Yaddaş yaşadıqca yurd da yaşayır
11:44 20.06.2026
0
0
0
NAXÇIVAN :
20 Iyun 2026, Şənbə
Bakı növbəti dəfə İslam dünyasının iqtisadi əməkdaşlıq mərkəzinə çevrildi. İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun, etibarlı tərəfdaş statusunun və qlobal iqtisadi proseslərdə artan rolunun növbəti təsdiqi oldu. Azərbaycan artıq ikinci dəfədir ki, İllik Toplantıya ev sahibliyi edir. Bu fakt Azərbaycanın İslam İnkişaf Bankı Qrupu ilə formalaşdırdığı möhkəm tərəfdaşlığın, yüksək əməkdaşlıq səviyyəsinin və qarşılıqlı etimadın göstəricisidir. Bu, milli maraqlara əsaslanan, qlobal səhnədə bütün iştirakçılarla yaxşı münasibətlərin qurulmasına, uğurlu inkişafa söykənən siyasətin təzahürüdür. Bu gün Azərbaycanın reallığını təşkil edən siyasi, iqtisadi və sosial sabitlik, nəinki inkişafın əsas meyarıdır, o cümlədən regional inkişafın göstəricisidir. Çünki Azərbaycan regional və qlobal səviyyədə güclü əlaqələr sayəsində bir çox aspektlərdə artıq mühüm iştirakçıya çevrilib. Müstəqil xarici siyasət Azərbaycana beynəlxalq ictimaiyyətin güclü dəstəyini qazandırıb. Dünyanın mütləq əksəriyyətinin dəstəyini qazanmaq, yalnız bəyanatlar əsasında deyil, praktiki addımlara əsaslanan hörməti göstərir.
İndi Azərbaycan Avrasiya ölkələrini birləşdirən, xüsusən də enerji təchizat zəncirlərinin etibarlı olmadığı, o cümlədən enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyinə çevrilən əsas amillərdən biri hesab edildiyi bir vaxtda onlara lazımi enerjini təchiz edən irimiqyaslı enerji infrastrukturu layihələrini irəli sürən, maliyyələşdirən və icra edən qlobal sahənin mühüm iştirakçısına çevrilib.
Prezident İlham Əliyevin toplantının açılış mərasimində səsləndirdiyi fikirlər təkcə Azərbaycanın inkişaf yolu haqqında məlumat xarakteri daşımır. Bu çıxış həm də müasir dövrdə İslam dünyasının qarşısında duran vəzifələrə, iqtisadi əməkdaşlığın perspektivlərinə və yeni çağırışlara verilən siyasi baxışın ifadəsidir. Azərbaycanın müstəqillik tarixinin son dövrləri göstərir ki, davamlı inkişaf üçün, ilk növbədə, siyasi sabitlik, düzgün strateji kurs və milli maraqlara əsaslanan idarəçilik modeli tələb olunur. Dövlət başçısının çıxışında vurğuladığı kimi, Azərbaycan bütün çətinliklərə baxmayaraq, iqtisadi müstəqilliyini təmin etməyə, sosial rifahı yüksəltməyə və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməyə nail olub. Bu gün ölkəmiz yalnız öz inkişafını təmin edən dövlət deyil, eyni zamanda regional və qlobal layihələrin həyata keçirilməsində mühüm rol oynayan etibarlı tərəfdaş kimi tanınır.
Azərbaycan infrastruktura yatırdığı sərmayələri yalnız daxili ehtiyacların ödənilməsinə deyil, beynəlxalq əhəmiyyət daşıyan kommunikasiya və nəqliyyat layihələrinin inkişafına yönəldib. Bu yanaşma Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq nəqliyyat qovşağına çevirib, ölkənin əlverişli coğrafi mövqeyini mühüm logistika üstünlüyünə transformasiya edib. Ona görə də bu gün Azərbaycandan keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizləri sayı artmaqda olan ölkələr üçün çox önəmli təchizat marşrutlarını təmin edir. Bu siyasət ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirib, onu müxtəlif sivilizasiyalar, iqtisadi məkanlar və nəqliyyat marşrutları arasında körpüyə çevirib. Bakı artıq təkcə Azərbaycanın paytaxtı deyil, həm də beynəlxalq dialoq və əməkdaşlıq platforması kimi qəbul edilir.
Prezident İlham Əliyevin çıxışında diqqətçəkən məqamlardan biri Azərbaycanın enerji təhlükəsizliyi sahəsində oynadığı rol ilə bağlıdır. Artıq Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir. Bu gün Azərbaycan təbii qazını Avropadan Balkanlara, Qafqazdan Aralıq dənizi hövzəsinə qədər uzanan geniş bir coğrafiyaya nəql edir. Xüsusilə son illərdə Avropada enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması fonunda ölkəmizin rolu daha da artıb. Azərbaycan qazı bir çox dövlətlər üçün enerji mənbələrinin şaxələndirilməsində mühüm amilə çevrilib. Bu isə ölkəmizə olan etimadın və inamın göstəricisidir. Bu göstərici ölkəmizin Avrasiyanın enerji xəritəsində tutduğu mühüm mövqeyin ifadəsidir. Bir neçə il əvvəl enerji təchizatı baxımından alternativlərin məhdud olduğu bir şəraitdə Azərbaycanın həyata keçirdiyi strateji layihələr bu gün bir çox dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsində vacib amilə çevrilib.
Əslində, Azərbaycanın enerji siyasəti təkcə iqtisadi gəlir əldə etmək məqsədi daşımır. Bu siyasət həm də qarşılıqlı etimada və uzunmüddətli tərəfdaşlığa əsaslanan əməkdaşlıq modelidir. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri regionda sabitliyin və iqtisadi inteqrasiyanın möhkəmlənməsinə xidmət edir. Məhz buna görə də Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb.
Açılış mərasimində Prezident İlham Əliyevin diqqət çəkdiyi əsas məsələlərdən biri də nəqliyyat və logistika imkanlarının genişləndirilməsi ilə bağlı idi. Son illərdə ölkəmizdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm tranzit mərkəzinə çevrilməsini təmin edib. Orta Dəhlizin əhəmiyyətinin artdığı bir vaxtda Azərbaycanın bu marşrut üzərindəki strateji mövqeyi daha da güclənir. Cənab Prezidentin dediyi kimi: “Biz Azərbaycanı daha da güclü nəqliyyat-logistika mərkəzinə çevirməyə davam etməliyik. Məqsədimiz Azərbaycan ərazisindən daşınan yüklərin həcmini iki dəfə artırmaqdır. Hazırda bu göstərici, təxminən, 14-15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik. Əlbəttə, bunun hamısı yalnız bizdən asılı deyil. Bu həm geosiyasi vəziyyətdən, həm də regiondakı ümumi şəraitdən asılı olacaq. Lakin bunlar bizim planlarımızdır”.
Bu gün dünyada iqtisadi inteqrasiyanın əsas şərtlərindən biri etibarlı nəqliyyat əlaqələrinin mövcudluğudur. Azərbaycan isə öz coğrafi üstünlüklərini müasir infrastrukturla birləşdirərək yeni əməkdaşlıq imkanları yaradır. Bu baxımdan, İslam İnkişaf Bankı Qrupunun toplantısında regional inteqrasiya məsələlərinin ön plana çıxarılması təsadüfi deyil.
Müasir dövrdə İslam ölkələrinin qarşısında duran əsas vəzifələrdən biri iqtisadi potensialın birgə səylərlə daha səmərəli istifadəsidir. İslam İnkişaf Bankı Qrupu da məhz bu məqsədə xidmət edən mühüm beynəlxalq maliyyə institutlarından biridir. Azərbaycanın bu qurumla uzun illər ərzində formalaşdırdığı əməkdaşlıq münasibətləri ölkəmizin inkişafına əhəmiyyətli töhfələr verib. Bu gün isə yeni dövrün reallıqları daha geniş əməkdaşlıq imkanları yaradır.
Azərbaycanın iqtisadi gücü və beynəlxalq tərəfdaşlıq imkanları təkcə mövcud layihələrin genişlənməsinə deyil, həm də postmünaqişə dövrünün quruculuq proseslərinə xidmət edir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri yeni investisiya istiqamətləri formalaşdırır. Qarabağ və Şərqi Zəngəzurda qurulan müasir infrastruktur, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, “yaşıl enerji” konsepsiyası Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelinin tərkib hissəsidir. Bu layihələr həm də beynəlxalq maliyyə institutları üçün yeni əməkdaşlıq imkanları açır.
Prezident İlham Əliyevin Cənubi Qafqazda yaratdığı sülh və əməkdaşlıq mühiti keçirilən tədbirin əsas mövzularından birinə çevrildi. Bununla belə tarixi yaddaş daim yaşayacaq. Cənab Prezidentin sözləri ilə desək: “Artıq, təxminən, bir ilə yaxındır ki, biz sülh şəraitində yaşayırıq və bunun müsbət nəticələrini görürük. Ermənistanın işğalçı qüvvələrinin xalqımıza və şəhərlərimizə qarşı törətdiklərini heç vaxt unutmayacağıq. Onların 65 məscidi dağıtmasını, xalqımızın dini hisslərini təhqir etmək məqsədilə məscidlərdə, o cümlədən donuz saxlamalarını heç vaxt unutmayacağıq. Biz Xocalı soyqırımını da heç vaxt unutmayacağıq. Lakin gələcəyə baxmağı bacarmalıyıq. Biz qisasımızı döyüş meydanında aldıq və bu kifayətdir. Müharibə dayanmalı idi və onu dayandıran da biz olduq. Güclü tərəf olaraq biz müharibəyə son qoyduq və sülh təklif etdik. Beləliklə, bu gün sülh artıq reallıqdır”.
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarında Bakıdan verilən mesaj aydındır: qarşılıqlı etimad, ortaq maraqlar və dayanıqlı inkişaf üzərində qurulan əməkdaşlıq gələcəyin ən etibarlı yoludur. Azərbaycan isə bu yolun təşəbbüskarlarından biri kimi həm İslam dünyasının, həm də daha geniş coğrafiyanın inkişaf gündəliyinə töhfə verməyə davam edir.
Məmməd BABAYEV
Digər xəbərlər