ABŞ Ermənistan və Azərbaycanı sülh sazişini tezlik...
16:59 14.03.2025
0
0
0
NAXÇIVAN :
14 Mart 2025, Cümə
Azərbaycan dövlətinin apardığı uğurlu diplomatiya və balanslı siyasət nəticəsində ölkəmizə beynəlxalq ictimaiyyət tərəfindən göstərilən hörmət və etimad ilbəil daha da artır. Təqdirəlayiq məqamdır ki, respublikamız bu gün keyfiyyətli ixrac məhsulları ilə etibarlı ticarət tərəfdaşı, qitələri birləşdirməklə əvəzolunmaz nəqliyyat mərkəzi kimi tanınmaqla paralel, həm də dünya səviyyəli mötəbər tədbirlərə ev sahibliyi missiyasını uğurla yerinə yetirən unikal məkan kimi də şöhrət tapır. Məhz ötən ilin noyabr ayında Bakıda keçirilən COP29-un timsalında ölkəmiz bir daha öz nümunəvi təşkilatçılıq bacarıqlarını və yekunda qəbul edilən tarixi qərarlarla siyasi iradəsini ortaya qoydu. 2025-ci ildə isə Azərbaycan regionda sülhə, təhlükəsizliyə, sağlam rəqabətə xidmət edən növbəti missiyasını həyata keçirməyə, III MDB Oyunlarını uğurla reallaşdırmağa hazırlaşır.
MDB-yə üzv respublikaların Azərbaycana rəğbətinin ifadəsi-idman paytaxtı Gəncə
III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək 23 idman növü üzrə, “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncə və ölkəmizin digər 6 şəhərində keçiriləcək. Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil ediləcək. Üçüncü MDB Oyunlarında MDB ölkələrinin idman heyətləri ilə yanaşı, Azərbaycanın dəvəti əsasında digər bir sıra ölkələrdən olan, ümumilikdə, 7 min idmançının iştirakı gözlənilir. Müqayisə üçün qeyd etmək yerinə düşər ki, 2015-ci ilin Avropa Oyunlarında təqribən 5000-5500, 2017-ci ilin İslam Həmrəylik Oyunlarında isə 3000-dən çox idmançı mübarizə aparıb. Özlüyündə bu fərq Azərbaycan üçün III MDB Oyunlarına hazırlığın əvvəlkilərdən daha ciddi, daha böyük önəm daşıdığını göstərir.
Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv respublikaların ölkəmizə hörmət və rəğbətinin ifadəsi olan bu mötəbər tədbirin Azərbaycanda, xüsusilə də əsas yarışların Gəncədə təşkilinin arxasında həm də mühüm siyasi əhəmiyyət, idman nailiyyətləri, geniş təcrübə dayanır. İlk diqqətçəkən amil, sözsüz ki, illərdir, ölkəmizdə müasir infrastrukturun, o cümlədən də idman infrastrukturunun qurulması, stadionların tikilməsi və beləliklə də mötəbər beynəlxalq tədbirlərə uğurlu ev sahibliyinin yerinə yetirilməsidir. Prezident İlham Əliyev ötən il dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə də respublikamızın təşkilati məsələlərdəki öncüllüyünü vurğuladı, infrastruktur quruculuğu baxımından reallaşdırılan sanballı layihələrə diqqəti çəkdi. Sitat: “Hazırda bizim bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bu idman komplekslərinin bundan sonra da inşası nəzərdə tutulur, müxtəlif bölgələrdə, o cümlədən Qarabağ bölgəsində. Bakı şəhərində ən müasir idman infrastrukturumuz vardır. Biz hələ, təxminən, 10 il bundan əvvəl Bakıda mötəbər Avropa Oyunlarını keçirmişdik. Ondan sonra İslam Həmrəyliyi Oyunlarını keçirmişdik və keçən ay Bakıda COP29 beynəlxalq iqlim konfransı da Olimpiya Stadionunun içində və onun ətrafında keçirilmişdir. Yəni burada da vaxtilə inşa etdiyimiz idman obyektinin – Olimpiya Stadionunun böyük rolu olmuşdu”.
“Əminəm ki, bu Oyunların ev sahibi kimi Azərbaycan idmançıları, gənc idmançılar yaxşı nəticələr göstərəcəklər”
Bəli, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu idman siyasətinin nəticəsidir ki, hazırda ölkəmizin ayrı-ayrı bölgələrində, ümumilikdə, 44 Olimpiya İdman Kompleksi, o cümlədən müxtəlif bölgələrdə, Bakıda, Qarabağda, Gəncədə, Naxçıvanda ən müasir idman infrastrukturu qurularaq gənclərin istifadəsinə verilib. Azərbaycanın ötən illərdə Avropa Oyunlarını, İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil etməsi məhz bu quruculuq siyasətinin uğur göstəriciləridir. Təqdirəlayiq haldır ki, idmançılarımız da yaradılan şəraitdən səmərəli istifadə edərək beynəlxalq arenalarda ölkə idmanının şərəfini layiqincə qoruyur, üçrəngli bayrağımızı zirvələrə ucaldır, Dövlət Himnimizi səsləndirirlər. Bu baxımdan 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu oldu, idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etdi, 1700-ə yaxın medal qazanıldı.
Ötən il, həmçinin sayca 33-cü dəfə keçirilən, 16 gündə 329 dəst medalın öz sahibini tapdığı “Paris-2024” Yay Olimpiya Oyunlarını müstəqilliyinin bərpasının 33-cü ildönümündə respublikamız üçün ən uğurlu idman yarışlarından biri hesab etmək olar. 91 ölkənin idmançılarının fəxri kürsüyə çıxdığı olimpiadada Azərbaycan 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmaqla sıralamada Qazaxıstan, Polşa, Avstriya kimi iddialı komandaları arxada buraxıb 30-cu olmağı bacardı. Bütün bu uğur göstəriciləri belə deməyə əsas verir ki, gənclərimiz ötən illərdə qazandıqları müvəffəqiyyətlərin davamını III MDB Oyunlarında da gətirə biləcək. Ölkə başçısı da gənclərimizə güvənir, onların uğurlu nəticələr qazanacığına əmindir: “Əlbəttə ki, biz təbii olaraq bu Oyunlara da hazırlaşırıq. Əminəm ki, bu Oyunların ev sahibi kimi Azərbaycan idmançıları, gənc idmançılar yaxşı nəticələr göstərəcəklər”.
Nizami yurdu MDB-nin idman paytaxtı missiyasını uğurla yerinə yetirəcək
Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” missiyasını uğurla yerinə yetirmək üçün bu gün dövlətimizin diqqəti, ayrılan maliyyə vəsaiti sayəsində başdan-başa yenilənir. Bu yenilik idman, səhiyyə, nəqliyyat, şəhər quruculuğu, tarixi abidələrin bərpası və digər istiqamətləri əhatə edir. Bütün infrastruktur proyektləri vahid konsepsiya əsasında reallaşdırılır, təşkilati məsələlər ölkə başçısının “III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncamına uyğun aid komitənin nəzarəti altında icra olunur.
İdman infrastrukturunun müasirləşdirilməsi barədə onu da xatırlatmaq yerinə düşər ki, ötən il Gəncədə ölkəmizin ən böyük Olimpiya İdman Kompleksi açıldı. Eyni zamanda dövlət başçısının 2023-cü il 6 oktyabr tarixli Sərəncamına əsasən Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və icrası üçün Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 1 milyon manat ayrılıb. Stadionun layihələndirilməsi artıq tamamlanıb. Yenidənqurma işləri çərçivəsində stadionun ərazisi genişləndirilərək 10 hektara çatdırılacaq. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa ediləcək stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 464 yerlikdir. Eyni zamanda ötən dövrdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə şəhərdə milli-mənəvi dəyərlərin qorunması sahəsində böyük layihələr həyata keçirilib, o cümlədən xalqımızın mədəni irsinin dərindən öyrənilməsində müstəsna əhəmiyyətə malik tarixi abidələr bərpa edilib. Gələcəkdə Şah Abbas və Hüseyniyyə məscidlərində də təmir-bərpa işləri görüləcək. Ümumiyyətlə, şəhərdə bütün infrastruktur layihələri ciddi diqqət, nəzarət və peşəkar yanaşma sayəsində, keyfiyyət amili əsas götürülməklə dünya standartlarına uyğun reallaşdırılır. Məhz bu baxımdan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevanın martın 6-da Gəncə şəhərinə səfəri və görülən işlərlə tanış olmaları da bu qədim yurda onun mötəbər missiyasını müvəffəqiyyətlə yerinə yetirməsi yönündə diqqət və qayğının daha bir göstəricisidir.
Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra Nizami yurdu Gəncənin “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” statusuna layiq görülməsi məhz bu baxımdan ölkəmiz üçün önəmli idman hadisəsi olmaqla bərabər, həm də olduqca mühüm siyasi əhəmiyyət daşıyır. Bildiyimiz kimi, II Qarabağ müharibəsində düşmən qüvvələr respublikamızın ikinci ən böyük şəhərini xüsusi hədəfə aldılar, vandalizm aktı törətdilər. Gəncə 2020-ci il oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif təyinatlı “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket qurğularından endirilən zərbələrə məruz qaldı. Nəticədə, 26 mülki şəxs həlak oldu, 142 dinc sakin yaralandı. Və tarixi zəfərin 5-ci ildönümündə şəhəri bürüyən quruculuq tədbirlərində də bu amil mühüm diqqət mərkəzindədir. Belə ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci ildə Gəncə şəhərinə raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsini əbədiləşdirmək üçün hazırda Gəncə Memorial Kompleksi inşa olunur. Sözsüz ki, Azərbaycan dövləti bu mötəbər tədbirə Gəncənin ev sahibliyi etməsinə nail olmaqla dünya ictimaiyyətinin, eləcə də ölkəmizə üz tutan xarici qonaqların diqqətini əyani formada erməni faşizminə bir daha yönəltməklə respublikamızın haqlı mövqeyini ortaya qoyacaq, ədalət səsini ucaldacaq. Bu mənada, III MDB Oyunları çərçivəsində bir idman növü üzrə yarışların dövlət suverenliyimizin, ərazi bütövlüyümüzün rəmzlərindən sayılan Xankəndidə təşkilinin nəzərdə tutulması təsadüfi deyil, düşünülmüş siyasi gediş, diplomatik addımdır. Digər tərəfdən mötəbər tədbir sayəsində dünyanın bir sıra ölkələrindən vətəndaşlar, idman həvəskarları ölkəmizə üz tutacaq ki, bu da tariximizin, mədəniyyətimizin, eyni zamanda turizm potensialımızın təbliğinə geniş imkanlar açacaq.
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Birinci Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına və COP29 kimi tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyi kimi, III MDB Oyunlarını da peşəkarlıqla və layiqincə keçirməyə müvəffəq olacaq. Bu mötəbər idman hadisəsi respublikamızın növbəti diplomatik nailiyyəti, idman uğuru kimi tarixə düşəcək.
Nail ƏSGƏROV
Digər xəbərlər