əlverişli zəmin yaradır.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin sistemli şəkildə genişləndirilməsi də ölkəmizin ŞƏT məkanındakı imkanlarını artırır. Bakı üçün Mərkəzi Asiya yalnız iqtisadi tərəfdaşlıq baxımından deyil, Türk dünyasının inteqrasiyası və Avrasiya nəqliyyat bağlantılarının inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. ŞƏT formatı isə bu istiqamətlərdə əməkdaşlığın daha geniş çoxtərəfli müstəvidə inkişafına əlavə imkanlar verir.

Ümumilikdə, Bişkekdə “ŞƏT plyus” formatında keçirilən görüş bir daha göstərir ki, Azərbaycanın ŞƏT-lə münasibətləri yalnız diplomatik təmaslarla məhdudlaşmır. Rəsmi Bakı bu platformanı siyasi dialoqun genişləndirilməsi, iqtisadi əlaqələrin dərinləşdirilməsi, nəqliyyat və logistika imkanlarının artırılması, regional sülh gündəliyinin təşviqi və çoxtərəflilik prinsipinin möhkəmləndirilməsi baxımından mühüm əməkdaşlıq məkanı kimi qiymətləndirir. Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar, Mərkəzi Asiya dövlətləri ilə möhkəmlənən əlaqələri və Şərq-Qərb Nəqliyyat dəhlizlərində artan rolu ölkəmizin ŞƏT məkanında əhəmiyyətini daha da artırır. Bu mənada, Prezident İlham Əliyevin Bişkekdə çıxışı zamanı səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətində mühüm bir xətti – regional sülhü, iqtisadi bağlantıları və çoxtərəfli əməkdaşlığı vahid strateji yanaşmada birləşdirmək siyasətini nümayiş etdirir. Beləliklə, Azərbaycanın ŞƏT ilə əməkdaşlığının qarşıdakı mərhələdə daha da dərinləşməsi üçün siyasi və iqtisadi zəmin kifayət qədər genişdir. Xüsusilə Cənubi Qafqazın sülh məkanına çevrilməsi, Mərkəzi Asiya ilə əlaqələrin güclənməsi və Azərbaycanın tranzit imkanlarının genişlənməsi bu əməkdaşlığa yeni məzmun qazandıra bilər. Bakı üçün əsas hədəf isə dəyişən geosiyasi reallıqlar fonunda milli maraqları qorumaqla yanaşı, regional sabitliyə, iqtisadi inteqrasiyaya və daha ədalətli çoxtərəfli əməkdaşlıq mühitinin formalaşmasına töhfə verməkdir.

Nail ƏSGƏROV

Nəşr edilib : 01.09.2026 17:29