NAXÇIVAN :

30 Sentyabr 2026, Çərşənbə

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

...

Sentyabrın 30-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün arasında görüş keçirilib.
"Şərq qapısı" xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf etdirildiyi, mövcud olan strateji müttəfiqliyin və müdafiə sahəsində əməkdaşlığın regional təhlükəsizliyə, dayanıqlı sülhə və sabitliyə dəstək məqsədi daşıdığı xüsusi qeyd edilib.
General-polkovnik Zakir Həsənov və Haluk Görgün müdafiə sahəsində birgə layihələrin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Haluk Görgün qardaş Azərbaycanla hərbi və hərbi-texniki əməkdaşlıq sahələrində əlaqələrin müsbət dinamikasından məmnun olduğunu bildirib.
Beynəlxalq sərgi çərçivəsində Türkiyənin “ASELSAN”, “Baykar”, “Roketsan” və "TUSAŞ" hərbi-sənaye şirkətlərinə məxsus stendlərə baxış keçirilib, nümayiş etdirilən silah, texnika, aviasiya və uçuş vasitələri haqqında Azərbaycan nümayəndə heyətinə ətraflı məlumat verilib. Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb.

Nəşr edilib : 30.09.2026 19:58