Müstəqillik tariximizin unudulmaz günü – Naxçıvan...
23:59 22.07.2026
0
0
1
NAXÇIVAN :
22 Iyul 2026, Çərşənbə
Müasir dünya iqtisadiyyatında xarici investisiyalar ölkələrin davamlı iqtisadi inkişafını təmin edən əsas amillərdən biri hesab edilir. İnvestisiya axınları təkcə maliyyə vəsaitlərinin cəlb edilməsi ilə məhdudlaşmır, eyni zamanda yeni texnologiyaların transferinə, qabaqcıl idarəetmə təcrübəsinin mənimsənilməsinə, istehsalın modernləşdirilməsinə, ixrac potensialının genişlənməsinə və yeni iş yerlərinin yaradılmasına şərait yaradır. Qlobal iqtisadi və geosiyasi proseslərin sürətlə dəyişdiyi bir dövrdə dövlətlər arasında investisiya uğrunda rəqabət daha da güclənib. Belə bir şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl iqtisadi islahatlar, biznes və investisiya mühitinin təkmilləşdirilməsi, sahibkarlığın dəstəklənməsi və iqtisadiyyatın şaxələndirilməsi siyasəti Azərbaycanı regionun ən cəlbedici investisiya məkanlarından birinə çevirib.
Bunu ötən ilin statistik göstəriciləri də təsdiqləyir. Belə ki, 2025-ci ildə xarici rezidentlər tərəfindən Azərbaycan iqtisadiyyatına 6 milyard 595 milyon dollar investisiya yatırılıb. Ölkəmizə yönəldilən investisiyanın həcminə görə birinci yeri 1 milyard 735,8 milyon ABŞ dolları ilə Böyük Britaniya tutub. Növbəti yerlərdə isə Türkiyə (1 milyard 230,85 milyon dollar), Cənubi Kipr (751,1 milyon dollar), Birləşmiş Ərəb Əmirlikləri (404,8 milyon dollar) və İran (375,3 milyon dollar) qərarlaşıb. Xarici investorların maraq göstərdiyi əsas istiqamətlər sırasında kənd təsərrüfatı, qida sənayesi, logistika, tikinti materiallarının istehsalı, kimya və metallurgiya sənayesi, turizm, informasiya-kommunikasiya texnologiyaları, maliyyə xidmətləri, eləcə də bərpa olunan enerji sektoru xüsusi yer tutur.
Azərbaycanın investisiya mühitini fərqləndirən əsas xüsusiyyətlərdən biri burada siyasi və makroiqtisadi sabitliyin qorunmasıdır. Məhz investorlar üçün ən mühüm meyarlardan biri uzunmüddətli iqtisadi proqnozlaşdırmanın mümkün olmasıdır. Azərbaycanda dövlət maliyyəsinin dayanıqlılığı, strateji valyuta ehtiyatlarının yüksək səviyyədə saxlanılması və dövlət borcunun idarə olunması iqtisadi təhlükəsizliyin vacib elementləri kimi çıxış edir. Ölkənin strateji valyuta ehtiyatlarının xarici dövlət borcunu dəfələrlə üstələməsi beynəlxalq investorlar üçün mühüm etimad amillərindən biridir. Prezident İlham Əliyev cari il iyunun 1-də “Bakı Enerji Həftəsi”nin açılış tədbirində çıxışı zamanı bu məsələyə toxunaraq bildirib: “Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də, təqribən, eyni rəqəm səviyyəsindədir. Biz xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Başlanğıcda biz borc götürmək məcburiyyətində idik, lakin sonra strategiyamız borc götürməyi dayandırmaq və borcları ödəmək oldu ki, biz istənilən beynəlxalq maliyyə institutundan asılı olmayaq. Bu gün bizim xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur”. Dövlət başçısının qeyd etdiyi bu göstəricilər Azərbaycanın maliyyə dayanıqlılığının və məsuliyyətli iqtisadi siyasətinin nəticəsi olmaqla yanaşı, ölkənin investisiya cəlbediciliyini artıran mühüm amillərdən biridir. Güclü makroiqtisadi əsaslar, aşağı xarici borc yükü və sabit iqtisadi mühit xarici investorlar üçün əlverişli şərait yaradır, ölkəyə uzunmüddətli kapital qoyuluşlarını stimullaşdırır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda investisiya mühitinin yaxşılaşdırılması istiqamətində aparılan islahatlar son illərdə daha da intensivləşib. Vergi inzibatçılığının sadələşdirilməsi, elektron xidmətlərin genişləndirilməsi, biznesin qeydiyyatı prosedurlarının asanlaşdırılması, gömrük sistemində rəqəmsal həllərin tətbiqi və sahibkarların hüquqlarının müdafiəsi istiqamətində atılan addımlar ölkənin investisiya cəlbediciliyini artırıb. Dövlət xidmətlərinin əksəriyyətinin elektronlaşdırılması investorların vaxt və maliyyə xərclərini əhəmiyyətli dərəcədə azaldır və biznes fəaliyyətinin səmərəliliyini yüksəldir. Hazırda Azərbaycan iqtisadiyyatında özəl sektorun rolu davamlı şəkildə artır. Ümumi daxili məhsulun böyük qismi, məşğul əhalinin əksəriyyəti və qeyri-neft ixracının mühüm hissəsi məhz özəl sektorun payına düşür.
Eyni zamanda ötən ilin sonuna olan məlumata görə, dövlət-özəl tərəfdaşlıq mexanizmləri və aparılan islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4 faiz səviyyəsindədir. 2025-ci ildə qeyri-neft sektoru daha da genişlənib. Qeyri-neft sektorunda ümumi daxili məhsul 92,3 milyard manata çatıb. 2024-cü illə müqayisədə bu, 2,7 faizlik real artımdır. Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, güzəştli maliyyələşdirmə proqramları, sənaye parkları və sənaye məhəllələrinin yaradılması, aqroparkların genişləndirilməsi, həmçinin investisiya təşviqi mexanizmlərinin tətbiqi yerli və xarici investorlar üçün əlverişli əməkdaşlıq imkanları formalaşdırır və Azərbaycanın regional investisiya mərkəzi kimi mövqeyini daha da gücləndirir.
Azərbaycanın əlverişli coğrafi mövqeyi də investisiya mühitinin mühüm üstünlüklərindən biridir. Ölkə Avropa və Asiyanın kəsişməsində yerləşərək Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçısı kimi çıxış edir. Bu mövqe Azərbaycanı beynəlxalq logistika və ticarət mərkəzlərindən birinə çevirir. Xüsusilə son illərdə Orta Dəhlizin əhəmiyyətinin artması fonunda Azərbaycanın tranzit potensialı daha da yüksəlib. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir avtomobil yolları və hava limanları ölkənin logistika imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bu infrastrukturlar xarici investorların istehsal və ixracyönümlü layihələr həyata keçirməsi üçün əlverişli şərait yaradır. Bundan başqa, Azərbaycanın enerji sektoru da xarici investisiyalar üçün əsas istiqamətlərdən biri olaraq qalır. Ənənəvi neft-qaz layihələri ilə yanaşı, son illərdə “yaşıl enerji” sahəsində yeni əməkdaşlıq imkanları formalaşıb. Xəzər dənizinin külək enerjisi potensialı, günəş elektrik stansiyalarının tikintisi və “yaşıl enerji” layihələri beynəlxalq investorların diqqətini cəlb edir.
İnvestisiya mühitinin gücləndirilməsində sənaye parkları və iqtisadi zonalar mühüm rol oynayır. Ələt Azad İqtisadi Zonası, Sumqayıt Kimya Sənaye Parkı, Pirallahı Sənaye Parkı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı, Ağdam Sənaye Parkı və digər sənaye məkanlarında fəaliyyət göstərən rezidentlər üçün tətbiq edilən vergi və gömrük güzəştləri investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə artırır. Bu yanaşma xarici investorların istehsal sahələrində iştirakını genişləndirir, yeni müəssisələrin yaradılmasını sürətləndirir və ixracyönümlü layihələrin həyata keçirilməsinə əlverişli imkanlar açır.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma işləri də investisiya baxımından yeni perspektivlər yaradır. Müasir şəhərsalma prinsipləri əsasında qurulan yaşayış məntəqələri, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, “yaşıl enerji zonaları”nın yaradılması, yeni sənaye və kənd təsərrüfatı layihələri xarici investorların marağını artırır.
Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıq siyasəti də investisiya mühitinə müsbət təsir göstərir. Ölkəmiz bir çox dövlətlərlə investisiyaların qarşılıqlı qorunması və təşviqi haqqında sazişlər imzalayıb, beynəlxalq maliyyə institutları və transmilli şirkətlərlə uğurlu əməkdaşlıq qurub. Bu əməkdaşlıq xarici investorlar üçün hüquqi təminatları gücləndirir və investisiya risklərini minimuma endirir.
Son illərdə rəqəmsal iqtisadiyyatın inkişafı da xarici investisiyalar üçün yeni imkanlar yaradıb. Rəqəmsal hökumət xidmətləri, innovasiya ekosisteminin inkişafı, startap layihələrinin dəstəklənməsi və texnologiya yönümlü sahibkarlığın təşviqi Azərbaycanın regionda innovativ iqtisadiyyat quruculuğu istiqamətində mühüm addımlar atdığını göstərir. Bu proses yüksək texnologiyalar və rəqəmsal xidmətlər sahəsində fəaliyyət göstərən xarici şirkətlərin ölkəyə marağını artırır. Bununla yanaşı, qlobal iqtisadiyyatda baş verən dəyişikliklər və beynəlxalq investisiya bazarlarında artan rəqabət investisiya mühitinin davamlı təkmilləşdirilməsini zəruri edir.
Ümumilikdə, onu vurğulamaq olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində Azərbaycan regionun ən əlverişli investisiya məkanlarından birini çevrilib. Siyasi və makroiqtisadi sabitlik, güclü infrastruktur, əlverişli coğrafi mövqe, müasir logistika imkanları, hüquqi təminatlar, sahibkarlığın dəstəklənməsi, “yaşıl enerji” və rəqəmsal iqtisadiyyat sahələrində yaradılan yeni imkanlar xarici investorların özəl sektora marağını davamlı şəkildə artırır. Xarici investisiyaların artması isə, öz növbəsində, iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, ixrac potensialının genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına və Azərbaycanın regional iqtisadi mərkəz kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Mövcud inkişaf tempi göstərir ki, ölkədə formalaşmış unikal investisiya mühiti yaxın illərdə xarici investorlar üçün cəlbediciliyini daha da artıracaq və özəl sektorun inkişafında mühüm hərəkətverici qüvvə olaraq qalacaq.
Nail ƏSGƏROV
Digər xəbərlər