Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
Tarixboyu həm ailənin mənəvi dayağı, həm də cəmiyyətin səssiz, lakin güclü aparıcı qüvvəsi olmuş Azərbaycan qadını öz müdrikliyi, işgüzarlığı, ayıq-sayıqlığı, çevikliyi, düzgün qərar qəbul etmək bacarığı ilə keçmişimizin parlaq səhifələrini yazmışdır. Müasir dövrümüzdə isə bu obraz ənənəvi çərçivələri aşaraq daha geniş məna kəsb edir. Müasir Azərbaycan qadını həm milli-mənəvi dəyərlərin qoruyucusu, həm də ictimai-siyasi proseslərin fəal iştirakçısıdır. Onun mövqeyi bu gün cəmiyyətin inkişaf səviyyəsinin göstəricilərindən birinə çevrilmişdir.
Azərbaycan qadınlarının fəallığı müasir dövrlə məhdudlaşmır. Bunun möhkəm ənənələri var. Sələflərimiz də tarixin ayrı-ayrı dövrlərində öz fəallıqları ilə seçilmişlər. Müxtəlif mərhələlərdə məğrur hökmdar Tomris, Nüşabə, şərəfinə möhtəşəm abidə ucaldılmış Möminə xatun, şərqin ilk diplomat qadını Sara xatun, Xurşidbanu Natəvan Azərbaycan qadınının parlaq simasını tariximizə qızıl hərflərlə həkk etmişlər. Bu qadınlar öz fəaliyyətləri ilə əfsanəyə çevrilərək xalqın yaddaşında ömürlük iz buraxmışlar.
Bu gün haqqında fəxrlə danışdığımız Azərbaycan qadınının ictimai statusu birdən-birə və təsadüfi şəkildə formalaşmamışdır. Bunun üçün ziyalılarımız uzun müddət mübarizə aparmışlar və bu mübarizənin ön sıralarında xanımlarımız da olmuşdur. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçki hüququ verərək Şərq dünyasında yeni bir səhifə açdı. Bu qərar yalnız siyasi akt deyildi. Bu, qadının cəmiyyətin tamhüquqlu üzvü kimi tanınmasının rəmzi idi. Bu tarixi addım həm də qadınların sonrakı mərhələdə inkişafına öz güclü təsirini göstərdi və onların təhsil almasına, ictimai fəaliyyətə qoşulmasına və peşəkar sahələrdə özünü təsdiq etməsinə zəmin yaratdı.
Ölkədə qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev həyatın bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə təkan verdi, lider qadınlar yetişdirdi. Ulu Öndərin qadın siyasəti Azərbaycan dövlət quruculuğu prosesində mühüm istiqamətlərdən biri oldu. Onun rəhbərliyi dövründə qadınların ictimai-siyasi, sosial və mədəni həyatda rolunun artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən idi. Heydər Əliyev çıxışlarında dəfələrlə vurğulayırdı ki, Azərbaycan qadını tarixən cəmiyyətin aparıcı qüvvələrindən biri olmuşdur. Onun siyasəti nəticəsində qadınların dövlət idarəçiliyində, parlamentdə, təhsil və elm sahəsində təmsilçiliyi artmağa başladı. Bu siyasət yalnız sosial müdafiə ilə məhdudlaşmırdı. Əsas məqsəd qadını aktiv vətəndaş, idarəçi və intellektual potensial kimi cəmiyyətə qazandırmaq idi. Heydər Əliyevin qadın siyasətində milli-mənəvi dəyərlərin qorunması xüsusi yer tuturdu. O, qadını həm ailənin təməli, həm də cəmiyyətin inkişafında aparıcı qüvvə kimi dəyərləndirirdi. Bu yanaşma ənənə ilə müasirliyin uzlaşdırılması prinsipi üzərində qurulmuşdu. Nəticə olaraq Azərbaycan qadını artıq, sadəcə, ailə çərçivəsində deyil, dövlət quruculuğu prosesində də iştirak etməyə başladı. Dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Qadınların siyasi və inzibati strukturlarda təmsilçiliyi artır, onların sosial, humanitar və mədəni təşəbbüsləri geniş ictimai rezonans doğurur. Qadın liderlər öz humanitar layihələri, mədəniyyət və sosial sahədə təşəbbüsləri ilə çıxış edirlər. Milli Məclisdə, icra strukturlarında, bələdiyyələrdə çalışan qadınların sayının artması, sadəcə, statistik göstərici deyil, ictimai şüurun transformasiyasının nəticəsidir.
Müasir Azərbaycan qadınının ən fəal olduğu sahələr içərisində elm və təhsil ən ön sıralardadır. Bu həm tarixi, həm də müasir kontekstdə çox aktualdır. XX əsrdən başlayaraq qadınların elmi fəaliyyəti artıq sistemli xarakter almağa başladı. Bu dövrdə Azərbaycanın ilk qadın alimləri yetişdi ki, onlar tibb, pedaqogika, filologiya və kimya sahələrində daha çox fəallıq nümayiş etdirirdilər. Onların nümunəsində artıq Azərbaycan qadınının təkcə ailə institutunun daşıyıcısı deyil, həm də elmi düşüncənin formalaşdırıcısı olduğunu söyləmək mümkündür.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra qadınların elmdə iştirakı daha da genişlənmişdir. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası sistemində yüzlərlə qadın elmi işçi fəaliyyət göstərir. Onların bir qismi elmlər doktoru, professor, laboratoriya və institut rəhbəridir. Bu da onu deməyə əsas verir ki, elm sahəsində böyük uğurlara imza atmış Azərbaycan qadını bu gün həm alim, həm müəllim, həm tədqiqatçı, həm də gələcək nəsillərin elmi dünya görüşünün formalaşdırıcısıdır.
Bu gün qadınlar Azərbaycanın iqtisadi həyatında da fəal iştirak edirlər. Ölkənin iqtisadi yüksəlişinə töhfə verən qadınların sahibkarlıq fəaliyyəti həm də ailə modelinə, övladların təhsil imkanlarına yeni çalarlar gətirmişdir. Kiçik və orta biznes subyektlərinə rəhbərlik edən qadınlar regionların sosial-iqtisadi inkişafında da iştirak edirlər. İqtisadi fəallıq qadına öz potensialını reallaşdırmaq, sosial statusunu möhkəmləndirmək imkanı verir. Bu həm də cəmiyyətdə gender bərabərliyinin real təzahürüdür. Nəticə olaraq qadın həm peşəkar fəaliyyət göstərir, həm də ailə institutunun əsas dayağı olaraq qalır.
Beləliklə, müasir Azərbaycanın ictimai həyatında qadının mövqeyi yüksələn xətt üzrə inkişaf edir. Bu gün Azərbaycan qadını qərar qəbul edir, fikir formalaşdırır, dəyər yaradır və gələcəyin istiqamətini müəyyənləşdirir. O həm ənənəni qoruyan, həm də yeniliyi yaradan qüvvə kimi cəmiyyətimizin sabitliyinin və tərəqqisinin əsas dayaqlarından biridir.
Nuray ƏLİYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
filologiya elmləri doktoru
Digər xəbərlər