NAXÇIVAN :

26 Avqust 2026, Çərşənbə

Azərbaycanın hərbi və diplomatik qələbəsinin nəticəsi Azad Laçın

...

Azərbaycan Bayrağı Laçında əbədi dalğalanacaq

“Bu gün avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!” 2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımıza Laçın şəhərinin azad olunması ilə bağlı müjdəli xəbəri verdi. İki il əvvəl qazanılmış Zəfərin real nəticəsi olaraq həmin gün biz də illərdir, həsrətində olduğumuz Laçına qovuşduq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı. Dövlət başçısı həmin gün qarşıdakı hədəfi də açıqladı: “İndi isə vaxt gəlib çatıb ki, biz Laçın şəhərini bərpa edək. Əminəm ki, biz buna tez bir zamanda nail olacağıq. Çünki Vətən müharibəsindən sonra bu günə qədər keçən dövr ərzində gördüyümüz işlər –  genişmiqyaslı quruculuq və bərpa işləri göstərir ki, biz öz diyarımızı, Vətənimizi öz hesabımıza bərpa edirik və edəcəyik”.

Laçın özünün yeni tarixi mərhələsində

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər edir, burada aparılan bərpa-quruculuq işləri ilə tanış olur, yeni layihələrin əsasını qoyur və həyata keçirilən işlərin gedişini diqqətdə saxlayır. 2020-ci ildə Laçını döyüşsüz azad edən Ali Baş  Komandan bu gün həmin torpaqlarda həyata keçirilən nəhəng quruculuq prosesinə rəhbərlik edir. Dövlət başçısının Laçına səfərləri şəhərin və ətraf kəndlərin yenidən qurulması, infrastruktur layihələrinin icrası, “yaşıl enerji” obyektlərinin, su anbarlarının və Laçın Beynəlxalq Hava Limanının yaradılması ilə yadda qalıb.
2023-cü il avqustun 25-də Laçın rayonuna səfəri zamanı Prezident İlham Əliyev “AzərEnerji” ASC-nin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib. 2025-ci il mayın 27-28-də isə Laçın şəhərində “LATIFA” tikiş fabrikinin açılışına, “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasiminə qatılıb, sakinlərlə görüşüb. Həmin səfər çərçivəsində Laçın Beynəlxalq Hava Limanının açılışı da baş tutub. Bu hadisə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş tarixi Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən sistemli və məqsədyönlü bərpa-quruculuq strategiyasının növbəti mühüm mərhələsi kimi qiymətləndirilir.
Laçın Beynəlxalq Hava Limanı yalnız nəqliyyat və logistika imkanlarını genişləndirən infrastruktur layihəsi deyil. O, Azərbaycanın dövlət suverenliyinin və ərazi bütövlüyünün yeni reallıqlar fonunda daha bir əyani ifadəsidir. Hava limanının istifadəyə verilməsi Laçının regi­onal nəqliyyat əlaqələrində mövqeyini gücləndirməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun ölkənin iqtisadi və nəqliyyat məkanına daha sıx inteqrasiyasına xidmət edir.
Dövlətimizin başçısı Laçına növbəti səfəri zamanı burada aparılan quruculuq işlərindən bəhs edərək deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.

Quruculuq və qayıdış davam edir

Prezident İlham Əliyevin müvafiq   Sərəncamı ilə təsdiq edilən Böyük Qayıdışla bağlı 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramının əsas hədəfi ilk beşillikdə 34 min 500 ailənin azad edilmiş ərazilərə köçürülməsidir. Bu istiqamətdə məqsədyönlü tədbirlər ardıcıl şəkildə həyata keçirilir. Yeni infrastrukturun qurulması, yaşayış evlərinin tikilməsi, yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində  görülən işlər 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın doğma yurdlarına qayıdışının davamlı xarakter aldığını göstərir.
Laçınlıların doğma yurda qayıdışına 2023-cü il mayın 28-dən başlanılıb. Köçürülən ailələrin vaxtilə yaşadıqları ərazilərdə bərpa və ya yenidən inşa edilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
Laçında aparılan genişmiqyaslı quruculuq işləri şəhərin təbii landşaftı və tarixi siması nəzərə alınmaqla həyata keçirilir. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş, tarixən mövcud olmuş, təxminən, 258 hektarlıq məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Şəhərdə əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də mühüm layihələr icra olunur.
“Böyük Qayıdış” proqramı çərçivəsində Laçın rayonuna və şəhərinə daimi yaşayış üçün köçürülən sakinlərin ümumi sayı 3600 nəfərə yaxındır. Rayonda daimi çalışan və xidmət göstərən şəxslərlə birlikdə burada yaşayanların sayı isə, təqribən, 4500-5000 nəfər təşkil edir.
Prezident İlham Əliyev cari il iyulun 11-də Laçında Hoçaz çayı üzərində  “Ağbulaq-1”, “Ağbulaq-2” və “Şeylanlı” Su Elektrik stansiyalarının açılışında iştirak edib, həmçinin “Həkəriçay” su anbarının təməlini qoyub. Bu layihələr də göstərir ki, işğaldan azad edilmiş ərazilərdə quruculuq prosesi yalnız yaşayış məntəqələrinin bərpası ilə məhdudlaşmır, iqtisadi, enerji və su təhlükəsizliyini əhatə edən kompleks inkişaf strategiyası əsasında davam etdirilir.
Xalqımız Azərbaycanın hərbi və diplomatik qələbəsinin nəticəsi kimi tarixləşən 26 avqustu – Laçın Şəhəri Gününü böyük qürur və sevinclə qeyd edir.
Bu gün Şərqi Zəngəzurun, xüsusilə Laçının yeni siması müstəqilliyimizin nə qədər güclü, dövlətimizin nə qədər qüdrətli olduğunu bir daha nümayiş etdirir. Laçın həm də insanlarımızın öz doğma yurdlarına bağlılığının, illərlə qorunan qayıdış arzusunun gerçəyə çevrildiyinin canlı nümunəsidir.
Azərbaycan xalqı görür ki, dövlətimiz müharibədə də qələbə qazandı, sülh və quruculuq mərhələsində də öz gücünü nümayiş etdirir. Bu gücün təməlində isə xalqın iradəsi, dövlət-xalq birliyi və   Vətənə bağlılıq dayanır.
Prezident İlham Əliyevin dediyi kimi: “Müharibədə də zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir”.
Laçının azadlığı bu birliyin tarixi nəticəsi, onun bugünkü dirçəlişi isə həmin zəfərin davamıdır. Azərbaycan Bayrağı Laçında əbədi dalğalanacaq.

Ramiyə ƏKBƏROVA 
 

Nəşr edilib : 26.08.2026 09:05